Xaricə gedənlər, ehtiyatlı olun!

post-img

2023-cü il başa çatır, qarşıdan bizi bir həftəlik bayram tətili gözləyir. Sevimli bayram günlərində tətili Bakıda, yaxınlarını ətrafında keçirməyi planlaşdıranlar da var, Yeni il atəşfəşanlığını uzaq ölkələrdə, hətta okeanın o tayında da izləmək istəyənlər də. Əlbəttə, bütün bunlar təbii və anlaşılan istəklərdir. Amma hazırda Yeni ili uzaq ölkələrdə qarşılaşamaq nə qədər təhlükəsizdir?

Əlbəttə, söhbət müharibənin tüğyan etdiyi ölkərə yollanmaqdan getmir. Dünyanı hazırda təkcə silahlı münaqişələr yox, həm də müxtəlif yoluxucu xəstəliklər də təhdid edir. Hər kəs 2020-ci ildə COVİD-19 pandemiyasının təsirini hələ də xatırlayır. Həmin pandemiya dünyada hər kəsin həyatına güclü təsir göstərmişdi. İnfeksiya nisbətlərini azaltmaq üçün görülməmiş tədbirlərə məcburi karantin, komendant saatı və hərəkət məhdudiyyətləri daxil edilmişdi. Dünyanı lərzəyə salan epidemiaydan üç il ötür. Amma təhlükə yenə də qalır. Son günlər yayılan məlumatlarda bildirilir ki, dünya yeni virus epidemiyası ilə qarşılaşa bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, dünyada COVID-19 virusunun “JN.1” ştammı yayılır və bu ştamm diqqətə alınması vacib virusdur. Bu virusun daha çox Hindistan, Çin və ABŞ-da aşkar edildiyi vurğulanır. 

Bəs virusun yenidən “xortlaması” nə ilə bağlıdır? “Financial Times” (FT) yazır ki, yeni COVID-19 “JN.1” variantının yayılması amerikalıların peyvənd olunmağa maraq göstərməmələridir. Qəzet ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (XNQAM) hesablamalarına istinadən qeyd edir ki, "omikron" ştammının alt variantı hazırda ölkədə koronavirus infeksiyası hallarının 44 faizdən çoxunun səbəbidir. ÜST Fransa, ABŞ, Sinqapur, Kanada, Böyük Britaniya və İsveç də daxil olmaqla 41 ölkədə “JN.1” yoluxma hallarını qeydə alıb və təşkilat virusun yayılmasının qış aylarında arta biləcəyini bildirib. FT yazır ki, dekabrın 22-nə olan məlumata görə, ABŞ-da böyüklərin təxminən 18 faizinə yenilənmiş COVID-19 peyvəndi vurulub. 

Bununla belə, COVID-19-ə yoluxanların sayında artım müşahidə olunur. Xüsusilə də qrip mövsümündə infeksiyanın yayılmasının artacağı proqnozlaşdırılır. ÜST də dünyada koronavirusa yoluxma hallarının 50 faizdən çox artdığını bildirir. Təşkilatın məlumatına görə, noyabrın 20-dən dekabrın 17-dək 850 mindən çox insan COVID-19-a yoluxub. Razılaşın ki, heç də kiçik rəqəm deyil. Ona görə də, Yeni ili qarşılamaq üçün xarici ölkələrə gedən zaman COVİD-lə ehtiyatlı davranmağı unutmayın. 

S.ELAY 
XQ

 

Dünya