Nils Borun kranından pivə axırmış...

post-img

II yazı

Dahi Danimarka fiziki Nils Bor barədə I yazıda qeyd etmiş­dik ki, bu qeyri-adi zəka sahibi 1922-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Maraqlıdır ki, alimin oğlu pro­fessor Oqe Bor 53 ildən sonra, 1975-ci ildə fizika üzrə Nobel mükafatçısı olmuşdur. Nəvə To­mas Bor da fizika üzrə profes­sordur, lakin hələlik Nobel mü­kafatı ala bilməmişdir. 

Yeri gəlmişkən, Nils Borun atası Kristian Bor fiziologiya və tibb sahələ­rində Nobel mükafatına iki dəfə na­mizəd olub. N.Borun anası Elen Adler (1860-1930) yəhudi ailəsindən çıxıb və müasirlərinin yazdığına görə, oğ­lunun Nobel mükafatı aldığı xəbərini eşidəndə, təbii ki, çox sevinib. 

Danimarkalı dahi fizik yüksək yu­mor hissinə malik insan idi və çox say­da dostları vardı. 

Alim qonaqpərvərliyi və səmimiy­yəti ilə seçilirdi. Tələbələrini və həm­karlarını tez-tez öz bağında qonaq edərmiş. Bir dəfə N.Borun evinə qo­naq gələn cavan fiziklərdən biri evin giriş qapısının üstündə mismarlanmış at nalı görür. O, üzünü müəlliminə tu­taraq deyib:

– Siz böyük elm adamı, professor­sunuz, bu cəfəng şeylərə niyə inanır­sınız? 

Bor gülümsəyərək belə cavab verib:

– Əlbəttə, inanmıram, lakin deyir­lər ki, nal hətta ona inanmayanlara da uğur gətirir! 

Bir dəfə isə böyük fiziklər üçün təşkil edilən ziyafətdən sonra alim vəzifələri bölüşdürən zaman qabları yumağı öz öhdəsinə götürür və adəti üzrə burada da orijinal dəlil tapır: 

– Bizim qab yumaq işimiz bir növ dilin funksiyalarına bənzəyir. Belə ki, yuma zamanı suyun da, qab dəsmal­larının da kirli olmasına baxmayaraq, biz, nəticə etibarilə, boşqabların təmiz­liyinə nail oluruq. 

Həmkarlarının onu diqqətlə izlə­diyindən məmnun qalan təvazökar alim sözünü belə davam etdirir:

– Dildə də, həmçinin aydınlaşdırıl­mamış anlayışlar və tətbiq sahəsinin sərhədlərini bilmədiyimiz məntiqin ol­duğuna baxmayaraq, biz onun vasitə­silə təbiəti dərk etməyə nail oluruq.

Bu, necə deyərlər, “Daşdan keçən” arqumentdən sonra dostları “nobelçi” fizikin ziyafətdəki qabları yumasına etiraz etməyiblər. 

Danimarkalı dahinin həyatında çə­tin, təhlükəli anlar da az olmayıb. 

Belə ki, N.Bor İkinci Dünya müha­ribəsi vaxtı işğal olunmuş Danimar­kadan ABŞ-a gizlin mühacirət etmək qərarına gələndə, özü ilə Nobel müka­fatının medalını götürməyə risk etmir. O, qızıl medalı çar suyunda (xlorid və nitrat turşuları qatışığı) əridib, xüsusi qabda şkafın görünən bir yerinə qoy­muşdu. Müharibədən sonra ölkəsinə qayıdan Bor qızılı məhluldan çıxara­raq, özünə yeni qızıl medal sifariş et­mişdir.

Bir maraqlı cəhəti də qeyd etmək yerinə düşər. N.Bor pivə içməyi çox sevirmiş. Bunu eşidən qonşuluqdakı pivə zavodunun sahibi alimin evinə boru çəkdirir. Beləliklə, N.Bor istədiyi an kranı açaraq evində ən dadlı pivə içirdi və belə imtiyaz sahibi olduğu barədə hər yerdə söz açardı. O zaman yerli qəzetlər yazmışdılar ki, N.Bor evinə 24 saat fasiləsiz birinci növ pivə axan ilk planet sakinidir.

Görkəmli alim 77 yaşında 1962-ci il noyabrın 18-də Kopenhagendə öz evində ürəktutmasından vəfat edib. D.Mendeleyevin dövri cədvəlində 105-ci element onun şərəfinə nilsborium (Ns) adlandırılıb. Müasirləri Nils Boru XX əsrdə A.Eynşteyndən sonra fizika sahəsində ikinci böyük alim hesab edirdilər. 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Dünya