İrəvan Moskvaya Kiyevin kölgəsindən atəş açır

post-img

Rusiyanın Cənubi Qafqazda əzəli müttəfiq saydı­ğı Ermənistanla münasibətlərində yaranan uçurum getdikcə dərinləşməkdədir. Ermənistanın hazırkı rəh­bərliyi Rusiya Federasiyasını de-fakto İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatından sonra yaranan hərbi-siyasi gərginliklər zamanı müt­təfiqlik öhdəliklərini lazımi səviyyədə yerinə yetir­məməkdə ittiham edir. Rusiya tərəfi isə israr edir ki, qondarma “DQR”-ə dəstək verməkdən imtina etmək Ermənistan hakimiyyətinin suveren hüququ və ge­osiyasi seçimi olub. Münasibətlərin kəskinləşməsi fonunda fevralın 1-də Ermənistan rəsmən, bir il əv­vəl Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qo­şulub. Amma vəziyyətin gərginləşməsi təkcə BCM-lə qurtarmır.

Ermənistanın siyasi elita­sı tarixən ölkənin təhlükəsizlik məsələlərini ənənəvi olaraq Ru­siya ilə əlaqələndirib. Odur ki, hətta 2020-ci ildən sonra belə bu istiqamətdə real diversifika­siya cəhdləri nəzərdən keçiril­mirdi. Lakin Rusiyanın müqavilə əsasında İrəvanı silahla təmin edə bilməməsi, üstəlik Azərbay­canın əks-hücumlarına sərt ca­vab verilməməsi Ermənistanın hazırkı rəhbərliyinin nəzərində Moskvanın əsas təhlükəsizlik təminatçısı rolunu neytrallaşdır­dı. Rusiya 2022-ci ildə Azərbay­canla Müttəfiq və Əməkdaşlıq haqqında Bəyannamə imzala­dıqdan sonra İrəvan və Bakıya münasibətdə faktiki olaraq eyni dərəcədə yaxın mövqe tutdu. Bundan sonra Ermənistan öz başına çarə qılmağa və təhlükə­sizliyinə dəstək olacaq partnyor­lar axtarmağa başladı: “hücum­ların qarşısını almaq” məramı ilə Aİ missiyasını Ermənistan–Azərbaycan sərhədinə cəlb etdi, hərbi potensialını bərpa etmək üçün Hindistan, Fransa və Yu­nanıstanla hərbi-texniki əmək­daşlığın inkişaf etdirilməsinə başladı.

Beləliklə, Rusiya tədricən təhlükəsizliyin əsas təminat­çısı rolundan uzaqlaşdırılır və çoxdan Qafqaza soxulmaqda maraqlı olan digər aktorlar təh­lükəsizlik sahəsində Moskvanın rolunu öz üzərinə götürməyə çalışırlar. 

Ermənistanın Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, siyasi ekspert Sergey Melkon­yan bunu belə əsaslandırır: “Ermənistanla Rusiya arasında münasibətlər bu gün əsasən xarici amillərin təsiri altında dəyişir: Ukrayna istiqamətinin üstünlük təşkil etməsi xarici siyasətin Qərblə qarşıdurma prizmasından dərk edilməsinə və müntəzəm olaraq qırmızı xətlərə yenidən baxılmasına gə­tirib çıxarıb. Ənənəvi müttəfiqlə (Rusiya –İ.R.) münasibətlərdə yaranan böhran fonunda Azər­baycan tərəfindən Ermənista­nın təhlükəsizliyinə olan daimi təhdid yeni xarici təhlükəsizlik təminatlarının axtarışının “dray­ver”inə çevrilib”. 

Doğrudur, Ermənistan rəs­miləri bütün bunları İrəvanla Moskva arasında münasibətlə­rin yeni konturlar alması və haki­miyyətin bu hərəkətlərini diversi­fikasiyaya yönəlmiş siyasət kimi şərh edirlər. Amma Rusiya bunu erməni siyasi hakimiyyətinin də təqdim etdiyi diversifikasiya kimi yox, əvəzləmə kimi görür. 

Etiraf edilməlidir ki, Rusiya Ukraynada xüsusi hərbi əmə­liyyatlara başlayandan sonra Ermənistan hakimiyyətinin san­ki əl-qolu daha geniş açılıb və fürsətdən istifadə edib bütün re­sursları ilə Moskvanı diz çökdür­məyə çalışan “Kollektiv Qərb” dövlətləri ilə diplomatik əlaqələri nəzərəçarpacaq dərəcədə in­tensivləşdirib. NATO Baş katibi­nin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə­si Xavyer Kolomina son iki ildə Ermənistana yeddi dəfə səfər edib. NATO-nun emissarı 2024-cü ilin yanvarında baş tutan so­nuncu səfəri zamanı isə hətta Ermənistan rəhbərliyi tərəfin­dən son vaxtlar həyata keçirilən xarici siyasətdəki dəyişikliklər­dən məmnunluğunu ifadə edib. Beləliklə, Paşinyanın komanda­sının ABŞ, Fransa və Avropa İttifaqının simasında Rusiyanın təsirini, o cümlədən Ermənis­tan–Azərbaycan münaqişəsinin həlli prosesini “dayandırmaq və buna qarşı güc” tapmaq cəhdləri aydın görünür.

Bu azmış kimi, Ermənistanın KTMT-də fəaliyyətini dondur­ması, öz nümayəndəsini qey­ri-müəyyən müddətə geri çağır­ması və İrəvanın Zvartnos hava limanında təhlükəsizliyə nəzarət edən Rusiya heyətinin çıxarıl­ması ilə bağlı hakimiyyətin səs­ləndirdiyi rəsmi mövqe “əzəli müttəfiq”in Moskvaya qarşı üs­yanından başqa bir şey deyil. 

Etiraf etmək lazımdır ki, bu gün Ukrayna–Rusiya müharibə­si ətrafında baş verən hadisələr­lə əlaqədar Qafqaz problemləri təkcə Rusiyanın deyil, elə Qər­bin də informasiya gündəliyin­dən bir qədər kənarda qalıb. Lakin Avrasiyanın bu bölgəsin­də geosiyasi transformasiyanın vacibliyini qiymətləndirməmək əsla doğru olmazdı.

Əvvəla, XXI əsrin ilk onilliyi­nin ortalarından başlayaraq bu regionda NATO-nun yeni post­sovet dövlətlərini əhatə edəcək genişlənməsi prosesi de-fakto dondurulmuşdu. Amma alyan­sın baş katibi Yens Stolten­berqin Bakı, Tbilisi və İrəvana son səfəri göstərdi ki, bu, ilk baxışdan belə görünür və bu istiqamətdə hərəkət heç də da­yandırılmayıb.

İkincisi, 2014-2015-ci illər­dən ABŞ və onun müttəfiqləri olan Aİ dövlətləri ilə Rusiya ara­sındakı geosiyasi qarşıdurma müstəvisinin Qafqazdan Yaxın Şərqə və Ukraynaya keçməsinə baxmayaraq, bu region postso­vet məkanında ən qarışıq böl­gələrdən biri olaraq qalırdı.

Təkcə son dörd il ərzində Avrasiyanın bu hissəsində sta­tus-kvo iki dəfə dəyişib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində 26 il ərzində dəyiş­məz qalan qüvvələr balansında köklü dəyişikliklər baş verdi. Bu, təkcə Ermənistanla Azərbay­can arasındakı fərdi etnosiyasi münaqişəyə aid deyildi. Xarici qüvvələrin rolunda da keyfiyyət dəyişikliyi baş verdi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Bakının hərbi kampaniyasını dəstəklədi. Bakı bölgədə uzun illər irin verən bu yaranı kəsib atdı və öz ərazi bü­tövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan, bəlkə də dünya tarixində, ən azından son iki əsrdə separatçı əraziləri birləşdirə bilən çox nadir dövlət­lərdən biri oldu. 

Bu hadisələrə qədər, hət­ta sonralar belə, həm Rusiya, həm də Qərb regionla bağlı bir çox məsələrdə mövqelərinin tam uyğunsuzluğuna baxmaya­raq, Qafqaz teatrında “rəqabətli əməkdaşlıq” formatını qoruyub saxlayırdılar. Rusiyanın Uk­raynada Xüsusi Hərbi Əməliy­yatlarına başlaması mövcud vəziyyəti kökündən dəyişdi. Moskva indi Aİ-nin Ermənistan­da yerləşdirilən missiyasına təkcə Ermənistan rəhbərliyinin qeyri-sabitliyinin, bu dövlətin dönüklüyünün sübutu kimi deyil, həm də Qərbin anti-Rusiya aləti kimi baxır. İlk baxışdan Rusiya və Qərb Ermənistan və Azər­baycan üçün, əsasən, oxşar sülh gündəliyini – sərhədin de­markasiyası və delimitasiyasını, regionda nəqliyyat kommunika­siyalarının qarşısının alınmasını və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasını təbliğ edir. Amma, eyni zaman­da, hər bir tərəf özünü prosesin eksklüziv moderatoru kimi və bu etnosiyasi münaqişənin sonunu özlərinin Qafqazda mövcudlu­ğunu gücləndirməkdə və həm də geosiyasi rəqibin təsirini mi­nimuma endirməkdə görür.

Rusiyada nəşr edilən “Bey­nəlxalq analitika” jurnalının baş redaktoru, siyasi ekspert Ser­gey Markedonov yazır: “ABŞ və müttəfiqləri Qarabağın itiril­məsini Moskvanın passivliyi və etibarsızlığı, hətta Kremlin Bakı və Ankaranın maraqlarına bir­başa yardımı ilə izah edərək, ermənilərin milli “travmasından” fəal şəkildə istifadə edirlər. Ru­siya 2020-ci ilin sentyabrında Cənubi Qafqazdakı müharibədə məğlub olmadı – sadəcə onun silahlı bölmələri tərəflərin heç biri ilə hərbi qarşıdurmaya get­mədi. Lakin, səmimi etiraf edil­məlidir ki, Moskvanın nüfuzu ciddi zərbə aldı. İstər Kremlin, istərsə də Ermənistanın özünün “DQR”-in tanınmaması ilə bağlı istənilən qədər formal əsaslar irəli sürə bilərsiniz. Amma küt­ləvi şüur üçün diplomatik siyasi dəqiqlik və formal hüquqi müla­hizələr yaramır. Çoxları hesab edə bilər ki, Moskva bütün səy­lərini Ukraynaya və Qərblə qar­şıdurmaya cəmləyərək, Qafqaz istiqamətinin prioritetini sadəcə olaraq azaldıb. "Qırmızı xətləri" bu və ya digər istiqamətə çək­mək istəyi də buradan meydana çıxır”. 

Ən son məlumata diqqət edin. Ermənistanın Müdafiə Na­zirliyi bir qədər də qürrələnərək yaydığı bəyanatda deyir: “Ap­relin 1-də Ermənistan–Amerika müdafiə əməkdaşlığı çərçivəsin­də ABŞ-ın bir qrup mobil təlimat­çısı Ermənistan Respublikasına səfər edib”. Bəyanatda həmçi­nin mütəxəssislərin ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirə­cəyi bildirilir. Bunun Rusiyada yaradacağı qıcığı nəzərə alan ölkənin xarici işlər naziri Ararat Mirzoyan dərhal açıqlama verir və Ermənistanın alyansla əmək­daşlığına baxmayaraq, ölkənin hazırda NATO-ya daxil olmağı planlaşdırmadığını diqqətə çat­dırır. Amma Mirzoyan erməni hiyləgərliyi ilə Rusiyanın “qu­lağına” oxuyur ki, “hazırda Er­mənistan üçün əsas tərəfdaşlar ABŞ və Avropadır, ölkə Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdirir”.

Münasibətlərin hansı is­tiqamətə yönəldiyini yaxşı başa düşən Rusiyanın Ermənistanda­kı səfiri Sergey Kopırkinin buna reaksiyası özünü çox gözlətmir və diplomat bildirir ki, ABŞ Er­mənistanla əməkdaşlığa İrəvan və Moskva arasında münasibət­ləri korlamaq üçün fürsət kimi baxır. Səfir onu da qeyd edib ki, respublikanın hakimiyyət orqan­ları iki dövlətin vətəndaşları üçün vacib olan qarşılıqlı əlaqə­ni saxlamaq üçün siyasi iradə nümayiş etdirməlidir.

Baş nazir Nikol Paşinyan isə Qərb tərəfindən necə siya­si dopinq alıbsa, ona qətiyyən məxsus olmayan cəsarətlə İn­giltərənin “The Telegraph” nəş­rinin jurnalisti Roland Olifanta, əslində Moskvaya deyir ki, o, məsələn, Böyük Britaniya, ABŞ və Aİ kimi çoxsaylı tərəfdaşlar­dan birinə çevrilən Moskva ilə əvvəlki müttəfiqlik münasibətlə­rini inkişaf etdirməyə elə bir im­kan görmür: “Biz deməmişik ki, biz, ümumiyyətlə, Rusiya ilə, xü­susən də təhlükəsizlik sahəsin­də əməkdaşlığı inkar edirik və ya rədd edirik. Biz təhlükəsizlik əlaqələrimizi şaxələndirəcəyimi­zi söyləyirik. 

ABŞ, Fransa, Hindistan və ya Avropa İttifaqı ilə təhlükəsiz­lik əlaqələrimiz təbii ki, Rusiyaya qarşı yönəlməyib. Bunlar, sadə­cə olaraq, keçmişdə mövcud olan təhlükəsizlik əlaqələrinin bizim təhlükəsizlik ehtiyaclarımı­za cavab vermədiyini göstərən reallıqlardır...” Hətta britaniya­lı jurnalist də müsahibinin bu açıqlamasına şübhə ilə yanaşır və Ermənistanın seçim etməli olacağını vurğulayır. O haqlıdır, belə davam edərsə, həqiqətən də, yeni və köhnə təhlükəsizlik tərəfdaşları arasında qarşıdur­mada Ermənistanın “atəş xət­tinə” düşəcəyi qaşılmaz olacaq və İrəvana qarşı da Ukrayna ssenarisi təkrarlana bilər.

Baş nazirin son vaxtlar is­tiqamətini Qərbə dəyişməsini əsaslandırmaq üçün dönə-dönə Rusiyanı və KTMT-ni Ermənis­tanın ərazi bütövlüyünün müda­fiəsində passiv mövqe tutmaqda günahlandırması da cavabsız qalmır. Məsələn, KTMT rəs­miləri Paşinyanın cavabdehlik sahəsi ilə bağlı səsləndirdiyi it­tihamlarla sığortalanmasına ca­vab olaraq bildirib ki, bu məsələ “kifayət qədər mürəkkəbdir və o, əsaslı cavab almaqdan daha çox diqqəti respublikadakı və­ziyyətə cəlb etməyə yönəlib. Çünki KTMT tərəfindən 2010-cu ildə imzalanmış qarşılıqlı fəaliy­yət prinsipləri haqqında sazişə əsasən, məsuliyyət zonası üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin cavabdehlik sahəsinə Ermənistanın suveren ərazisi daxildir və Ermənistan və onun qonşuları arasında ikitərəfli əsasda tənzimlənən dövlət sər­hədinin keçdiyi yerdə bitir”, – deyə qurumun açıqlamasında bildirilir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaro­va da Qərbin Ermənistanı öz planlarını həyata keçirmək üçün alətə çevirməsinə, hətta bunun­la NATO-nun Qafqazda RF-yə qarşı ikinci cəbhə açmağı plan­laşdırdığını açıq bəyan edərək, Rusiyanın bundan ciddi narahat olduğuna diqqət çəkib.

Aydın məsələdir ki, Ermənis­tanı belə addımlar atmağa cə­sarətləndirən təkcə Qərbin ona bütün sahələrdə dəstək verəcə­yini vəd etməsi deyil. Ermənis­tan da rəsmi Brüssel kimi hesab edir ki, hazırda regionun geo­siyasi homogenizləşməsi üçün uyğun vaxtdır. Rusiya–Ermənis­tan münasibətlərindəki böhran, Gürcüstanın NATO “aspirantı” statusunu tezliklə reallığa çevir­mək istəyi Rusiyanın Ukraynada müharibəyə başı qarışdığı bir vaxtda reallaşa biləcək planlar­dır. 

Əslində, Paşinyanın və Er­mənistanın rəsmi hakimiyyətinin əzəli tarixi müttəfiqi Moskvaya qarşı bu siyasi gedişləri Ukray­na–Rusiya münaqişəsi kölgə­sindən Rusiyaya arxadan açılan atəşdir. Bununla belə, Ermənis­tan və onun Qərbdəki havadar­ları unutmamalıdırlar ki, Qafqaz siyasi mozaikaları çox rən­garəng olan bir bölgədir. İstər regional, istər hegemon aktorlar mövcud çalarları və nüansları nəzərə almalı, son məqsədlə­ri Qafqazda “barıt çəlləyi” yox, sülh və sabitlik yaratmaq olmalı­dır. Ermənistanın da ən azından Qərbin müharibə ocağına atdığı və yanmaqda olan Ukraynaya baxıb nəticə çıxarması hələ gec deyil.

İlqar RÜSTƏMOV
XQ

Dünya