Fransız imperializminə qarşı nifrət dalğası

post-img

Aralıq dənizinin dördüncü ən böyük adası sayılan Korsika tarixi ərzində dəfələrlə işğala məruz qalıb. 1755-ci ildə ada yenidən azadlığına qovuş­sa da, orada Korsika Respublikası elan edilsə də, 1768-ci ildə Fransanın bir hissəsinə çevrilməklə, müstəqilliyi ilə vidalaşıb. Fransaya birləşdiril­sə də, Korsika ötən müddət ərzində müstəqilliyi üçün mübarizəni dayan­dırmayıb. Buna görə də, ada ilə Paris arasında münasibətlər iki əsrdən çoxdur gərgin olaraq qalır və Korsika sakinləri hələ də materikdən ayrı yaşamağa ümid edirlər.

Qərbin bir çox ölkəsi kimi, Fransa da “zəngin” müstəmləkəçilik tarixinə ma­likdir. Bir vaxtlar nəhəng müstəmləkə imperiyasının qalıqları hazırda Fran­sanın müasir dənizaşırı mülkləridir (xa­rici departamentlər, icmalar və xüsusi statusa malik inzibati-ərazi qurumları), onlardan yalnız Fransa Qvianası mate­rikdə yerləşir. Korsika da, həmçinin fran­sız millətçiliyinin qurbanlarından biridir. Uzun illərdir ki, ada sakinləri mərkəzdən ayrılmağa çalışırlar. Lakin hər dəfə Paris korsikalıların müstəqillik istəklərini sərt şəkildə rədd edir, repressiya maşınını işə salır. 

Bununla belə, mübarizə bu gün də davam edir. 2014-cü il iyunun sonunda Korsikanın FLNC adlı radikal təşkilatı fəa­liyyətini dayandırdıqdan sonra ada sakin­ləri Parislə mübarizəni hüquq müstəvisin­də həll etməyə çalışırlar. Ancaq dialoqun dalana dirəndiyini Paris də etiraf edir və Korsikanın mərkəzdən ayrılmasına qar­şı sərt siyasət yürüdür. Bu yaxınlarda Fransa məhkəməsinin Korsikada dövlət qurumlarında yerli dilin qadağan edilməsi ilə bağlı qərarı da bunu təsdiqləyir. Kor­sika Milləti Partiyasının lideri Jan-Kristof Ancelini Fransa məhkəməsinin qərarını “ədalətsizlik və biabırçılıq” adlandırır: “Bu qərar bizim üçün təhqir kimi səslənir”. Qərar BMT-də də tənqid edildi. Təşkilatın milli azlıqlar üzrə xüsusi həmməruzəçisi Fernand de Varenne Parisin qərarını “ay­rı-seçkilik” kimi qiymərləndirdi.

Xatırladaq ki, müstəqillik tərəfdarla­rının sözlərinə görə, Korsika dili bütün sahələrdə – televiziya və radiodan tut­muş ictimai xidmətlərin göstərilməsi və qanunların yazılmasına qədər fransız dili ilə eyni səviyyədə istifadə edilmə­lidir. Amma Paris bu istəyə qarşı çıxır, korsikalıların milli identikliyinin kodu olan dillərini qoruyub saxlamağa im­kan vermir. Fransa artıq tarixə dönmüş SSRİ-nin yolu ilə gedir. Sovet hakimiy­yəti də bütün xalqları, obrazlı desək, bir qazanda bişirib sovet xalqı əldə etmək istəyirdi. Nəticəsi məlumdur, SSRİ arxiv­də, 15 respublikanı təmsil edən xalqlar isə müstəqildir. Müstəmləkə sakinlərini fransız qazanında bişirməyə çalışan, an­caq nifrət və kin qazanan Paris arxaya baxmadan ot basmış təhlükəli çığırla addımlayır. Bundan əlavə, Fransanın Milli Azlıqların Müdafiəsi Konvensiyası­na qoşulmaması ölkənin insan haqları və demokratik dəyərlərlə öyünməsi ilə ziddiyyət təşkil edir. Korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa ha­kimiyyəti dünyanın bir sıra regionlarında separatizmi dəstəkləyir. 

Bir sözlə, bu gün Fransa istəyir ki, Korsika müstəqillik arzusundan əl çək­sin. Ancaq korsikalılar 200 ildən artıqdır ki, öz ideyalarından əl çəkməyiblərsə, onları nəsildən-nəslə ötürüblərsə, indi onlardan əl çəkəcəklərinə inanmaq sa­dəlövhlükdür. Ən azından ona görə ki, bu gün korsikalılar lider hesab etdikləri Paskal Paolinin sözlərini unutmurlar: “Mənim bütün həyatım, deməliyəm ki, azadlığa davamlı and içmək olub”. Fran­sa müstəmləkə hökmranlığına qarşı ya­radılmış “Nazione” hərəkatının təsis edil­məsi də bunu təsdiqləyir. 

Yeni yaradılmış “Nazione” hərəka­tının üzvləri Korsikanın müstəqilliyini istəyirlər. Ancaq Fransa hökuməti təşki­latın iki fəalını hələ də həbsdə saxlayır. Demək lazımdır ki, dünya ictimaiyyəti Fransa bürokratiyasının əzdiyi xalqla­rın taleyinə biganədir. Bu torpaqların yerli xalqları öz hüquq və azadlıqlarının tapdalanması ilə bağlı fəryad qoparsa da, dünya laqeyd şəkildə susur. Tə­zadlı haldır, elə deyilmi? Fransa başqa ölkələrə gəldikdə insan hüquqlarının qorunmasından danışır, lakin öz sərhəd­ləri daxilindəki dəyərlərə əməl etmir. Bir sözlə, bu gün müstəmləkəçiliyin “yaxşı” ənənələrinin uğurla davam etdiyi Fran­sa torpaqlarında baş verənlər birbaşa dövlətin siyasətinin aqressiv və dağıdıcı xarakterindən xəbər verir. Ancaq korsi­kalılar bütün çətinliklərə baxmayaraq, müstəqillik uğrunda mübarizəni qətiyyət­lə davam etdirirlər. 

Aydındır ki, keçmiş müstəmləkə ölkələrində cərəyan edən prosesləri alovlandıran əsas amillərdən biri fransız imperializminə qarşı güclü nifrətdir. Nifrət isə güclü silahdır, tarixi yaddaşı istismar­la, təhqir edilməklə dolu olan xalqların əlində isə daha dəhşətli silahdır.

S.ELAY
XQ

Dünya