Bayden Trampı Ukraynanı maliyyələşdirmə razılaşmasını pozmaqda ittiham edib

post-img

ABŞ prezidenti Co Bayden axşam müraciətində sabiq prezident Donald Trampı respublikaçıları Ukrayna, İsrail və Tayvanı dəstəkləmək üçün 118 milyard dollar ayırmaq barədə razılaşmanın, habelə ABŞ sərhədlərinin möhkəmləndirilməsi tədbirlərinin qəbuluna qarşı çıxmaqda ittiham edib. Onun sözlərinə görə, əgər onlar Ukraynanı tərk etsələr, “tarix respublikaçıları mühakimə edəcək”. Cənab Bayden ABŞ Konqresini “bir az cəsarət göstərməyə” çağırıb.

“İndi hər şey göstərir ki, bu məsələ hətta Senatın zalına belə çatmayacaq. Niyə? Sadə səbəbi var. Donald Tramp. Çünki Donald Tramp hesab edir ki, bu, siyasi nöqteyi-nəzərdən onun üçün pisdir”, - Co Bayden vurğulayıb.

Co Baydenin sözlərinə görə, Konqres “Donald Tramp və onun MAGA respublikaçı dostları” (Amerikanı Yenidən Böyük Et) səbəbindən ABŞ sərhədlərinin qorunması məsələsini həll etmək üçün heç bir tədbir görməyib. Çıxış zamanı o, həmçinin deyib ki, respublikaçılar kimə “xidmət etdiklərinə” qərar verməlidirlər - Donald Trampa və ya Amerika xalqına.

Fevralın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı liderlər qanun layihəsinin Senatda müzakirəsinə qarşı çıxıblar.

Xatırladaq ki, fevralın 4-də ABŞ Senatı (demokratların nəzarətindədir) qanun layihəsini təqdim edib. Layihə Ağ Evlə birlikdə hazırlanıb. Sənəd ABŞ-Meksika sərhədinin qorunması üçün 20,23 milyard dollar, Ukraynaya kömək üçün 60,06 milyard dollar, İsrailə 14,1 milyard dollar və Hind-Sakit okean regionunda tərəfdaşlara kömək üçün 4,83 milyard dollar ayrılmasını nəzərdə tutur.

S.ELAY

XQ

 

Dünya