İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib

post-img

İtaliya Prezidenti Sercio Mattarella İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni də təyyarə qəzasında həlak olanlar üçün başsağlığı verib, İran hökuməti və İran xalqı ilə həmrəyliyini ifadə edib.

Ciorcia Meloni yerli televiziya kanalına açıqlamasında İranın gələcək rəhbərliyinin regionun sabitləşməsinə və sülhə sadiq qalmaq istəyəcəyinə ümidvar olduğunu bildirib.

Bundan başqa, Seyid İbrahim Rəisinin ölümündən sonra İrandakı vəziyyətlə bağlı Ciorcia Meloninin sədrliyi ilə İtaliya Nazirlər Şurasının iclası keçirilir. İclasda Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müdafiə naziri Quido Krosetto, daxili işlər naziri Matteo Piantedosi, kəşfiyyat rəhbərləri və digər hərbi rəhbərlər iştirak edirlər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Dünya