Bəlkə də, nadir təsadüfdür: Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov bu gün öz futbolçuları ilə birlikdə hələ dünənədək oyunçusu olmuş oğlu Musa Qurbanlının legioner həyatı yaşadığı İsveçdə səfərdədir. Getdikcə yad ölkə mühitinə uyğunlaşan və əsas heyətdə yerini möhkəmləndirən istedadlı hücumçu, göz dəyməsin, paytaxt Stokholmun “Yurqorden” klubunda özünü inamlı hiss edir.
Məşqçi isə komandasını UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Geteborq şəhərində yerli “Hekken” klubu ilə oyuna aparmışdır. “Yurqorden”in məşq və yarış cədvəli imkan versə, Qurbanlı bu axşam həmin şəhərdəki “Ullevi” stadionunun tribunasında olmağa can atacaq. Musa onu böyük futbola pərvazlandıran “Qarabağ”ın oyununu İsveçdə izləmək imkanını qaçırmaq istəməz.
Hakimin elə start işarəsindən dərhal sonra görüşün son dərəcə kəskin xarakter alacağına şəkk-şübhə yoxdur. Qrup sınaqlarına Bakıda Norveçin “Molde” klubu üzərində qələbə ilə başlayan (1:0) və səfərə “H” qrupunda turnir cədvəlinin iki liderindən biri kimi yola düşən “Qarabağ”dan fərqli olaraq, “Hekken” birinci turda Leverkuzendə yerli “Bayer” qarşısında açıq-aşkar aciz qalmışdır (0:4). Deməli, isveçlilər almanlardan aldıqları ağır zərbədən sonra azarkeşləri qarşısında özlərini doğrultmaq, qrupdan “sağ” çıxmaq uğrunda mübarizədə imkanlarını daha da pisləşdirməmək üçün əllərindən gələni edəcəklər.
“Qarabağ” da öz növbəsində startda qazandığı üstünlüyü bir qədər də artırmağın bu məqamda necə böyük əhəmiyyət daşıdığını yaxşı bilir. Evdə qələbədən sonra səfərdə hətta heç-heçə də məqbul nəticə olar. Amma burası da var ki, bizim çempion istənilən şəraitdə və vəziyyətdə “doğma divarlar” arasında və ya özgə şəhərdə oynamasından asılı olmayaraq, həmişə xoşbəxtliyi rəqib qapısında axtarır və çox vaxt da tapır!
Ağdam komandasının sentyabrın 29-da milli çempionatımızın 8-ci turu çərçivəsində “Sumqayıt”la görüşdə qibtəediləcək məhsuldarlıq nümayiş etdirib, beş cavabsız qolla qələbə qazanması da bugünkü oyun ərəfəsində yaxşı əlamətdir. Hesabdan da göründüyü kimi, qalib komanda hücum əməliyyatlarını yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirmiş, arxa xətdə də səhvsiz oynamışdır. Üstəlik də, qələbə həmin gün 34 yaşı tamam olmuş “Qarabağ”ın kapitanı Maksim Medvedevin doğum gününə oyundaşları tərəfindən ən yaxşı hədiyyə idi. Bu fədakar müdafiəçi həyatının düz yarısını “Qarabağ”da keçirmiş, 2006-cı ildən bugünədək, yəni, 17 il ərzində etibarlı oyunu ilə komandaya böyük fayda vermişdir. Azərbaycan Premyer Liqasında növbəti qələbədən sonra Avropa Liqası qrup mərhələsinin ikinci turunda da uğurlu nəticə çox yerinə düşər, Medvedevə hədsiz sevinc gətirər.
İsveçdə maraqlı mübarizə vəd edən “Hekken”–“Qarabağ” görüşünü Bakı vaxtı ilə saat 23-dən etibarən izləyəcəyik. Oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Qarşıda “Qarabağ”ın, Azərbaycan futbolunun bütün pərəstişkarlarını həyəcan dolu gərgin mübarizə gözləyir.
Bu gün qrupumuzda digər oyunun isə Norveçdə keçiriləcəyini də xatırladaq. Orada “Molde” futbolçuları “Bayer”i qəbul edəcəklər.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

