“Tramp, Tramp, Tramp...”

post-img

Amerika mediasının aparıcı mövzusu

ABŞ prezidentliyinə əsas namizəd hesab edilən Donald Tramp tərəddüd içində olan və 2024-cü il seçkilərinin taleyini həll edəcək 7 ştatda da qə­tiyyətlə liderliyini davam etdirir. Bu məlumatı “Bloomberg” və “Morning Consult”in keçirdiyi sorğuların nəticələrinə istinadən “Fox News” televi­ziya kanalı yayıb. Aparıcı Lora İnqremin fikrinə görə, “burada təəccüb ediləsi bir şey yoxdur: Amerikalılar Bayden idarəçiliyi dövründə ABŞ-ın nə günə düşdüyünü aydın görürlər”. 

Bəli, “Tramp,Tramp, Tramp...” – Ame­rika mətbuatının bugünkü əsas mövzusu bu­dur. Liberalların seçki öncəsi bütün əhvalı pozulub. Sorğulardan aydın görünür ki, əsas 7 tərəddüd edən ştatda da Tramp əzmlə Bay­deni üstələyir və hətta Tramp 2020-ci ildə məğlub olduğu 4 ştatda da 2024-cü ildə qalib gələ bilər. 

Milyarderlərin Viskonsidə Co Baydenə külli miqdarda vəsait xərcləməsinə baxmaya­raq, Tramp 5 faiz səs çoxluğu ilə liderliyini qoruyub saxlayır. Pensilvaniyada isə eks-pre­zident 3 faiz irəlidədir. Demokratların idarə etdiyi və hər şeyin demokratlar üçün olduğu Nevada da Tramp Baydeni məğlub edir: O, rəqibindən 8 faiz çox səs qazanıb. Corciya ştatında da vəziyyət bunun eynidir. Şimali Karolinada isə Tramp artıq 10 faiz üstünlüklə qalib gəlir. Miçiqanda eks-prezidentin uğur faizi 5, Arizonada isə 3 faiz təşkil edir. 

Aydın görünür ki, ölkəni milyonlarla “nankor və təhlükəli” miqrantlarla doldur­maq o qədər də yaxşı seçki strategiyası deyil­miş. Axı, bu kimin ağlına gələrdi? Xatırlayır­sınızsa, 2020-ci il seçki öncəsi demokratlar göz yaşları içində “Kölgədə gizlənən bütün yoxsul miqrantlara kömək etməliyik!” demiş­dilər. “Kölgədən çıxsınlar, onlara iş versinlər! İndi onlar gizlənmirlər, əksinə öz vəzifələrini icra edən Nyu York polislərini vəhşicəsinə döyürlər”, – deyə “Fox News”un aparıcısı canlı ekrandan amerikalılara səslənib.

Ekranda isə miqrantların törətdikləri va­himə saçan cinayətlər açıq-saçıq nümayiş et­dirilir. Aparıcı Lora İnqremin deyir: “Baxın, bu başkəsənlərə yaxşı baxın! Heç kim buna görə respublikaçıları günahlandırmır, Co (Bayden). İnsanların çoxu elə də axmaq deyil ki, Senatdakı kuklalarınızın sizə siyasi dəstə­yi təmin etmək üçün, saxta sərhəd qanun la­yihəsinin mahiyyətini anlamasınlar. İndi bun­ların heç biri işləmir”.

Sonra ekranda mətbuat konfranslarının birində Prezident Co Baydenə verilən sual və onun cavabı görüntüyə gəlir.

JURNALİST: Siz hakimiyyətin verdiyi səlahiyyətlər çərçivəsində mümkün olan hər şeyi etmisinizmi? Yoxsa, daha çox şey edə bilərdiniz...?

CO BAYDEN: Mən əlimdən gələni et­dim. Sadəcə, mənə səlahiyyətlər verin, mən vəzifəyə gəldiyim ilk gündən bunu istədim. Mənə sərhəd xidməti qüvvələri verin. Mənə adamlar, hakimlər verin. Mənə bunu dayan­dıra biləcək və işləri düzgün yerinə yetirə biləcək adamlar verin. 

Sonra aparıcı heyrət içində Baydenin de­diyi ifadəni səsləndirir: “Mənə sərhəd xidmə­ti qüvvələri verin”. Sizcə, bəs onlar orada nə işlə məşğul idilər?” Həqiqətən, görünür, Bay­den prezident olduğunu və bu 3 ildə bütün sə­lahiyyətlərin sahibi olduğunu belə unudub... 

Lora İnqremin sözünə davam edərək deyir: “Gözlərimiz bizi aldatmaz. Baydenin hakimiyyəti altında cəmi üç il ərzində Ame­rikanın başına gələnləri hamımız görürük! Narkotiklərin leqallaşdırılmasını dəstək­ləyən liberal ştatlarda narkotik böhranı tüğ­yan edir. Təkcə bu kədərli statistikaya diqqət edin: “2019-cu ildə Oreqon ştatında dozadan artıq narkotik qəbul etdiyindən 280 nəfər ölüb. O vaxtdan bəri hər il ölüm sayı artır və 2022-ci ilə qədər bu rəqəm üç dəfədən çox artaraq 956 nəfərə çatıb. Ştat əvvəlki kimi 2023-cü il üçün məlumat toplayır, əgər bu tendensiya davam edərsə, – buna isə şübhə etmək üçün heç bir səbəb yoxdur - dozadan artıq narkotik qəbul edib ölənlərin ümumi sayı 1250-yə çatacaq.

Baydenin adamları guya Çinlə razılığa gəlmək istəyirlər ki, onlar bizim vətəndaşları fentanillə öldürməyə son qoysunlar”.

“Fox News” aparıcısının həyəcan dolu çıxışı davam edir: “Əlbəttə, marixuanadan istifadə edən gənclər arasında şiddətli psixoz və şizofreniya hallarının artdığı gün kimi aydındır. Kaliforniyada bir qadının başına gələnlərə baxın: “Otdan” ağlını itirərək çıl­ğın şəkildə insanlara bıçaqla hücum çəkib! Bayden buna necə reaksiya verdi? Qanun­ları sərtləşdirmədi, yox, amma marixuananı daha az təhlükəli narkotiklər kateqoriyasına daxil etdi! Afərin sizə! Sizcə bizə lazım olan bunlardırmı: daha çox süstlük, daha çox küçə zombisi, daha çox ölüm. Bəs baydenomika necə olsun? Bax, ona görə insanlar Trampa üstünlük verirlər. Bütün sorğular bunu göstə­rir”.

Amerika ictimaiyyəti arasında narazılıq doğuran təkcə Baydenin həyata keçirdiyi miqrasiya siyasəti deyil. Bütövlükdə, ABŞ-ın xarici siyasəti bu gün ən sərt tənqidə məruz qalan sahələrdəndir. Xüsusilə, Ukraynaya olan yardım Amerika siyasi səhnəsində ciddi müzakirə mövzusuna çevrilib. 

Amerikaşünas Malqojat Zaxara-Şamans­ka “Polskie Radio”da aparılan müzakirələrdə bildirib ki, NATO-nun baş katibi Yens Stol­tenberqin bəyan etdiyinə görə, Ukraynaya yardım Amerikanın həyati vacib maraqlarına cavab verir və ona görə də o, hər iki partiya­dan olan ABŞ konqresmenlərini ciddi-cəhdlə buna inandırmağa çalışıb. 

Analitikin qeyd etdiyinə görə, ABŞ konq­resmenləri siyasi oyunlarında özləri özlərini dolaşıq vəziyyətə salıblar. Bununla yanaşı, Bayden administrasiyası Ukraynaya yardım məsələsini ciddi böhrana gətirib çıxaran cə­nub sərhədlərinin mühafizəsində güzəştə get­mək müqabilində müzakirə etmək istəyir. Bu, Respublikaçılar Partiyasını açıq şəkildə seçi­cilərə nümayiş etdirmək üçün olan oyunun bir elementidir.

Polşalı professor Petr Qroxmalskinin fik­rinə görə, Co Bayden daxili siyasəti Ukray­nanı dəstəkləmək məsələsilə birləşdirməkdə çox böyük səhvə yol verib. Ekspert xatırladıb ki, Amerika siyasətində cənub sərhədlərin­dən miqrasiya məsələsi çox-çox əvvəl – bö­yük Buşun vaxtından gündəlikdədir. “Yalnız Bill Klinton miqrasiya qaydalarını bir qədər başqa formada qanunvericilik şəklində təsdiq etmişdi. O vaxtdan bəri hər şey, demək olar ki dəyişib. Bu gün üçün isə bu son dərəcə kəskin problemdir”, – deyə Qroxmalski açıq­layır. 

“Bayden barıt çəlləyini partladıb. Bu baxımdan vəziyyət həqiqətən çox mürəkkəb­dir, hər iki tərəf sərt elektoratla bağlı mən­tiqin qanunlarına əsasən oynayır”, – deyə polşalı professor fikrini yekunlaşdırır. 

Amma Co Baydeni indidən hesabdan sil­mək də doğru olmazdı. Belə ki, ötən şənbə günü Co Cənubi Karolinada keçirilən pray­merizdə 97 faiz səs qazanaraq öz qələbəsinə doğru ilk addımını atıb. “The Associated Press” yazır ki, onun opponentləri Minneso­ta ştatını Nümayəndələr Palatasında təmsil edən Din Fillips və yazıçı Marianna Uilyams heç 2 faizlik həddi belə adlaya bilməyiblər. Demokratlar partiyasında rəqabətin zəif ol­ması özü-özlüyündə aydındır, çünki onların əsas namizədi Ağ evin hazırkı sahibidir. 

Cənubi Karolinada 55 nümayəndənin səsi uğrunda mübarizə gedir və bülletenlə­rin hesablanması başa çatandan sonra onlar siyasətçilər arasında bərabər bölünəcək. Par­tiyanın 18-22 avqust Çikaqoda keçiriləcək qurultayında Co Baydenə formal olaraq öz namizədliyini irəli sürmək üçün 1969 səs əldə etmək lazım gələcək. 

Yeri gəlmişkən, yanvarın 23-də Nyu-Qep­şerdə keçirilən praymerizdə də Bayden 63,9 faiz səslə qalib gəlmişdi. Lakin Demokratlar Partiyasının Milli Şurası ştatı nümayəndələr­dən məhrum etdi. Çünki demokratlar istə­yirdilər ki,elektorial təqvimdə əhalisi böyük etnik və irqi müxtəlifliyi ilə fərqlənən Cənubi Karolinada keçiriləcək praymeriz ilk tədbir olsun, amma yerli hakimiyyət ştatın 1975-ci il qanununa istinad edərək səsverməni geri çəkməkdən imtina etdi. Bundan əlavə, Bay­den 2020-ci ildə özünün ilk prezidentlik müddətinə seçilməsinin qələbə marafonuna da məhz Cənubi Karolinadan başlamışdı. 

Rəqibini sərt ironik ifadələrlə tənqid edən Tramp isə özünə sadiq qalaraq Nevada şta­tında seçiciləri qarşısında çıxışı zamanı bildi­rib ki, “Baydenin miqrantları ABŞ-ı içəridən dağıdan kütləvi qırğın silahıdır. Milyonlarla qeyri-leqalı ölkəyə buraxan və buna göz yuman Bayden administrasiyası əsl həqiqət­də Amerikanı məhv edir”. Tramp Baydenin hərəkətini “millətə qarşı cinayət” kimi qiy­mətləndirib və buna görə onun Amerika xalqı tərəfindən mühakimə olunacağını de­yib. 

“The New York Times” nəşri, həmçi­nin bildirir ki, Tramp Baydenin sərhədlə və Ukrayna ilə bağlı sövdələşməsini sərt tənqid edərək respublikaçıları hakimiyyətə güzəştə getməməyə çağırıb. O, Nevadada Baydenin irəli sürdüyü miqrasiya və Ukrayna üzrə hər iki partiyanın sazişini də çox kəskin tənqid edib və bildirib ki, bu, heç bir vəchlə sərhəd problemini həll etməyəcək. 

“The New York Times” nəşri vurğulayır ki, respublikaçıların namizədləri arasında Donald Trampın lider mövqeyi gündən-günə yalnız möhkəmlənir. Bununla belə, eks-pre­zidentin seçki yürüşündə qalan yeganə rəqi­bi Nikki Xeyl özünün hələ də bu marafonda olduğunu Trampa xatırlatmaq üçün bütün imkanlardan istifadə edir. Lakin bu, Trampın mövqeyinin durmadan möhkəmlənməsinə elə də təsir göstərmir və çətin ki, Nikki Xeyl buna mane ola bilsin. 

P.S. Bazar günü Donald Tramp “Fox News” telekanalına eksklüziv müsahibə­sində ABŞ-ın Suriya və İraqdakı bir çox obyektləri bombardman etməsinə müna­sibətini açıqlayarkən bildirib ki, “60 gün müddətində İran nüvə silahına sahib ola­caq”. O, həmçinin bəyan edib ki, Bayden öz prezidentlik müddətinin qalan 9 ayı ərzində Amerikanı Üçüncü Dünya müha­ribəsinə apara bilər. Ona hörmət etmirlər. O, öz işini yerinə yetirə bilmir. Bunu hamı bilir ki, onun yerinə kimlərsə qərar verir­lər”. 

İlqar RÜSTƏMOV
XQ

Dünya