Media: ABŞ və Çin nüvə silahını müzakirə ediblər

post-img

Çin və ABŞ beş ildə ilk dəfə mart ayında Şanxayda nüvə silahı ilə bağlı məsələlər üzrə qeyri-rəsmi məsləhətləşmələr keçirib.

Reuters-in Amerika nümayəndə heyətinin üzvlərinə istinadən verdiyi məlumata görə, bu təmasları Havaydakı Sakit Okean Forumu analitik mərkəzinin prezidenti Devid Santoro təşkil edib. Onlarda ABŞ tərəfdən bir neçə keçmiş məmur və tədqiqatçı, Çin tərəfdən isə alim və analitiklər, o cümlədən istefada olan hərbçilər iştirak ediblər.

Agentliyin məlumatına görə, məsləhətləşmələrdə Çin nümayəndə heyəti əmin edib ki, Tayvanla bağlı münaqişə yaranarsa, Çin nüvə silahından istifadə ilə bağlı hədələrə əl atmayacaq. "Onlar Amerika tərəfinə nüvə silahından istifadə etmədən Tayvan ətrafında adi silahlarla qarşıdurmada qalib gələ biləcəklərinə tam əmin olduqlarını söyləyiblər", - məqalədə D.Santoronun sözlərinə yer verilib.

Onun sözlərinə görə, Çin nümayəndə heyəti, həmçinin əmin olduğunu bildirib ki, Pekin ABŞ-la “nüvə paritetini təmin etməkdə maraqlı deyil".

Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, onun əməkdaşları bu məsləhətləşmələr barədə məlumatlı olsalar da, bu məsləhətləşmələrdə iştirak etməyiblər. Amerika Xarici Siyasət Departamenti bu cür təmasları faydalı adlandırıb, lakin onların rəsmilərin görüşlərini əvəz edə bilməyəcəyini vurğulayıb.

S.ELAY

XQ

Dünya