Çinin ABŞ-a cavab sanksiyaları

post-img

Çin hökuməti ABŞ-ın Tayvan administrasiyasına silah verməsi, eləcə də Çin müəssisələri və fiziki şəxsləri ilə bağlı məhdudiyyətlər tətbiq etməsi ilə əlaqədar bu ölkənin beş şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Birləşmiş Ştatlar Çinin Tayvan böl­gəsinə silah satmaqla və müxtəlif bə­hanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiya­lar tətbiq etməklə “vahid Çin” prinsipini açıq şəkildə pozur”, – deyə XİN-in bə­yanatında bildirilir. 

ABŞ tərəfinin yol verdiyi ciddi po­zuntulara cavab olaraq, Çin Xalq Res­publikasının “Xarici sanksiyalara qarşı mübarizə haqqında” qanununa uyğun olaraq, “BAE Systems Land and Arma­ment”, “Alliant Techsystems Operation”, “AeroVironment”, “ViaSat və Data Link Solutions” şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərara alınıb.

Çin XİN-in məlumatına görə, tət­biq edilən sanksiyalar bu şirkətlərin ölkə ərazisindəki daşınmaz əmlakı da daxil olmaqla onların aktivlərinin don­durulmasını nəzərdə tutur. “Təşkilatlar və şəxslərə onlarla əqdlər bağlamaq, əməkdaşlıq etmək və ya digər qarşılıqlı fəaliyyət növlərini həyata keçirmək qa­dağan edilir”, – deyə bəyanatda vurğu­lanır.

Sənəddə vurğulanır ki, Birləşmiş Ştatlar öz hərəkətləri ilə Çinin suveren­liyini, dövlət təhlükəsizlik maraqlarını, müəssisə və şəxslərinin qanuni hüquq­larını pozur və “Tayvan boğazında sülh və sabitliyə ciddi ziyan vurur”.

Bəyanatda deyilir: “Çin bu cür təd­birlərdən qəti şəkildə narazıdır. Çin hö­kuməti öz ölkəsinin suverenliyini, təh­lükəsizliyini və ərazi bütövlüyünü, Çin müəssisələrinin və vətəndaşlarının qa­nuni hüquq və mənafelərini qorumağa sadiqdir. Biz israr edirik ki, ABŞ tərəfi “vahid Çin” prinsipinə, Çin və ABŞ-ın üç birgə kommünikesinin müddəalarına riayət etsin, beynəlxalq hüquqa və bey­nəlxalq münasibətlərin əsas normalarına hörmət etsin, Tayvanı silahlandırmaqdan və birtərəfli qaydada qeyri-qanuni sank­siyalar tətbiq etməkdən çəkinsin”. 

Cin XİN Vaşinqtonun Tayvanla hər­bi-texniki əməkdaşlığından ciddi nara­hatlıq keçirdiyini bildirib. 

Qeyd edək ki, Tayvan 1949-cu il­dən özünün administrasiyası tərəfindən idarə olunur. Lakin əksər ölkələr, o cüm­lədən Rusiya adanı Çinin əyalətlərindən biri hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kə­sib və ÇXR ilə əlaqələr qurub. Hazırda isə “vahid Çin” siyasətinə sadiqliyini eti­raf edən Birləşmiş Ştatlar Tayvan admi­nistrasiyası ilə əlaqələri davam etdirir, hətta adanı silahla təmin edir. 

Paşa ƏMİRCANOV
XQ

Dünya