“Qara qitə” Fransadan talançılığın hesabını tələb edir
Uzun müddət “Qara qitə”də Fransanın müstəmləkəsi olan Nigerin hazırki lideri general Abdurahman Çiani "Qərbi Afrika ölkəsinin təbii sərvətlərinin bir əsrdən artıq müstəmləkə və neokolonial yolla talan edilməsinə görə" Fransadan təzminat tələb edir. Cəsarətli addımdır, deyilmi? Amma çox haqlı addımdır. Fransaya Afrikada törətdiklərinə və bu qitənin ölkələrinin təbii sərvətlərini taladığına görə hesab təqdim edən hələ çox olacaq, buna Makronun heç şübhəsi olmasın.
General Abdurahman Çiani təkcə talanan təbii sərvətlrin hesabını deyil, həm də fransızların törətdikləri cinayətlərin, soyqırımılarının və xalqı qorxu içində saxlamaq üçün ölkədə terror dəstələri yaratmağın hesabını istəyəcək. Məhz buna işarə edərək general deyir: “Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixinə dair bütün arxiv məlumatlarını tədqiq edib öyrənəcəyik”. O arxivlərdən nələrin çıxacağını artıq indidən təxmin etmək çətin deyil. Amma bunlar sonrakı məsələlərdir.
Dövlət başçısı Abdurahman Çiani Nigerin RTN dövlət telekanalına müsahibəsində deyib: “Fransa müstəmləkə və neokolonial rejimlərin dövründə yüz ildən artıq bir müddətdə bizim resurslarımızı nəzarətsiz şəkildə talayıb. O, bizə bunun haqqını tam ödəyəcək. Fransızların bizdən əvvəllər yığdıqları bütün borcları ödəmək üçün ətraflı proqram tərtib edəcəyik və onlardan əbədi olaraq azad olacağıq. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını araşdıracaq, öyrənəcək və sənədləşdirəcəyik”.
General Çiani, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdığını bu yaxınlarda elan edən üç Sahel ölkəsindən heç birinin əvvəlki addımlarını təkrarlamayacağına tam təminat verir. Nigerin dövlət başçısı müsahibəsində həmçinin deyib ki, onun hökuməti 26 iyul çevrilişindən sonra həbsdə olan devrilmiş prezident Muhəmməd Bazumu “heç vaxt azad etməyəcək”. “Məhz blokadada olanlara görə ərzaq və dərman təchizatı dayandırılıb. İşıq da kəsilib, vəsaitimiz dondurulub. Bu səbəbdən də, Saheldəki dostlarımızla məsləhətləşdik və razılaşdıq ki, xarici ölkələrin tabeliyində olan bir təşkilatdan çıxmalıyıq. Ona görə də biz blokdan çıxdıq və bu məsələyə bir daha qayıtmayacağıq”. Çiani, həmçinin bildirib ki, onlar “heç vaxt Bazumini buraxmayacaqlar: “Bazuminin sərbəst buraxılması öz-özünün mədəsinə bıçaq vurmağa bərabərdir və bu, nigerililərin ağrılarına səbəb olar”.
Yanvarın 28-də Mali, Burkina-Faso və Niger dövlətlərinin yeni rəhbərləri dəfələrlə təklif edilən barışıq cəhdlərinə baxmayaraq, ECOWAS-dan ayrılmaq niyyətində olduqlarını bəyan ediblər. Onlar bu qurumdan çıxdıqdan sonra Burkina-Faso, Mali və Nigerin xarici işlər nazirləri Qərbi Afrikadakı qonşularına bir federasiya altında birləşdirmək üçün uzunmüddətli məqsədləri olan konfederasiya yaratmağı tövsiyə ediblər.
Çiani bu açıqlamaları ilə, ötən bazar günü Niger, Mali və Burkina-Fasonun vahid regional valyuta yaratmaq niyyətində olduqlarına dair bəyanatlarından sonra çıxış edib. "Bu valyuta müstəmləkəçilikdən bir addım uzaq deməkdir", – deyə Çiani vahid valyutanı "suverenlik əlaməti" adlandırıb.
Nigerin dövlət başçısı valyutanın gələcəkdə mümkün dövriyyəsi haqqında ətraflı məlumat vermədən bildirir ki, bu yaxınlarda Sahel Dövlətləri Alyansını (SDA) yaradan üç ölkə "tam suverenliklərini bərpa etmək prosesində iştirak edirlər". Gələcəkdə yeni yaradılacaq valyuta hazırda Niger, Burkina-Faso və Malinin də daxil olduğu Qərbi Afrika İqtisadi və Valyuta İttifaqının (WAEMU) səkkiz üzv ölkəsinin ümumi valyutası olan CFA frankını əvəz edə bilər. Ötən ilin noyabrında üç ölkənin iqtisadiyyat və maliyyə nazirləri sabitləşdirmə fondu və qarşılıqlı investisiya bankının yaradılmasını tövsiyə ediblər. Üstəlik, general Çianinin bəyanatı Mali, Burkina-Faso və Nigerin Fransa tərəfindən istismar olunmaqda ittiham etdikləri Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmasından iki həftə sonraya təsadüf edib.
Bundan əvvəl Burkina-Fasonun müvəqqəti prezidenti İbrahim Traore bildirmişdi ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan edən Burkina-Faso, Mali və Niger CFA frankından istifadəni dayandıra bilər. Amma Malinin xarici işlər naziri Abdullaye Diop “Reuters” agentliyinə bildirmişdi ki, onun ölkəsi hazırda vahid valyuta kimi CFA frankından istifadə edən Qərbi Afrika İqtisadi və Valyuta İttifaqının (WAEMU) tərkibində qalacaq.
Yanvarın 28-də Mali, Niger və Burkina-Fasoda hakimiyyətdə olan hərbçilər regional təşkilatdan dərhal çıxdıqlarını elan edən birgə bəyanatla çıxış etdilər. CEDEAO onların tələbini yerinə yetirməkdən imtina ediyini bildirərək, üç çevriliş şurasından rəsmi bildiriş almadığını söylədi.
Üç Sahel ölkəsinin CEDEAO-dan uzaqlaşması əslində keçən il sentyabrın 16-da Mali, Niger və Burkina-Faso hərbi şuralarının Sahel Dövlətləri Alyansı (SDA) çərçivəsində bir araya gəldiyi zaman başlamışdı. Bu yaxınlarda Bamakoda görüşən üç ölkənin xarici işlər nazirləri bu koalisiyaya siyasi-diplomatik status təqdim edərək ona bitkin forma veriblər. Görüşdən sonra verilən birgə bəyanatda qeyd edilirdi ki, üç tərəf əlavə protokolların qəbul edilməsi, alyans üçün institusional və hüquqi qurumların yaradılması, “siyasət tədbirlərinin və diplomatik koordinasiyanın müəyyənləşdirilməsi” üzərində işləyir. AES əvvəldən üsyançı və ya cihadçı terrorçu qruplarla mübarizə aparmaq üçün hərbi resurslarını birləşdirməyə qərar verən Mali, Niger və Burkina-Faso arasında müdafiə paktı kimi ortaya çıxdı. Bununla belə, üç ölkə indi daha da irəli getmək və hələ də Fransa və onun Qərb müttəfiqlərinin nəzarətində olan bir təşkilat olan CEDEAO-nu balanslaşdıracaq real iqtisadi və siyasi birlik yaratmaq niyyətindədir.
Rusiyalı iqtisadçı Maksim Çirkov bildirib ki, 3 ölkənin ECOWAS-dan çıxması Qərb dövlətlərinin qitədəki təsirinin ciddi şəkildə itirilməsindən xəbər verir. Onun sözlərinə görə, Afrika ölkələri uzun müddət Qərb ölkələrinin müstəmləkəsi olmasalar da, onları nəzarətdə saxlayıblar.
“Qara qitə”nin üsyankar hakimiyyətlərinin tam müstəqil olmaq istəyi Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelli də ciddi narahat edirdi. Aydın məsələdir ki, Avropanın, xüsusən də Fransanın bu qitədəki talançılığı sona yaxınlaşdıqca, onların isterik reaksiyaları daha aydın anlaşılır.
Nigerin rəhbəri general Çiani son mətbuat konfransında Fransa rəhbərliyini və bu ölkənin xüsusi xidmət orqanlarını ölkəsində vəziyyəti gərginləşdirmək üçün terrorçu qruplaşmalardan istifadə etməkdə də açıq ittiham edib.
Qəribədir ki, Fransa öz hərbi bazalarını Afrikada “terrorizmlə mübarizə” bəhanəsi ilə orada yerləşdirib. Əsl həqiqətdə isə bu bazalar terror infrastrukturunu təşkil edir, onlara təlimlər və təlimatlar verir və onların köməyi ilə Fransanı qitədən qovub suverenliklərini qaytarmaq istəyən ölkələrin qarşısını almaq üçün bölgədə terrorçuların xidmətindən istifadə edirlər. İndi isə çevriliş etmiş yerli hərbçilər fəxr edirlər ki, onlar Fransanı öz torpaqlarından qovmağa müvəffəq olublar.
Fransa rejimi tərəfindən terrorçu dəstələr yaratmaq və qətlləri maliyyələşdirmək ittihamları, əlbəttə ki, Makronun bir neçə ömürlük həbs cəzası alması üçün kifayət edə bilər. Lakin heyf ki, Beynəlxalq Cinayət Məhkəməsi özəl olaraq həmin terrorçulara məxsusdur və onlar isə, təbii ki, “özlərini günahlandıra bilməzlər...”
İlqar RÜSTƏMOV 
XQ

