Avropa İttifaqı və “Ermənistan əriyi”

post-img

Yaxud Qərbin Cənubi Qafqazdakı “təcrübə dovşanları”na baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəsinin Avropa İttifaqına üzvlüyü məsələsinin aktiv şəkildə müzakirə edildiyini diqqətə çatdırmışdı. Bundan sonra sözügedən istiqamətdə diskussiya və polemikalar güclənməyə başlamışdı. Elə təəssürat yaranmışdı ki, sanki Ermənistanın birliyə qoşulması an məsələsidir. Əslində, Qərbdən gələn mesajlar da bunu söyləməyə əsas vermişdi və verir də. Ancaq...

Təsəvvür edin ki, hazırda vətəndaş­ları Avropa ölkələrinə vizasız gediş-gəliş həyata keçirən Gürcüstan qala-qala Er­mənistan Aİ-yə daxil edilir. Əlbəttə, bu, istər nəzəri, istərsə də praktiki baxımdan, inandırıcı deyil. Mümkünsüzlüyü doğuran amillərdən söz açacağıq. Hələlik isə bu istiqamətdəki polemikaların nə üçün güc­ləndiyinə diqqət yetirək. 

***

Bəli, həm Ermənistan hakimiyyətinin, həm də onun Qərbdəki tərəfdaşlarının ölkənin Aİ-yə üzvlüyü məsələsinin təbli­ğatını aparmalarında səbəb çox sadədir. Məsələ burasındadır ki, rəsmi İrəvan üzünü tamamilə Qərbə çevirib. Yəni, tam şəkildə Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ancaq ikinci xəttin seçilməsi fo­nunda birinci platformanın nə dərəcədə faydalı olacağına dair məsələ aktualdır. Yəni, Ermənistan Qərbə meyillənməklə nə qazanacaq? 

Qazanc kimi ortaya atılan ölkənin Aİ-yə üzvlüyüdür. Ancaq reallıq budur ki, baş nazir Nikol Paşinyanın administrasi­yası və onun xaricdəki havadarları ide­yanı təbliğ etməklə, əslində, Rusiyadan uzaqlaşmaq yönümlü siyasi kursa qarşı çıxanları neytrallaşdırmaq yolunu tutur­lar. Onlar Avropa İttifaqı məkanının əhali üçün cəlbediciliyini bilir və bunu nüma­yişə çıxarırlar. Yəni, Aİ Rusiya faktoruna alternativ kimi qoyulur. 

Əlbəttə, ümumən Aİ Rusiyadan daha cəlbedici görünür. Ancaq birincinin han­sı dividendi var? Dividend erməni əriyi­nin Moskvaya deyil, Brüsselə daşınma­sıdırsa, məsələ çox primitivdir. Həm də ona görə ki, Ermənistanın bütün Avropa­nı təmin edəcək meyvəsi yoxdur. Əlbət­tə, söhbət ərikdən və ya digər meyvə­dən getmir. Sözümüz ondadır ki, sıravi erməni üçün ölkəsinin Aİ-yə qoşulması “köhnə qitə”yə vizasız gediş-gəliş üs­tünlüyündən başqa bir şey deyil. Digər tərəfdən, avropalı əriyə rusdan çox pul verməyəcək. 

Üstəlik, Rusiyanın daha böyük, sabit və oturuşmuş bazar olduğu həqiqəti var. Bu həqiqət illərin sınağından çıxıb. Bir­dən-birə o bazarı dəyişməyin müsbətləri ilə bağlı isə Ermənistanda heç bir ağla­batan izah yoxdur. Sual yaranır: Rusiya bazarının itirilməsi və prosesin heç bir təzminat təminatının olmadığı şəraitdə kasıb erməni Avropaya yollanmaq üçün təyyarə bileti almağa pul tapacaqmı? Belə çıxır Ermənistan vətəndaşının qa­zancı yalnız Şengen vizası üçün ödədiyi 60-80 avronun cibində qalması olacaq. Buna qazanc demək mümkündürmü? 

Qeyd etdik ki, Gürcüstan vətəndaş­ları hazırda Şengen zonasına sərbəst gediş-gəliş imkanına malikdirlər. Ölkə təkcə bu üstünlüyə yiyələnmək naminə nə qədər yol gəlib. Üstəlik, onun hazırkı üstünlüyü hələ Aİ-yə qoşulmaq deyil. Ən əsası, Gürcüstan haqqında söz açdığı­mız prosesi səs-küysüz reallaşdırıb. Er­mənistanla bağlı durum isə fərqlidir. Elə əsl məsələ də bundadır ki, niyə fərqlidir? Səbəb çox sadədir. Çünki İrəvanın Avro­paya, ümumən Qərbə doğru irəliləmək cəhdi avantürizmlə müşahidə olunur. Gürcüstan buna getməmişdi və getmir. 

Söhbətimizin bu yerində onu da vur­ğulayaq ki, Ermənistanın Aİ-yə qoşulma­sı məsələsinin müzakirəsindəki fəallıq yalnız Rusiyadan uzaqlaşmaq yönümlü siyasi kursa qarşı çıxanları neytrallaşdır­maq məramı daşımır. Bu, Rusiyasız Cə­nubi Qafqaz formulunu gerçəkləşdirmək xəttinin tərkib hissəsidir. Avropa İttifaqı­nın timsalında ABŞ, ümumən kollektiv Qərbin istəyi kiçik Ermənistan üzərində eksperiment aparmaqdır. Rəsmi İrəvana gəldikdə, o, bütün davranışları, o cümlə­dən, anti-Rusiya ritorikası ilə ölkəni təc­rübə dovşanına çevirir. Dovşanın, belə demək mümkünsə, laborator sınaqlardan sağ çıxmamaq riskinin mövcudluğunu hesablamır. 

***

Yazımızın ikinci bölümünə keçid alaq. Əvvəldə anons etdik ki, Ermənistanın Aİ-yə qoşulması mümkünsüzdür. Bura­da, ilk növbədə, Aİ-nın sırf özü ilə bağ­lı struktur amillər ön plana çəkilməlidir. Yəni, XİN rəhbəri A.Mirzoyanın təbirincə desək, İrəvanın demokratik inkişaf yolu seçməsinin, Vaşinqtonun və Brüsselin bunu dəstəkləməsinin heç bir önəmi yox­dur. Birincisi, Gürcüstandan, elə Azər­baycandan da fərqli olaraq Ermənistan Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqının üzvüdür. Deməli, ölkə­nin iki gömrük zonasında eyni vaxtda iş­tirakı praktiki olaraq yolverilməzdir. Hər halda, dünyada belə bir hal yoxdur. 

İkincisi, İrəvanla Brüssel arasın­da yaxınlaşma məsələsinə diqqət ye­tirərkən, burada motiv genişləndirilmiş tərəfdaşlıq amilinə əsaslanır. Söhbət Aİ-nın 2021-ci ilin yayından başlayaraq beş strateji proqramının həyata keçiril­məsi üçün Ermənistana 2,6 milyard avro məbləğində maliyyə yardımı ayıracağı vədindən gedir. Hazırkı duruma görə, həmin məbləğin yalnız 20 faizi gündəm­dədir. 

Nəzərə alaq ki, Aİ ilə əlaqələrin ge­nişləndirilməsi və dərinləşdirilməsi üçün resurs kifayət qədər əhəmiyyətlidir və bu, müəyyən mərhələdə quruma üzvlük üçün müraciətin verilməsinə əsas yarada bilər. Amma paralel olaraq, Ermənistanın Avrasiya İttifaqından çıxması lazımdır. Mövcud istiqamətdə rəsmi İrəvandan heç bir hərəkət yoxdur və olmayacaq da. Çünki Paşinyan və komandası ölkənin hazırkı iqtisadi inkişaf tempindəki sürət­də Rusiya amilinin ön planda dayandığı­nı yaxşı bilir. Yəni, obrazlı desək, Moskva İrəvana bu vaxtadək balıq tutmağı öyrə­dib və öz dəryasını onun ixtiyarına verib. Bunun qarşılığında Qərbin yalnız boş vədləri var. 

***

Sonda bir daha əvvəldə vurğuladığı­mız məqama qayıdaq. Bəli, Qərb dün­yası Ermənistanı Rusiyadan qoparmaq üçün var gücü ilə hərəkətə keçib. Rəsmi İrəvan bu oyunun içindədir. Xüsusi vurğu­layaq ki, sözügedən oyunun anti-Rusiya təmayülünün olduğu kimi, anti-Azərbay­can xətti də var. Əslində Qərb dünyası, xüsusən, Avropa üçün ikinci xətt bir o qə­dər önəmli deyil. Çünki Qərbin Azərbay­canla ciddi iqtisadi əməkdaşlıq konturları mövcuddur. 

Sadəcə, Qərb anti-Rusiya ritorikası üçün erməni faktorundan yararlanırsa, həmin faktor üçün identik səciyyə daşı­yan nədənsə yapışılmalıdır. Ermənistan Moskva əleyhinə çıxmağının mükafatı kimi Azərbaycan qarşısında üstünlüyə yiyələnməyi, daha doğrusu, itirdiyini geri almağı tələb edir. Qərb isə İrəvana bu xəstə tələbin yerinə yetirilməsi məsələ­sində yardım verir. Daha dağrusu, bunun görüntüsünü formalaşdırır. 

Ancaq siyasətin sərt qaydaları var. Problem ondadır ki, Ermənistanın hazırkı hakimiyyəti özünün bəsit məntiqi ilə hə­min qaydalara meydan oxuyur, reallığın fərqinə varmır. Rəsmi İrəvan fərqində deyil ki, sadə ermənilərin əriyi çürüyə bilər. Yəni, avantürist mövqeyin, ambisi­oz baxışın Ermənistanı tamamilə məhvə apardığı birmənalıdır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət