“Dəyirmanlar kralı” Ağabala Quliyev

post-img

Onun haqqında ilk dəfə Bakı kəndlərinin yaşlı adamlarından eşitmişdim. Deyirdilər ki, min bir əziyyət bahasına özünə gün-güzəran qurub. İllər ötüb, zəhmətsevərliyi ona şöhrət gətirib. Milyonçu olub. O dövrlərdə onun adı çox məşhurlaşıb. Amma ömrünün son günləri təbəddülatlarla keçib... 

Ağabala Hacıqulu oğlu Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində anadan olub. Ailələ­ri yoxsulluq içərisində yaşayıb. Atası aftafa düzəldib satmaqla məşğul olub. Ailənin dolanı­şığı o qədər ağır olub ki, Ağabala kiçik yaşla­rından bazarda işləməyə məcbur olub. O, ana­sının bişirdiyi qutabları satmaqla evə gündəlik ruzi gətirib. 

Bir müddət sonra Ağabala şəhərdəki böyük dəyirmanların birində fəhləlik etməyə başlayıb. İlk vaxtlar çətinliklərlə üzləşsə də, burada çalış­dıqca qarşısında yeni yollar açılıb. O, işgüzar­lığı ilə dəyirman sahibi, erməni milyonçusu Ta­tasovun etimadını qazanıb. Buna görə Tatasov 16 yaşlı Ağabalanı öz dəyirmanına müdir təyin edib. Dəyirman müdiri işləməyə başlayandan sonra Ağabalanın qazancı xeyli artıb. O, bir qə­dər sərmayə toplayandan sonra müstəqil fəa­liyyət göstərməyə qərar verib. 

Ağabala yaxşı bilirdi ki, dəyirmanı olan kənd çörəkli sayılır. Bu məqsədlə doğma kəndi Keşlədə köhnə bir dəyirman alıb. Dəyirmanı işə salmaq elə də asan olmayıb. İmkanlı bir iş ada­mından sələmə pul götürüb. Köhnə dəyirman üçün yeni texnika alıb və dəyirmanın fəaliyyə­tini bərpa etdirib. Günlər keçdikcə Ağabalanın dəyirmanının üyütdüyü una böyük tələbat ya­ranıb. Hətta Tağıyev və Sadıxov kimi milyon­çuların dəyirmanları gücünə və üyütdüyü unun keyfiyyətinə görə Keşlədəki dəyirmandan geri qalıb. Qeyd etmək yerinə düşər ki, Ağabala­ya məxsus dəyirmanlar Rusiyanın Stavropol, Krasnodar və Rostov şəhərlərindən Bakıya vaqonlarla gətirilən yüksək növ taxılla təmin olunurdu.

...Tezliklə Ağabala Quliyev təkcə Bakının deyil, bütün Qafqazın “Dəyirmanlar kralı”­na çevrilib. Daha sonra Rusiyanın ayrı-ayrı şəhərlərində tikdirdiyi dəyirmanlar ona şöhrət qazandırıb. Onun adı o illərdə artıq məşhur milyonçular Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Əjdər bəy Aşur­bəyov, İsa bəy Hacınskinin adı ilə yanaşı çə­kilirdi. 

Vikipediyada onun haqqında oxuyuruq: “Yalnız Bakıda deyil, İran, Şimali Qafqaz və Rusiyada da dəyirmanlar sahibi, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən, Bakının “inhi­sar padşahları”ndan biri olan Ağabala Quliyev milli memarlıq ənənələrində ev inşa etdirməyi qərara alır. O, şəhər tikililərində istifadə olunan Avropa dəbinə qarşı etirazını bildirərək, məş­hur memar Y.Y.Skibinskini Bakıya dəvət edib və ona layihə sifariş edib. Ondan Şirvanşahlar sarayı, bütövlükdə, Yaxın Şərq və ərəb memar­lığı ənənələrindən bəhrələnməyi tələb edib. Skibinski yeni binanın layihəsini qısa müddətdə işləyərək hazırlayıb”. 

Qısa müddətdən sonra Bakıda Ağabala Quliyevin gözəlliyi hər kəsi heyrətləndirən son dərəcə yaraşıqlı evi inşa edilib. Bina Skibinski­nin yaradıcılığında mühüm əhəmiyyət tutmaq­la, Azərbaycan milli memarlığının ən yaxşı nü­munələrindən biri kimi dəyərləndirilir.

Təsadüfi deyil ki, Ş.Fiqarov-Fətullayev qeyd edir ki, Ağabala Quliyevin evinin memarlı­ğının təsiri altında 1898–1901-ci illərdə Nikola­yevskaya (indiki “İstiqlaliyyət”) küçəsində digər məşhur memar V.Qoslavskinin layihəsi əsa­sında H.Z.Tağıyevin “Qızlar məktəbi”nin binası inşa edilmişdir. 

Hörmətli oxucu, Ağabala Quliyev haqqında məlumatları araşdırarkən bir çox maraqlı fakt­lara rast gəldim. Məsələn, sən demə, məşhur Molla Nəsrəddinçi rəssam Əzim Əzimzadə Qu­liyevin dəyirmanlarından birində fəhləlik edib. Sonralar onun fitri istedadını görən milyonçu Ağabala Quliyev Əzim Əzimzadənin rəssam kimi fəaliyyət göstərməsinə şərait yaradıb və ona təqaüd ayırıb.

Ağabala Quliyev bir ictimai xadim kimi xalqın mənafeyini müdafiə edib. Bakıda 1916-cı ildə baş vermiş “Qadın qiyamı”ndan sonra əhaliyə pulsuz un paylayıb. Eyni zamanda, Bakıdan Batuma neft kəmərinin çəkilməsində xüsusi xidmətləri olub.

Birinci Dünya müharibəsi zamanı Osman­lı Türkiyəsinin Nargin adasına sürgün edilən minlərlə əsgər və zabitlərinin azad edilmə­sində milyonçu Ağabala Quliyev öz sinəsini qabağa verənlərdən biri olub. Əsirlərin çoxu Nargindən Astaraya qaçırılıb, oradan da Os­manlı Türkiyəsinin İrandakı konsulluğuna təh­vil verilib.

Birinci cahan savaşından sonra Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti öz fəaliyyətini daha da genişləndirib. Həmin vaxtlarda Bakı­ya Turkiyədən gələn qaçqınları yerləşdirmək, yedizdirmək, isti pal-paltarla təmin etmək baxı­mından da Ağabala Quliyev xeyli iş görüb. Xey­riyyə cəmiyyətinin vasitəsilə qaçqınların qayğı­sına qalıb. 

Bütün bunlarla bərabər, milyonçunun icti­mai-siyasi fəaliyyətində sapındırmalar da olub. O, gözlənilmədən “Rus xalqının ittifaqı” adlı qa­ragüruhçu təşkilata üzv yazılıb. Buna görə də cəmiyyətdə nüfuzunu kəskin itirməyə başlayıb. Bir müddət hətta həbsdə olub. 1920-ci ilin ya­zında milyonçu həbsdən çıxıb və İrana gedib. O zaman bolşeviklər Bakını işğal etmişdilər. Ağabalanın mülkləri müsadirə olunub, ev-eşiyi talan edilib. Ailəsi öz evindən çölə atılıb. Ağa­bala Quliyev min bir əziyyətlə ailəsini Bakıdan çıxara bilib. Arvadını və uşaqlarını İrana, sonra Türkiyəyə keçirib. Qızları Sara və Rübabəni İstanbulda kollecə düzəldib. Onlar burada ailə qurublar. Oğlu Ağaismayıl isə gənc yaşlarında vəfat edib. 

Bəli, milyonçu Ağabala Quliyevin ömrü acı­lı-şirinli nağıla bənzəyir. Təəssüf ki, ömrünün son illərində taleyi üzünə gülməyib. Onun nə vaxt və harada vəfat etdiyi barədə də dəqiq məlumat yoxdur. Yalnız o məlumdur ki, ömrü­nün sonuna yaxın Təbrizdə sərgərdan həyat yaşayıb və keçmiş milyonçu acınacaqlı vəziy­yətdə dünyasını dəyişib.

Həzi HƏSƏNLİ,
şair-publisist



Sosial həyat