“Türkmənşəli arxaizmlər lüğəti”

post-img

(XIII-XVIII əsr Azərbaycan yazılı abidələri əsasında)

Hər hansı dilin zənginliyinin mühüm cəhətlərindən biri də onun lüğət ehtiyatı ilə bağlıdır. Adətən, dildə fikirlərin daha dəqiq, uğurlu və bütünlüklə ifadə olunma­sında sözün rolu və əhəmiyyəti misilsizdir. 

Elə buna görə də bəşəriyyətin ta­rixi boyu elm və sənət adamları, böyük təfəkkür sahibləri dilin gözəlliyindən danı­şarkən həmişə onun söz ehtiyatına xüsu­si diqqət yetiriblər, sözün sehrli, ecazkar qüvvəsindən danışıblar, varlığın möh­təşəm sənət incilərinin yaradılmasında sözün əvəzsiz imkanlarından bəhs edib­lər. Dil tədricən tarixin daş yaddaşı kimi təmsil etdiyi xalqın zəngin bir salnamə­sinə çevrilib, tarixi hadisələrin, faktların simvolu kimi formalaşıb, onları özündə hifz edib. Bu zaman zəngin söz xəzinə­sinə çevrilib, lüğətlərin, qamusların sə­hifələrində yeni ömür, həyat yaşamağa başlayıb. 

Bu sözləri “Türkmənşəli arxaizmlər lüğəti”nə də fəxarətlə aid edə bilərik.Hə­min lüğətlə bağlı AMEA Nəsimi adına Dil­çilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində, dilçiliyimizdə ilk dəfə olaraq, irihəcmli tarixi lüğət layihəsi həyata ke­çirilmişdir. Azərbaycanın orta əsr yazılı abidələrindən toplanmış nümunələr əsa­sında hazırlanmış 3 cildlik “Türkmənşəli arxaizmlər lüğəti”nin I cildi artıq çapdan çıxmışdır.

Azərbaycan dilçiliyində elmi yeni­lik olan bu qiymətli mənbəni ərsəyə gətirənlər onun lüğətçilik baxımından mükəmməl olması üçün çox böyük əmək sərf etmişlər. Bu leksikoqrafik əsərə arxaizmlərin bütün leksik, semantik, fo­netik və qrammatik növləri daxil edilmiş­dir. Göstərilən və aşağıda sadalanacaq xüsusiyyətlər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya və fonetika sahələrinin konk­ret dövrləri üzrə gələcək tədqiqatlar üçün geniş imkanlar açır.

Yeni lüğətdə əks olunmuş leksik arxaizmlərdən (müasir ədəbi dildə işlən­məyən sözlər) ağmaq – çıxmaq, ağgöz – gözünün ağı çox olan, aluluğ – axmaqlıq, andağı – ondakı, balçaq – qılıncın qəbzə­si, çəri – qoşun, çigləmək - tapdalamaq, çoxmaq/çoqmaq – cummaq, hücum etmək və s.; semantik arxaizmlərdən (müasir dövrdə işlənən, lakin mənası də­yişmiş sözlər) banlamaq – azan oxumaq, bərk – dönməz, möhkəm, iradəli, daş­lamaq – atmaq, tullamaq və s.; fonetik arxaizmlərdən (səslənməsi köhnəlmiş sözlər) aqlıq/axlıx – ağlıq, dəprənmək – tərpənmək, dəgşirmək/dəgşürmək/dəyşirmək – dəyişmək, dəyişdirmək və s.; qrammatik arxaizmlərdən (sözlərin müasir dildə müşahidə olunmayan köh­nəlmiş qrammatik formaları) açılğan – açılan, ağlayu – ağlayaraq, andan/andin – ondan və s., aydınrak/aydınraq – daha aydın, altunlığ – qızıllı, atlığ – atlı, atı olan, birlə/birlən – ilə, - la, -lə və s. misal gətirmək olar. 

Lüğətdə hər bir baş sözə aid nü­munələr xronoloji ardıcıllıqla düzülmüş­dür: “Kitabi Dədə Qorqud” dastanı ilk sı­rada yer alır, arxasınca XIII əsr və digər abidələr (ta XVIII əsrə qədər). Bu zaman sözlərin həm mənaca inkişafını, həm də işlənmə intensivliyini aşkar izləmək müm­kündür: bəzən bir söz yalnız bir müəllifin dilində izləndiyi halda, digəri bütün əsər­lərdə ümumişləkdir. Məsələn, müasir dilimizdə arxaik hesab etdiyimiz bulmaq feilinin XVIII əsrə qədər bütün nəzm və nəsr əsərlərində tam aktiv şəkildə oldu­ğu müşahidə edilir. Amma fonetik arxa­izm olan ağrığ sözünə XIII əsr abidəsi olan İbn Mühənna lüğətində və ən son “Şeyx Səfi” (XVI əsr) təzkirəsində rast gəlinir. Sonrakı dövrlərə aid mənbələrdə görmədiyimizə görə, deyə bilərik ki, XVI əsrdən sonra həmin fonetik variant işləklikdən qalmışdır. Yaxud biləmcə leksik arxaizminə ilk olaraq XIV əsrdə “Fütuhüş-Şam”da, daha sonra XVI əsrdə “Şeyx Səfi” və “Şühədanamə” tərcümə əsərlərində işlənir. 

“Türk mənşəli arxaizmlər lüğəti”ndə verilən izahlar və sıralanma şöbə əmək­daşları tərəfindən sitatların kontekstinə və mötəbər, etibarlı lüğətlərə əsasən müəyyənləşdirilmişdir. Lüğət məqaləsi­nin tərtibatında, təbii olaraq, tarixi lüğətə xas semantik bölgü prinsipi həyata keçi­rilmişdir. Müasir dilin izahlı lüğətlərində baş sözün semantik bölgüsü zamanı bi­rinci məna yerində onun müasir dildəki həqiqi mənası verilirsə, tarixi lüğətin lü­ğət məqalələrində öndə ən qədim və fəal işlənən mənası yer almalıdır. 

Bundan başqa, orta əsrlərdə vahid ədəbi dil və vahid daimi orfoqrafik nor­maların olmaması və əski ərəb qrafikası­nın sait səsləri dəqiq ifadə edə bilməməsi müasir dövrdəki tranfoneliterasiyalarda fərqliliklərə gətirib çıxarmışdır. Bu sə­bəbdən Azərbaycan yazılı abidələrində müşahidə edilən sözlərin bütün fonetik variantlarının lüğətdə əks etdirilməsinə çalışılmışdır. Məsələn, aymaq (demək, söyləmək) feilinin ayıdmaq, ayıtmaq, aytmaq, etmək, eytmək, əytmək; aydı vermək, edü vermək, eyidi vermək, eydi­vermək, eydü vermək kimi fonetik və sin­taktik variantları mövcuddur. Sındırmaq mənasını ifadə edən üşətmək / uşatmaq feilinin fonetik variantlarını da misal gə­tirmək olar. Lüğətdə bu sözlər əlifba sı­rasına görə aralı düşdüyündən bir-birinə baxdırılmışdır.

Lüğətdə daha önəmli məqamlardan biri arxaik morfoloji əlamətlərin istifa­dəçilər üçün şərh edilməsidir. Məsələn, -ısar/-isər, -daçı/-dəçi və -ğay/-gay gələcək zaman şəkilçiləri, -van/-vən I şəxsin təkinin xəbərlik şəkilçisi, -duq/-dük həm təyin, həm də şühudi keçmiş zamanın feili yerində işlənə bilən qədim oğuz şəkilçisi, -ıban(ı)/-ibən(i) feili bağla­ma şəkilçisi və s. 

“Türk mənşəli arxaizmlər lüğəti”nin layihə rəhbəri isə Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydəro­vadır. Şöbə əməkdaşları lüğətin tərti­batını iki mərhələdə yerinə yetirmişlər: mənbələrdən nümunələrin toplanması və baş sözlər əsasında əlifba sırasına düzülməsi; ayrı-ayrılıqda toplanmış ma­terialların qəbul edilən tərtibi prinsiplər əsasında hərflər üzrə birləşdirilməsi və vahid lüğət halına salınması. 

“Türk mənşəli arxaizmlər lüğəti” lek­sikoqrafiyamızda tarixi lüğət baxımından ilk təcrübə olmaqla, uğurlu bir layihədir və Azərbaycan dili tarixinin tədqiqi sahə­sində aparılacaq elmi araşdırmalar üçün əvəzolunmaz məxəzdir.

Nadir MƏMMƏDLİ,
Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor

İsmayıl MƏMMƏDLİ,
Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, professor

Sosial həyat