Türkiyə daha beş terrorçunu zərərsizləşdirib

post-img

Türkiyə jandarmının xüsusi təyinatlıları ölkənin şərqində və cənub-şərqində 5 silahlı PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə iyunun 20-də Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib. Xəbəri “Anadolu” verib. 

Nazirin sözlərinə görə, terrorçular “Bozdoğan-43” əməliyyatı çərçivəsində Doğubayazit rayonu (Ağrı vilayəti) və Hasankeyf rayonunun Palamut kəndi (Batman vilayəti) yaxınlığında zərərsizləşdirilib. Əməliyyat Türkiyə xüsusi xidmət orqanlarının dəstəyi ilə keçirilib və Türkiyə aviasiyasının ATAK təyyarələri, helikopterləri və pilotsuz hücum təyyarələri cəlb olunub.

Nazirin sözlərinə görə, zərərsizləşdirilən terrorçulardan biri, “Şehmus Malazgirt” ləqəbli Yılmaz Öner Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan xüsusilə təhlükəli terrorçuların “qırmızı” siyahısında olub. O, Türkiyədə 27 asayiş keşikçisi və 4 mülki vətəndaşın həyatına son qoyan 18 terror aktının təşkilində iştirak edib.

Palamut kəndi yaxınlığında "Şervan Botan" ləqəbli Şakir Erdemci, "Elem" ləqəbli Həzrət Kaçar, "Nurhak" ləqəbli Nurettin Tekin və "Ahin" ləqəbli Zeynep Özkan zərərsizləşdirilib. Yerlikaya deyib ki, onlardan üçü idarənin “narıncı” siyahısında olub.

Nazir Türkiyə hüquq-mühafizə orqanlarının terrorla mübarizəni sona qədər davam etdirmək əzmində olduğunu vurğulayıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya