Noyabrın 30-dan Finlandiya ilə Rusiya arasında 1300 kilometrlik sərhədin bağlandığı bildirilir. Finlər yaxın iki həftə ərzində sərhədin bağlanması qərarını Rusiya ərazisindən Yaxın Şərq və Afrika qaçqınlarının kəskin axınının qarşısını almaq istəyi ilə əsaslandırlar. Rusiya isə sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün atılan belə tədbirləri “artıq” hesab edir.
Finlandiyanın Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlaması mərhələlərlə, lakin çox dinamik şəkildə baş verib. Hələlik finlər dekabrın 13-ü daxil olmaqla sərhədi bağlı saxlamaq qərarına gəliblər, lakin Finlandiya sərhəd xidmətinin nümayəndəsi Matti Sarasmaa bağlanma qərarının daha iki həftə müddətinə uzadıla biləcəyini deyib. Beləliklə, yaxın günlərdə iki ölkənin 1300 kilometrlik sərhədini quru yolu ilə yalnız dəmir yolu ilə keçmək mümkündür. Bunu da ancaq yük maşını və Finlandiyanın cənub-şərqindəki Vainikkala sərhəd keçidi vasitəsilə həyata keçirmək mümkün olacaq.
Rusiya KİV-i də 1939-1940-cı illər Sovet–Finlandiya müharibəsindən sonra ilk sərhədin bağlanmasının səbəbinin miqrantlar olduğunu xatırladır. Finlandiya Sərhəd Xidməti təkcə noyabr ayında Rusiyadan Finlandiyaya Somali, Yəmən, İraq və Suriya kimi ölkələrdən 900-dən çox miqrantın gəldiyini bildirir. Helsinki belə qeyri-adi kütləvi qaçqın axınında Moskvanın “əli” olduğunu düşünür. Kəşfiyyat məlumatlarına əsaslanaraq Finlandiya tərəfi hesab edir ki, sığınacaq axtaranların sərhədə çatmasına məhz Rusiya kömək edir. Bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib və bu cür hərəkətləri Moskvanın “hibrid əməliyyatı” adlandırıb. Finlandiya prezidenti Sauli Niinistö isə qeyd edib ki, Rusiyanın təşkil etdiyi Finlandiyaya miqrant axını Skandinaviya ölkəsinin NATO-ya daxil olması üçün “Kremlin qisası”ndan başqa bir şey deyil.
Helsinkidən sonra estonlar sərhəd məsələsində təcili addımlar atmağa başladılar. Ötən həftə Stokholmda keçirilən Şimal-Baltik sammitində Estoniyanın müdafiə naziri Hanno Pevkur son həftələrdə Finlandiyanın Rusiya ilə sərhədinə gələn yüzlərlə insanın “tamamilə dövlət tərəfindən təşkil olunmuş əməliyyatın” bir hissəsi olduğunu təkrarladı. Lakin Tallin hələlik Rusiya ilə sərhədləri bağlamamaq qərarına gəlib. Estoniya daxili işlər nazirliyinin rəhbəri Lauri Läänemetsin “Euronews” telekanalına müsahibəsində bildirib ki, Tallin Rusiya–Finlandiya sərhədi bağlandıqdan sonra Rusiyadan gələn miqrasiya təzyiqinə hazırdır: “ Miqrasiyanın Estoniyanın sərhədlərinə və ya sərhəd məntəqələrinə yayılacağı təqdirdə bütün hazırlıqları görmüşük”. Litva və Norveçdə də analoji gözləmə mövqeyi nümayiş etdirir. Hər iki ölkə gələcəkdə Finlandiya kimi analoji addım atacaqlarını istisna etməyiblər, lakin hələlik Rusiya ilə sərhədlərini bağlamamaq qərarına gəliblər.
Rusiya KİV-i yazır ki, Moskva ilə Helsinki arasında miqrantlarla bağlı münaqişə NATO rəhbərliyindən də yan keçməyib. NATO-nun baş katibi Yens Stoltenberq bu həftəki çıxışında bildirib ki, miqtantlarla bağlı son proses Rusiyanın qonşularına təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə etməsinin başqa bir nümunəsidir: “Biz onların enerjidən, kiberhücumlardan və demokratiyamızı sarsıtmaq üçün müxtəlif növ gizli əməliyyatlardan necə istifadə etdiklərini gördük”. İsveçin baş naziri Ulf Kristersson isə noyabrın 27-də Helsinkidə fin həmkarı ilə birgə keçirilən mətbuat konfransında qeyd edib ki, Finlandiya sərhədini qorumaq ortaq məsuliyyətdir və Finlandiya bunu istəsə, o, mütləq qonşularını dəstəkləyəcək. Lakin polyaklar müraciət gözləmədən Finlandiyaya yardım göndərəcəklər. Noyabrın 29-da Polşa milli təhlükəsizlik bürosunun rəhbəri Jacek Sievera bildirib ki, “çox yaxın gələcəkdə” Varşava ölkənin Rusiya ilə sərhədinin mühafizəsinə kömək etmək üçün Finlandiyaya bir qrup hərbi qulluqçu göndərəcək. Onun sözlərinə görə, belə bir razılaşma noyabrın 20-21-də Varşavada Finlandiya prezidenti ilə polşalı həmkarı Anjey Duda arasında keçirilən görüşdə əldə olunub.
Gözlənildiyi kimi, Rusiya Finlandiyanın sərhədlərini bağlamasına məndi yanaşdığını açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 29-da jurnalistlərə bildirib ki, belə bir münaqişə yoxdur: “Finlandiyanı heç kim və heç nə təhdid etmir. Bütün bunlar sərhəd təhlükəsizliyini təmin etmək üçün lazımsız tədbirlərdir. Heç bir təhlükə yoxdur və reallıqda gərginlik yoxdur”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, “Helsinki öz qərarı ilə təkcə Moskva ilə münasibətləri yox, həm də öz vətəndaşlarının həyatını korlayıb, onlara sərhədi keçmək imkanından məhrum edib”.
Ancaq sərhədin bağlanmasının qısamüddətli olacağı güman edilir. Finlandiya rəsmiləri də buna ehyam vururlar. Ölkənin ədliyyə kansleri Tuomas Pejusti bildirib ki, əgər təhlükənin azaldığı ortaya çıxarsa, hökumət tədbirlər görməlidir.
S.ELAY
XQ

