Plutonun qalın buz təbəqəsinin altında okean var. Bu barədə ilk məlumatı “New Horizons” kosmik aparatı verib. Aparat Plutonun yaxınlığından keçən zaman onun üzərində yeraltı okean olduğuna dair dəlillər tapıb.
“Plutonun okeanı azot, metan və su buzunun qalın xarici qabığının altında yaxşı gizlənir. Biz onu heç vaxt kosmik gəmidən görə bilməyəcəyik. Lakin NASA-nın “Yeni üfüqlər” missiyasının aparatları səthin dərin qatlarında okeanı aşkar edə bildi”, – deyə alimlər bildiriblər.
Xatırladaq ki, 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində 9-cu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27 faiz böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uyğun gəlmədiyindən planet kateqoriyasından kənarda qaldı.
PÜNHAN
XQ