Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Vladimir Putinə yeni səlahiyyət müddəti üçün Rusiya prezidentinin sertifikatını təqdim edib. Bu barədə aprelin 16-da Kremlin mətbuat xidməti məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib.
Rusiya lideri Pamfilova və Mərkəzi Seçki Komissiyasına təşəkkür edib, onların çətin, lakin dövlətin sabitliyi üçün çox vacib iş gördüklərini qeyd edib.
Mərkəzi Seçki Komissiyasının rəhbəri də seçkilərin nəticələrini misilsiz adlandırıb: “Ən önəmlisi xalqımızın necə müdrik olmasıdır. Cəmiyyətin görünməmiş şəkildə birləşməsi və bunun sadəcə bir prezident seçimi olmadığını, həm də Rusiya uğrunda döyüşdə əslində vacib mərhələ olduğunu başa düşməsi önəmli idi”.
Pamfilova seçki prosesinə müdaxilə cəhdlərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bədxahlar terrora arxalanırdılar. Belə ki, onlar “Kiyevdə oturan ukraynalı şəriklərin əli ilə” qorxu və panika yaratmağa çalışıblar. O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının üzvlərinə də telefonla hədə-qorxu gəlməyə və onları şantaj etməyə cəhd göstərilib.
P.ƏMİRCANOV
XQ