Yaxın Şərq: İran və İsrail müharibənin bir addımlığında

post-img

Artıq bir neçə aydır ki, Yaxın Şərq yenidən çalxalanır. Son aylar bu region yenidən dünyanın hərbi aporiyalarının mərkəzinə çevrilməkdədir. Maraqlıdır ki, hərbi eskalasiya bir dövlətlə məhdudlaşmır. Yaxın Şərqin İraq, Suriya, Fələstin, Livan, İsrail, Yəmən kimi ölkələri ya birbaşa və ya dolayısıyla  lokal, lakin müəyyən itkilərlə keçinən münaqişəyə cəlb olunublar. Bu günlərdə İranın bir generalının və digər yüksək rütbəli hərbçisinin Suriyadakı İran konsulluğuna hücum nəticəsində həlak olması isə vəziyyəti daha da gərginləşdirib.  

İranın ali dini lideri Əli Xameneyi çıxışında Suriyadakı İran səfirliyinə hücuma cavab olaraq İsrailin ağır şəkildə cavab verəcəyini bildirib. Düzdür, İsrail bu hücumu öz üzərinə götürmədi, lakin İranın dəstəklədiyi qüvvələrə qarşı hərbi diversiyaları davam etdirəcəyini bəyan etdi. Hər kəsə məlumdur ki, İran hərbçiləri həmin qüvvələri ciddi şəkildə koordinasiya edir. İndi hərbi və siyasi ekspertləri bir sual düşündürür: İran İsrailə birbaşa cavab verəcək, yoxsa yenə şiə təmayüllü proksilər vasitəsilə hücum edəcək? 

Xameneyinin çıxışından  daha çox belə məlum olur ki,  İran birbaşa zərbə endirməyəcək, illərdir sınaqdan çıxardığı uzunmüddətli münaqişə kursuna davam edəcək. Yəni İraq, Livan və Yəməndən idarə etdiyi hərbiləşdirilmiş siyasi qüvvələr vasitəsilə hücum edəcək. Təxminən üç aya yaxındır ki, Suriya, İraq, Yəmən və Livanda cəmləşən bu qüvvələr bölgədəki ABŞ-İsrail ittifaqına  dron və raket zərbələri endirir. Əksər hücumların qarşısı alınsa da, bu, İranın ABŞ və İsrailin regionda hərəkətlənməsini məhdudlaşdıran ciddi təzyiqi hesab edilir. Bu baxımdan, İranın İsrailə birbaşa hücumu istisna edilir. İran da yaxşı anlayır ki, birbaşa hücum münaqişənin coğrafiyasını kəskin şəkildə dəyişə bilər və İsrailin müttəfiqləri, xüsusilə ABŞ müharibəyə inteqrasiya edər. Təbii ki, belə olan halda İranın uzun müddət müqavimət göstərə biləcəyi şübhə doğurur. 

Amma cavabın veriləcəyi istisna edilmir. Çünki cavabsızlıq SEPAH-ın ölkədə və proksilər arasında nüfuzdan düşməsinə səbəb ola bilər. Bunu İran hakimiyəti də yaxşı anlayır. Ekspertlər düşünürlər ki, əslində, İsrail İranın birbaşa hücumunu istəyir. İranın birbaşa hücumu ilə İsrail çoxdandır İrana qarşı hərbi planını işə salacaq. Bu isə İranın tələyə düşməsi deməkdir. Bu baxımdan, İranın birbaşa deyil, İsrailə çəkindirici ola biləcək digər vasitələrlə bir hücum cavabına ehtiyacının olduğu görünür. 

Netanyahu hakimiyyəti isə HƏMAS məsələsini tezliklə bitirməyə və Hizbullahla, ya da İranla birbaşa müharibəyə başlamağa can atır. İran isə hələ ki, sərhədləri yanında müharibə istəmir. Üfüqdə bunun üçün hələ ki, iki seçim görünür: ya Netanyahu siyasətdən gedəcək, ya da İsrailin ətrafındakı ərəb ölkələrindən hansısa biri ilə müharibəyə qoşularaq Təl-Əvivin başını qarışdıracaq. Bütün hallarda Yaxın Şərqə rahatlıq gələcəyi gözlənilmir.  

Anar TURAN
XQ

Siyasət