Buğda idxalçıları Ukraynadan taxıl almağı davam etdirəcək

post-img

Dünyanın ən böyük buğda idxalçıları Rusiya Federasiyasının istəyinə zidd olaraq Ukrayna taxılını alacaq. Onların arasında Misir də var. Bu ölkə Rusiyanın Ukrayna taxılının ixracına imkan yaratmaqdan geri çəkilməsini tənqid edib və müqavilənin dayandırılmasından sonra da Ukrayna buğdasını idxal etməyə davam edəcəyini bildirib. 

Bu bəyanatla Misirin təchizat na­ziri Əli əl-Museyihi çıxış edib. O, Ru­siyanı taxıl müqaviləsi ilə bağlı qəra­rına yenidən baxmağa çağırıb. Nazir həmçinin qeyd edib ki, dünyanın ən böyük buğda idxalçılarından biri olan Misir Ukrayna buğdasını Avropa va­sitəsilə qəbul etmək niyyətindədir. Nazir deyib: “Rusiyanın BMT-nin taxıl ixracı ilə bağlı sazişindən çıx­masından narazıyıq. Misir iqtisadiy­yatı taxılın qiymətinin qalxmasından zərər çəkir”.

Kiyev isə alıcılarına taxılı Qara dəniz vasitəsilə ixrac etmək üçün istənilən riskə getməyə hazırdır. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Time” nəşrinə müsa­hibəsində bildirib. O əlavə edib ki, Ukrayna təhlükə səviyyəsini azalt­maq üçün maraqlı tərəflərlə əlaqə qurmağı planlaşdırır. Kuleba hesab edir ki, Rusiya bu dəfə taxıl müqa­viləsi ilə bağlı mövqeyini dəyişməyə­cək: “Biz istənilən riskə hazırıq. Düşünürəm ki, dünyaya mesajımız budur– Rusiya bizə lazım deyil”.

Rusiya isə buna imkan vermək niyyətində deyil. Bu ölkənin hərbçilə­ri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxla­nıldığı terminalı gecə saatlarında “Kalibr” raketləri ilə atəşə tutub. Bu barədə Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk bildirib: "Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, "Taxıl sazişi" ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayə­tində kənd təsərrüfatı müəssisəsini vurublar". Məlumata görə, işğalçılar 100 ton noxudu və 20 ton arpanı məhv ediblər. 

Bunların fonunda cəbhədə dö­yüşlər davam edir. Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin cənub cinahı istiqamətində 1,8 kilo­metr irəliləyib. Amerika təhilçilərinin hesablamalarına əsasən, Ukrayna Silahlı Qüvvələri Orexovadan cənu­ba və cənub-şərqə gündə təxminən 100 metr irəliləyir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya