Avropa İttifaqı hesab edir ki, Qəzza sektorunda və Sudandakı münaqişələr Misirdə maliyyə problemlərini ağırlaşdıra və Avropaya miqrasiya təzyiqini artıra bilər. Bundan ehtiyatlanan Brüssel Qahirəyə iqtisadiyyatını gücləndirmək üçün 2027-ci ilin sonunadək 8 milyard dollar ayırmağa hazırdır.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin yaxın günlərdə Qahirədə imzalayacağı saziş Brüssel və Şimali Afrika ölkələri arasında müqavilələrin sonuncusu olacaq.
Həmin müqavilələr Avropa ətrafında iqtisadi qeyri-sabitliyin və Afrikadan qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır. Brüssel bunun üçün Misirin enerji sektorunu dəstəkləyəcək, sudanlı qaçqınlarla bağlı problemin aradan qaldırılmasına və miqrantların Aralıq dənizi vasitəsilə Avropaya axınının başladığı Liviya ilə sərhəd nəzarətinin gücləndirilməsinə yardım edəcək.