İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

post-img

Qlobal xidmət provayderlərdə toplanan fərdi məlumatlardan qeyri-etik istifadə halları, onların fərdlərin seçim azadlığına təsir imkanları, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlər, belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərinin təhlükələri, o cümlədən süni intellektin etik istifadə sahələri və bu kimi hallarla mübarizə, həmçinin birgə əməkdaşlıqlar üçün kiber diplomatiya kimi platformalar çox effektivdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Buxarest Parlament Sarayında baş tutan Rəqəmsal İnnovasiyalar Sammiti çərçivəsində təşkil olunmuş Beynəlxalq Kiber Diplomatiya Konfransında çıxışı zamanı deyib.

Tural Məmmədov Qırmızı dənizin dibi ilə keçən qlobal transmissiya xətlərinin zədələnməsi kimi hadisələrin qlobal təsirlərindən, sadəcə bir ölkəyə deyil paralel bir çox ölkələrə xidmət edən qlobal kritik infrastrukturların dayanıqlılığının artırılması və təhlükəsizliyinin təmini üçün kiberdiplomatların mediator kimi rolunun əhəmiyyətli ola biləcəyindən, bütün ölkələrin iştirak edə biləcəyi beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üzrə Azərbaycanda təlimlərin keçiriləcəyindən bəhs edib.

Qeyd edək ki, Milli Müdafiə Nazirliyi kibertəhlükəsizlik üzrə eksperti Horatiu Garbanın moderatorluğu ilə baş tutan “Kibertəhlükəsizlik və Texnologiyada Regional Diplomatik Təşəbbüslər” adlı paneldə Cənub-Şərqi Avropa Hüquq Mühafizə Mərkəzinin baş direktoru Oğuz Serkant Akın, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, NATO SPS Məsləhətçisi və Proqram Meneceri Eyüp Kuntay Turmuş, Moldova parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və İctimai Asayiş Komissiyasının sədri Lilian Carp, Türkiyə TÜBİTAK İctimai Sertifikatlaşdırma Mərkəzinin İcraçı Direktoru Çağatay Karabat çıxış ediblər.

İqtisadiyyat