Rusiyada orduya çağırış həddi 30 yaşa qədər artırılır

post-img

Rusiyada çağırış yaşının həddi 18 yaşdan 30 yaşa qədər artırıla bilər. Bu barədə iyulun 21-də jurnalistlərə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov məlumat verib. 

Onun sözlərinə görə, qanun la­yihəsinin ikinci oxunuşuna müvafiq düzəliş Dövlət Dumasının Müdafiə Komitəsi tərəfindən dəstəklənib: “Əsas düzəliş ondan ibarətdir ki, ça­ğırış yaşının yuxarı həddi 30 yaşdır və aşağı həddini isə 18 yaşda sax­lamaq qərara alınıb. Çünki bir çox oğlanlar 18 yaşında xidmət etmək istəyirlər. İndi onlara belə bir şans verilir".

Qanun layihəsinin birinci oxunu­şunda çağırış yaşının aşağı həddi­nin 18 yaşdan 21 yaşa qaldırılması nəzərdə tutulurdu. Kartapolovun sözlərinə görə, çağırış yaşının 30-a qaldırılması ilə bağlı yeni qaydalar bu ilin payız çağırışına şamil edilmir: “Qanunun 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir”.

Xatırladaq ki, birinci oxunuşda çağırış yaşının mərhələli şəkildə 21 yaşa qaldırılması haqqında qanun layihəsi iyunun 14-də Dövlət Du­masında qəbul edilmişdi. Layihənin özü mayın 13-də Dövlət Dumasına təqdim edilib və iyunun 8-də Müda­fiə Komitəsi onu təsdiqləyib. Bundan əvvəl, 21 dekabr 2021-ci ildə Rusi­yanın müdafiə naziri Sergey Şoyqu çağırış yaşının artırılmasını təklif edib. Bundan başqa, o vurğulayıb ki, vətəndaşlara onların müraciəti əsasında xidmətə getdikləri ilk gün­dən müqavilə ilə hərbi xidmətə daxil olmaq imkanı yaradılmalıdır.

 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya