Cənubi Koreya Moskva-Pxenyan əlaqələrini diqqətlə izləyəcək

post-img

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya son səfəri ABŞ və onun müttəfiqlərini ciddi şəkildə təşvişə salıb. Qərb müttəfiqlərini Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın nə qədər uzağa gedə biləcəyi ilə maraqlandırır. Cənubi Koreya hətta Rusiya KXDR-i yüksək dəqiqlikli silahlarla təmin edərsə, Ukraynaya öldürücü silahların çatdırılmasına başlaya biləcəyini bəyan edərək, cavab tədbirləri görməyə hazır olduğunu bildirib. 

Vladimir Putinin Pxenyana səfəri ABŞ, Yaponiya və Cənubi Koreyanın qəzəbli şərhlərinə səbəb olub. Rusiya ilə KXDR arasında hərtərəfli strateji əməkdaşlıq haqqında sazişin imzalanması hər üç ölkəni narahat edir. Xüsusən, tərəflərdən birinə hücum zamanı hərbi yardımın göstərilməsi, “ekstraterritorial xarakterli birtərəfli məcburi tədbirlərə” birgə müqavimət göstərməyə hazır olmaq, həmçinin elmi və texnologiya, kosmos, nüvə enerjisi və süni intellektin dinc məqsədlərlə istifadəsi məsələlərin ikitərəfli əməkdaşlığın prioritet istiqamətlər elan edilməsi ABŞ və müttəfiqlərini əndişələndirir. Bütün bunlar müttəfiqlər arasında Rusiyanın Şimali Koreyaya nüvə silahını və onun çatdırılması vasitələrini təkmilləşdirməyə kömək edəcəyinə dair şübhələri artırıb.

Lakin daha böyük rezonansa Vladimir Putinin ötən cümə axşamı Hanoyda Rusiyadan KXDR-ə yüksək dəqiqlikli silahlar göndərəcəyini istisna etmədiyi barədə açıqlaması səbəb olub. Rusiya prezidenti açıq şəkildə bildirib ki, Moskva Ukraynaya Qərb silahlarının, o cümlədən F-16 qırıcılarının tədarükünə cavab verə bilər. Eyni zamanda, Rusiya lideri məsələyə belə aydınlıq gətirib ki, Seulun narahat olacağı heç nə yoxdur, çünki imzalanmış saziş yalnız sazişi imzalayan dövlətlərdən birinə qarşı təcavüz halında yardımı nəzərdə tutur. “Mən bildiyimə görə, Koreya Respublikası KXDR-ə qarşı təcavüz planlaşdırmır, bu o deməkdir ki, bizim bu sahədə əməkdaşlığımızdan qorxmaq lazım deyil”, - Rusiya prezidenti bildirib. 

Ancaq bu izahatdan sonra da gərginliyin intensivliyi azalmadı. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin sözlərinə görə, Pxenyana Rusiya silahlarının verilməsi "əlbəttə ki, Koreya yarımadasında sabitliyi pozacaq". Yaponiya da Moskva və Pxenyan arasında hərbi əməkdaşlıqdan narahatlığını bildirib. Lakin ən sərt reaksiyanı Seul verdi. Cənubi Koreya hakimiyyəti Rusiyaya qarşı ixrac məhdudiyyətlərini daha 243 maddə ilə genişləndirmək planlarını açıqladı və daha sonra Ukraynaya silah tədarükü ilə bağlı mövqelərinə yenidən baxa biləcəklərini vurğuladı.Yada salaq ki, əvvəllər Seul ABŞ-ın güclü təzyiqlərinə baxmayaraq, Kiyevə yalnız humanitar yardım və müdafiə xarakterli silahlar, məsələn, minatəmizləmə avadanlığı ilə təmin edib və bunu müharibə bölgələrinə öldürücü silahların tədarükünə qanuni qadağa qoyulmasını əsas gətirib. İndi Seul birbaşa bildirir ki, Kiyev müəyyən şəraitdə öldürücü silahlar əldə edə bilər.

"Əgər bu baş verərsə, o zaman biz də Cənubi Koreyanın hazırkı rəhbərliyini razı sala bilməyəcək müvafiq qərarlar qəbul edəcəyik", - Vladimir Putin ötən cümə axşamı bu bəyanatlara cavab vermişdi. Öz növbəsində, ötən cümə günü Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın bu ölkədəki səfiri Qriqori Zinovyev respublika nazirinin birinci müavini Kim Honq Kyunla görüşündə bildirmişdi ki, Rusiya özünə qarşı təhdid və şantajı qəbul etmir.

Ancaq qarşılıqlı diplomatik bəyanatlar savaşı bununla yekunlaşmadı. Ötən bazar günü Seul bir daha bəyan etdi ki, əgər Rusiya Şimali Koreyanı dəqiq silahlarla təmin edərsə, Cənubi Koreya Ukraynaya göstərəcəyi yardımla bağlı heç bir öhdəlik götürməyəcək. Koreya Respublikasının milli təhlükəsizlik üzrə müşaviri Çanq Ho-jin KBS telekanalında deyib ki, hər şey Rusiyanın nə edəcəyindən asılıdır. ABŞ rəsmilərinin sözlərinə görə, Pxenyan Moskvadan döyüş təyyarələri, yer-hava tipli raketlər, zirehli maşınlar, ballistik raketlərin istehsalı üçün material və avadanlıq almaq istəyir.

Siyasi müşahidəçilərin sözlərinə görə, Moskva və Pxenyan arasında münasibətlərin güclənməsi Cənubi Koreya silahlarının Ukraynaya düşməsi təhlükəsi riskini daha da artırıb. “Şimali Koreyanın silahları Rusiyaya bir növ müharibəni dəstəkləməyə kömək edir, lakin Cənubi Koreyanın silahları münaqişənin bütün mənzərəsini dəyişə bilər. Cənubi Koreyanın silah istehsal etmək qabiliyyəti Şimali Koreya ilə müqayisə oluna bilməz”, - Koreya Milli Birlik İnstitutunun baş elmi işçisi Ço Han Beom “Amerikanın səsi” radiostansiyasına müsahibəsində bildirib. Qeyd etmək yerinə düşər ki, Cənubi Koreya silah ixracına görə dünyada doqquzuncu yerdədir. Eyni zamanda, son illər ölkə ixrac imkanlarını ciddi şəkildə artırır. Koreya Sənaye İqtisadiyyatı və Ticarət İnstitutunun hesablamalarına görə, Cənubi Koreyanın müdafiə ixracatı 2027-ci ilə qədər təxminən 23,4 milyard dollar olacaq ki, bu da 2021-ci ilə nisbətən 87 faiz artım deməkdir.

Eyni zamanda, Amerika və əksər Avropa istehsalçıları strateji silahlara, yüksək dəqiqlikli döyüş sursatlarına və digər qabaqcıl müdafiə texnologiyalarına keçdilərsə, Cənubi Koreya özüyeriyən silahlar, zirehli maşınlar və tanklar kimi daha ənənəvi silah növlərinə diqqət yetirir və bu işdə son dərəcə rəqabətlidir. Habelə Seul əlverişli və etibarlı silahları tez bir zamanda təmin edən tərəfdaş kimi tanınır. Məsələn, son iki il ərzində dünyanın doqquz ölkəsi Koreyanın aparıcı müdafiə podratçısı "Hanwha Aerospace Co"dan K9 özüyeriyən haubitsaları alıb ki, onlar təxminən 180 günə yığılır. Bu da rəqiblərin oxşar silahlarından iki-üç dəfə tez hazırlanması deməkdir və təxminən 3,5 milyon dollara başa gəlir ki, bu da bütövlükdə bazarda təklif olunan eyni silah növlərindən xeyli ucuzdur.

Cənubi Koreyanın müdafiə sənayesinin uğurunun göstəricisi kimi keçən il bu Cənubi Koreya şirkətinin Avstraliyanı 129 tankla təchiz etmək hüququ uğrunda mübarizədə alman rəqibi "Rheinmetall AG"ni məğlub etməyi bacarması hesab edilə bilər. "Bloomberg" xatırladır ki, təxminən 3,3 milyard dollar dəyərində olan bu müqavilə Avstraliya tarixindəki ən böyük hərbi sifarişlərdən biri sayılır. Mütəxəssislərin sözlərinə görə, Cənubi Koreya bir neçə növ artilleriya silahı istehsalçısıdır - bunlar K9 haubitsaları və xüsusiyyətlərinə görə HIMARS-a bənzəyən çoxsaylı buraxılış raket sistemləridir. O, hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçısıdır və Cənubi Koreya, həmçinin qısa mənzilli ballistik raketlər, tank əleyhinə silahlar və yüngül reaktiv döyüş təyyarələri istehsal edir.  Eyni zamanda, ekspertlər düşünürlər ki, Cənubi Koreya eskalasiyada maraqlı deyil. Amma Seul Rusiya-KXDR əlaqələrində baş verəcən istənilən dəyişikləri diqqətlə izləyəcək. Seulu narahatlığı doğuran hər hansı bir məqam aşkarlanarsa, Ukrayna istiqamətində fəaliyyətini gücləndirəcək.

S.ELAY

XQ

 

 

 

Dünya