Milli Dram Teatrının sənət hesabatı

post-img

Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan milli peşəkar teatrının yaranmasının 150 illiyi ilboyu yaddaqalan tədbirlərlə qeyd edilib. Mədəniyyət Nazirliyinin silsilə aksiyaları çərçivəsində regionlara qastrol səfərləri təşkil olunub. Akademik Milli Dram Teatrı da bu layihədə fəal iştirak edərək, Lənkəran, Şəki və Mingəçevirdə tamaşalar göstərib. 

Qastrollarda teatr kollektivi İlyas Əfəndiyevin “Hökmdarın taleyi” əsəri əsasında Mərahim Fərzəlibəyovun qu­ruluş verdiyi “Qarabağnamə”, Əli Əmir­linin pyesi əsasında Azərpaşa Neməto­vun hazırladığı “Ah, bu uzun sevda yolu” və “Məlikməmməd” nağıl-tamaşalarını oynayıb. 

Ümummilli liderin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi də yaddaqalan olub. Layihə üzrə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaçılara təqdim edi­lib. İkihissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgən­dəri isə Əməkdar artist Anar Heybətov canlandırıblar. Qeyd edək ki, “Ölülər” tragikomediyası Ulu öndərin ən çox sevdiyi əsər olub. 

Ötən il həm də Dövlət Akademik Milli Dram Teatrında yubiley mərasimləri də təşkil olunub. Xalq artistləri Rafiq Əzi­movun anadan olmasının 85 illiyi müna­sibəti ilə keçirilən tədbirdən sonra onun rol aldığı “Qarabağnamə” tamaşası təq­dim edilib. Tofiq Kazımovun 100 illiyinə həsr edilmiş yubiley gecəsi isə Şıxəli Qurbanovun “Sənsiz” əsərinin yeni qu­ruluşda premyerası ilə yadda qalıb. Xa­tırladaq ki, sözügedən əsər səhnəyə ilk dəfə 1967-ci ildə məhz Tofiq Kazımovun quruluşunda gəlib. Teatrda Xalq rəssa­mı Nazim Bəykişiyevin 75 illik yubileyi də qeyd olunub. 

Şıxəli Qurbanovun “Sənsiz” tamaşa­sının təqdimatından sonra Anarın “Dan­tenin yubileyi” tamaşasının premyerası olub. Daha bir yeni tamaşa Çingiz Ay­tmatovun “Əsrə bərabər gün” əsərinin motivləri əsasında hazırlanır. Səhnə işinə teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə quruluş verib, tamaşa bu yaxınlarda təqdim ediləcək. 

Teatrın ölkənin sərhədlərindən kə­narda da uğurlu çıxışları olub. Kollektiv Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. Festivalın repertua­rında N.Dumbadzenin əsərləri və gürcü yazılı nümunələrinin səhnə təfsiri əsa­sında hazırlanan tamaşalar yer alıb. Te­atr Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib. Tama­şanı festivalın münsiflər heyəti yüksək dəyərləndirib və “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatı­na layiq görüb.

Ötən ilin noyabrında Sankt-Peter­burqda keçirilən mədəniyyət forumun­da 73 ölkənin nümayəndələri qarşısın­da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İl­ham Əsgərov da çıxış edib. O, həmçinin Aleksandrinsk Teatrının direktoru Ser­gey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şastakoy və Serbiya Respublikası Milli Teatrının direktoru Diana Qrbiç ilə görüşərək, qar­şılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb. Bu barədə açıqlama verən İlham Əsgərov bildirib ki, xarici ölkələrin teatr­ları ilə əməkdaşlığın qurulması Azərbay­canın mədəni əlaqələrinin daha da möh­kəmlənməsinə kömək edəcək.

R.QURBANLI
XQ

Mədəniyyət