Türkiyə adi silahlı qüvvələr haqqında müqavilədən çıxır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaranın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (CFE) üzrə öhdəliklərini dayandıran aktı imzalayıb. Akt aprelin 8-dən qüvvəyə minəcək. Məlumatı “Bloomberg”ə istinadən “İnterfaks.ru” verib. 

Müqavilə 19 noyabr 1990-cı ildə Parisdə imzalanıb. NATO və Varşava Müqaviləsi dövlətləri (Rumıniya, Albaniya, SSRİ, Çexoslovakiya, Polşa, Almaniya, Macarıstan və Bolqarıstan) arasında silahlı qüvvələrin balansını tənzimləyirdi.

Müqavilənin əsasını iştirakçı dövlətlərin adi silah və texnikasının beş əsas kateqoriyasına - tanklara, zirehli döyüş maşınlarına, artilleriyaya, hücum helikopterlərinə və döyüş təyyarələrinə kəmiyyət məhdudiyyətləri sistemi təşkil edirdi. Müqavilənin müddəti qeyri-məhdud idi. İştirakçılar bu qərar barədə qalan dövlətləri əvvəlcədən xəbərdar etmək şərti ilə CFE Müqaviləsindən çıxmaq hüququna malik idilər.

Rusiya 2023-cü il noyabrın 7-də müqavilədən çıxıb. NATO bu addımı pisləyib. Sonradan ABŞ , İngiltərə, Almaniya və Polşa da CFE Müqaviləsi üzrə öhdəliklərinin icrasını dayandırıblar.

P.ƏMİRCANOV
XQ

Dünya