Kimin üstün gələcəyini zaman göstərəcək
Planetimiz yeni dünya düzəninin optimal modellərinin axtarışındadır. Köhnə qanunlar işləmir, yeni qaydalar isə hələ müəyyən olunmayıb. Dünyada ya qanunun, ya da gücün haqlı olacağı bir düzən qurula bilər. Ümid edək ki, nəhayət, qanun şah olacaq.
Eyni zamanda, həyat yeni fürsət və imkanlar yaradır ki, onları düzgün dəyələndirən dövlətlərin və xalqların rəqiblərindən daha irəli çıxmaq şansları böyükdür. Özünü, milli dəyərlərini qorumaq uğrunda mübarizə günbəgün gərginləşir. Geridə qalmaq uduzmağa bərabərdir.
Hazırda dünya siyasətində iki böyük güc mərkəzi nəzərə çarpır. Birinci qrupa ABŞ başda olmaqla Qərbin sənayecə yüksək inkişaf etmiş dövlətləri daxildir. Bu qrupu bir çoxları “Qlobal şimal”, yaxud “Kollektiv qərb” adlandırırlar.
İkinci qrupa isə əsasən BRİKS (Brazilliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və bu qurumun ətrafında bir araya gələn çox sayda inkişaf etməkdə olan ölkələr aid edilir. Bu qrupu çox vaxt “Qlobal cənub” adlandırırlar.
Lakin cənub anlayışı burada şərtidir. Belə ki, BRİKS-in aparıcı dövlətlərindən olan Rusiya Federasiyası faktiki olaraq şimal ölkəsidir. Amma, bu məsələ mahiyyəti heç də dəyişmir. “Qlobal cənub”un əhatə dairəsi çox genişdir. Xəritəyə nəzər yetirsək görərik ki, BRİKS, demək olar ki bütün qitələri təmsil edir.
“Kollektiv qərb” mövcud status-kvonu saxlamaq və davam etdirmək niyyətindədir. Vaşinqton və yaxın müttəfiqləri faktiki olaraq İkinci Dünya müharibəsindən sonra dünyanı “öz arşınları ilə ölçürlər” və planetin qaynar ictimai-siyasi hadisələrini istədikləri kimi idarə edirlər. Amma, son illər artıq Çinin dünyada ikinci böyük gücə çevrilməsi baş verir və bu reallıq qüvvələr nisbətini dəyişir.
“Qlobal cənub” “birqütblü dünya”nın siyasi, iqtisadi və hərbi dominantlığı ilə heç cür razılaşmaq istəmir. Hazırda böyük güclərin arasında üç şeyə nəzarət uğrunda kəskin mübarizə gedir. Bunlar iri nəqliyyat dəhlizlərinə və xammal mənbələrinə nəzarət, eləcə də yeni texnologiyalar sahəsində lider mövqelər qazanmaqdır. Bunlara sahib olanlar dünyanı idarə etmək iqtidarına olacaq.
Bakı Dövlət Universitetinni Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov bildirdi ki, qarşıdan gələn dövrdə iqtisadi müstəvidə “Qlobal cənub”un, yaxud belə demək caizsə, qlobal çoxluğun yüksəlişinin şahidi olacağıq. Bu ölkələr "yerli və milli" texnologiyaları inkişaf etdirmək üçün öz aralarında əməkdaşlığı gücləndiriblər. “Kollektiv qərb” onların sürətli inkişafını hər vəchlə yavaşıtmağa çalışsa da, buna nail olmaq çox çətindir.
Professorun fikrincə, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (UNGA) 78-ci sessiyası ədalət, hüquq və bərabərliyi müdafiə edən “qlobal çoxluğ”un güclənməsini və qətiyyətini nümayiş etdirən bir sıra uğurlu diplomatik fəaliyyətlər və ikitərəfli görüşlərlə yekunlaşıb.
A.İbrahimov sonra vurğuladı ki, 193 üzv ölkəni əhatə edən BMT-də “Qlobal cənub” artıq 123 üzv ölkə ilə təmsil olunur. Bu ölkələrdə təqribən 6,5 milyard insan yaşayır. “Qlobal cənub” 93 milyon kvadrat kilometr ərazidə fəaliyyət göstərir. “Kollektiv qərb” isə 58 milyon kvadrat kilometr (22 milyon kvadrat mil) ərazini əhatə edir.
“Qlobal şimal” 1,5 milyard əhalini təmsil edir. Deməli, Qərbin Cənubla müqayisədə insan resursları xeyli kasaddır. Göründüyü kimi, fərq dördün birə nisbətində Cənubun xeyrinədir.
Digər rəqəmlərə də nəzər yetirməyə dəyər. Belə ki, bir kvadrat kilometrə düşən əhalinin sayı “Qlobal şimal”da 27,4 nəfərdirsə, “Qlobal cənub”da bu rəqəm 69,2 nəfərdir.
Önümüzdəki dövr ərzində “Qlobal cənub”un təhsil, ixtisaslı məşğulluq, innovasiya, elm və texnologiya sahələrində iddialarınının və real göstəricilərinin artıracağını görəcəyik. Konkret uğur isə, bu dövlətlərdə istehsal olunan əlavə dəyər vergisinin və yüksək texnologiyalı məhsulların sürətinin artması olacaq.
Əlbəttə, hər şeyin zamana ehtiyacı var. Bununla bərabər, nəzərdən qaçırmaq olmaz ki, bu gün planetimizdə yeni dünya düzəninin formalaşması prosesi sürətlənib və bütün millətlər və dövlətlər sivil dünyanın tərəqqi və intibah “qatar”ında özlərinə layiqli yer tutmağa çalışırlar.
Bu prosesdə Türkiyənin liderliyilə türk dövlətlərinin dünyadakı qlobal siyasi proseslərdə fəallaşması bizi sevindirməyə bilməz. Türk xalqlarının yüksək intellekti, zəkası, zəngin dövlətçilik ənənələri gələcəyə nikbin baxmağa əsaslar verir.
Məsaim ABDULLAYEV
XQ

