Bu gün düz iki həftədir ki, HƏMAS yaraqlıları ilə İsrail hərbçiləri arasında ağır döyüşlər davam edir. Tərəflər bir-birinə qarşı keçirdikləri əməliyyatlar zamanı ən çox raket zərbələrindən istifadə edirlər. Bu barədə BBC müxbirləri məlumat yayıblar.
Hadisə yerindən verilən operativ xəbərlərdə o da deyilir ki, raket zərbələri nəticəsində hər iki tərəfdən hərbi obyektlərlə yanaşı, yaşayış məntəqələri də güclü dağıntılara məruz qalır. Təəssüf ki, bu zaman günahsız insanlar da həyatlarını itirirlər.
Qeyd edək ki, HƏMAS-ın 7 oktyabrdakı qəfil hücumundan sonra 1400-dən çox İsrail vətəndaşı öldürülüb. Ən az, 4 min 834 nəfər yaralanıb və hospitallara təxliyə edilib. HƏMAS yaraqlıları tərəfindən onlarla İsrail və xarici ölkə vətəndaşı girov götürülüb. Girovların bir çoxu qətlə yetirilib.
İsrail hərbçiləri yaraqlıları cəzalandırmağa cəhd edirlər. Təəssüf ki, bu zaman dinc sakinlər arasında itkilər qaçılmaz olur. Son 14 gündə Qəzza zolağının havadan aramsız bombalanması nəticəsində 3 min 700-dən çox sakinin həyatını itirdiyi qeyd olunur. Onların arasında qoca, uşaq və qadınlar da az deyil.
Bu arada məlum olub ki, İsrail təhlükəsizlik qüvvələri axtarışda olan 80-dən çox şəxsi həbs edib. Bildirilib ki, Tulkkarma şəhəri yaxınlığında yerləşən “Nur əş-Şəms” qaçqın düşərgəsində keçirilən son əməliyyat nəticəsində 12-dən çox yaraqlı zərərsizləşdirilib, axtarışda olan 20-dən çox şəxs tutulub.
Məlumata görə, oktyabrın 20-də gecə saatlarında İudeya və Samariya şəhərlərində keçirilən əməliyyat zamanı da 47-si HƏMAS üzvü olmaqla, axtarışda olan 60 nəfər həbs edilib. HƏMAS rəsmiləri bu xəbərləri nə təsdiq, nə də təkzib ediblər.
HƏMAS-ın hücumları nəticəsində İsraildə ölən və itkin düşən xarici ölkə vətəndaşlarının siyahısı açıqlanıb. Oktyabrın 20-də mətbuatda dərc olunan siyahıdan məlum olub ki, ABŞ-nin 32, Ukraynanın 24, Fransa 22, Rusiyanın 21, Argentinanın 19 vətəndaşı yaraqlılar tərəfindən qətlə yetirilib. İsraildə ölən xarici ölkə vətəndaşlarının siyahısında daha 30 da çox ölkənin, o cümlədən Tailand, Almaniya, Böyük Britaniya, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çin və Macarıstanın da adları var.
ABŞ Yaxın Şərqdə hərbi əməliyyatların genişlənə biləcəyindən narahatdır və bunun qarşısın almaq üçün bir sıra addımlar atır. Vaşinqtonu ən çox İsrailin Qəzzada yerüstü hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı əndişələndirir. Bu, baş verərsə, münaqişə daha da geniş coğrafiyaya yayıla bilər.
İsraildə keçirilən son rəy sorğularının nəticələrinə görə, respondentlərin 65 faizi İsrail hərbçilərinin Qəzzada təcili surətdə yerüstü hərbi əməliyyatlar keçirməsini və yaraqlıları tamamilə məhv etməsini arzulayır. Rəyi soruşulanların 21 faizi buna etiraz edir. Qalanları isə bitərəf qalıblar.
ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdən Vaşinqtona qayıtdıqdan sonra HƏMAS-İsral qarşıdurması ilə bağlı televiziya ilə xalqa müraciət edib. Dövlət başçısı 7 oktyabrda fələstinli yaraqlıların İsrail ərazisinə qəfil hücumunu kəskin pisləyib. Qeyd edib ki, ABŞ hökuməti hər zaman İsrailin yanında olub və bu gün belədir.
Prezident Bayden həmçinin vurğulayıb ki, o, tezliklə İsrailə və Ukraynaya böyük maliyyə yardımının göstərilməsi üçün Konqresə müraciət edəcək. Eyni zamanda qeyd edib ki, İsrail rəsmiləri ABŞ-da 11 sentyabr 2001-ci il baş verən dəhşətli terror aktı ilə bağlı “qəzəbli başla qəbul edilən” bəzi səhvləri təkrar etməməlidir.
Dünən BMT-nin baş katibi Antonio Quterreş Misirin Qəzza zolağı ilə sərhəddəki “Rəfah” keçid məntəqəsinə gəlib. O, tərəfləri humanitar yardımın Qəzzaya çatdırılması üçün atəşkəs razılığına gəlməyə çağırıb.
Misirdən söhbət düşmüşkən, qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak da bu ölkədə səfərdədir. O, Təl-Əvivdən sonra dünən Qahirəyə gələrək Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşərək, onunla münaqişənin genişlənməsinin qarşısını alınması yollarını müzakirə edib.
İsrail, öz növbəsində Livan ərazisindən “Hizbullah”ın mümkün hücumundan ehtiyatlanır. Təl-Əviv buna görə dünən Livanla sərəhədindəki Kiryat Şomona şəhərindən əhalini təxliyə edib.
Son günlər bir çox ərəb ölkələrində İsrailə qarşı etiraz aksiyaları genişlənir. Dünən Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinin binasını yandırıblar. Bildirilir ki, oktyabrın 20-nə keçən gecə bir qrup etirazçı İsrailin diplomatik missiyanın binasına yanan məşəllər atıblar. Hücum zamanı missiyanın binasında əməkdaşlar olmayıb.
Bir sıra ölkələr isə Qəzza sakinlərinə əlavə maliyyə yardımı göstərmək qərarına gəliblər. Məsələn, Almaniya fələstinlilərə 50 milyon avro dəyərində təcili humanitar yardım göndərəcək. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Əmmanda İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Rusiya və Çin rəsmiləri HƏMAS-ı İsrailə hücumuna görə qınamaqdan imtina ediblər və münaqişədə hər iki tərəflə əlaqə saxladıqlarını bildiriblər. Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə sülhün olmamasında Birləşmiş Ştatlar hökumətini günahlandırıb.
Göründüyü kimi, Yaxın Şərqdə tərəflər arasında gərginliyin eskalasiyası baş verir və necə deyərlər, üfüqdə kövrək sülhün belə işartıları görünmür. Bundan isə hər iki tərəfdən ən çox sadə sakinlər əziyyət çəkir.
Məsaim ABDULLAYEV
XQ