Kiyevin silah-sursat problemi artır

post-img

Cəmi ay yarımdan sonra Rusiya–Ukrayna müharibəsinin başlanmasının ikinci ili tamam olacaq. Bu ağır silahlı qarşıdurma hər iki ölkənin iqtisadiyyatına ağır zərbələr vurub. Ən başlıcası, bir vaxtlar dost sayılan bu xalqlar müharibədə on minlərlə oğul və qızını itirib. 

Hazırda döyüşlər isə bütün cəbhə boyu davam edir. Dünən Ukrayna Silah­lı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu dağıdıb. Bu barədə Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko özünün “Teleqram” saytında yazıb. 

O bildirib ki, Ukrayna Ordusu Qranit­noye kəndi ərazisinə dəqiq zərbələr en­dirib. Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb. Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir. 

Bununla bərabər, Ukraynanın si­lah-sursat sarıdan problemləri durmadan artır. Görünən budur ki, Qərbin maliyyə yardımının getdikcə azalması Ukrayna­nın daha ucuz dronlara üstünlük vermə­sinə səbəb olur. 

Dünən “FPV” pilotsuz təyyarə layihə­sinin koordinatoru Boqdan Danilov bildi­rib ki,Ukraynanın son zamanlar modern silahlara olan tələbatı çox artıb. Onun sözlərinə görə, Kiyev gələcəkdə adıçə­kilən dronlar üçün bütün komponentləri ölkə daxilində istehsal etməyi planlaşdı­rır. Ukrayna Prezidenti Volodimir Zelens­ki isə bildirib ki, bu il ölkədə 1 milyon dron istehsal olunacaq. 

Bu arada məlum olub ki, ABŞ Uk­raynanı “Patriot” raketlərinin mərmiləri ilə uzun müddət təmin edə bilməyəcək. “The New York Times” qəzeti bu barədə ABŞ-dakı mənbələrə istinadən yazıb. 

Qeyd olunub ki, səbəb maliyyədir. Belə ki, bu sistemlər üçün təkcə kəsici mexanizmlərin qiyməti 2–4 milyon dol­lardır. Ukrayna Silahlı Qüvvələrinin adı açıqlanmayan zabiti məsələyə müna­sibət bildirirəkən söyləyib ki, bu, Kiyevə baha başa gələ bilər: “Xarici tərəfdaşları­mız bizdən üz döndərsələr, müharibənin başlanğıcına qayıdacağıq. İnsanlarımız sığınacaqlardan çıxa bilməyəcəklər, qar­şı tərəf şəhərlərimizi xarabalığa çevir­məyə davam edəcək”. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyu­nundan əks-hücum əməliyyatları həyata keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Prezident Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyini dayandırsa, ölkəsi geri çəkilməyə məcbur olacaq. Prezident əks-hücum əıməliyyatının uğursuz olduğunu da etiraf edib. 

Yeri gəlmişkən, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Konqres Ukrayna üçün əlavə büdcə ayırmalarını təs­diqləməkdən imtina edərsə, Ağ ev ad­ministrasiyası 2024-cü ilin yanvarından Ukraynaya yeni silah paketləri ötürmək imkanını itirəcək. 

M.HACIXANLI
XQ

Dünya