Avropa İttifaqı Türkiyə ilə sabit münasibətləri inkişaf etdirmək niyyətindədir. Bu barədə Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günündən sonra jurnalistlərə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib. Məlumatı “Anadolu” verib.
Mişel deyib ki, Aİ liderləri Türkiyə ilə əlaqələrə dair strateji müzakirə aparmaq istəklərini ifadə ediblər və sessiyanın sonunda bu məsələdə konsensus əldə ediblər. “Biz Türkiyə ilə müsbət əlaqələr qurmaq istəyirik. Biz sabit münasibətləri inkişaf etdirmək istəyirik. Biz addım-addım, proporsional və ikitərəfli fəaliyyət göstərmək, bu yanaşma ilə işləmək istəyirik”, - Mişel bildirib.
O, Kipr məsələsinə toxunub: “Mən vurğulamaq istəyirəm ki, Kiprdəki vəziyyət son dərəcə vacibdir. Biz Kiprdəki vəziyyətlə xüsusilə maraqlanırıq. Xüsusən də, BMT-nin qərarları prosesində”.
Sammitin yekun bəyannaməsinin Türkiyə ilə münasibətlərə dair hissəsində qeyd olunub ki, “Aİ Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitin inkişaf etdirilməsində, həmçinin Türkiyə ilə əməkdaşlıqda və qarşılıqlı faydalı münasibətlərdə strateji marağa malikdir”.
P.ƏMİRCANOV
XQ