... 1981-ci ilin mayında SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin deputatı, dünya şöhrətli müğənni Rəşid Behbudov rəhbərlik etdiyi Dövlət Mahnı Teatrının kollektivi ilə birlikdə Kürdəmirə gəlmişdi. Rayon mədəniyyət evində 3 gün konsert oldu.
Mən o vaxt rayon qəzetində müxbir işləyirdim. Redaktorumuz mənə dedi ki, Rəşid Behbudov təsərrüfatlara gedib pambıqçılarla görüşəcək. Sən də orada ol, qəzet üçün yazı hazırla. Axşam da mehmanxanaya gedib ondan müsahibə alarsan.
...Həmin gün tarlada çalışanların hamısı əziz qonağın, böyük sənətkarın ətrafına cəm olmuşdular.
Böyük sənətkar səmimi görüşlərdən, hal-əhvaldan sonra qavalını götürüb camaata üz tutdu: “Əziz dostlar, undi də mən sizi mahnılarla salamlamaq istəyirəm”. Qarmonun müşayiətilə gözəl mahnılarından oxumağa başladı. İfasını xarici dildə oxuduğu ritmik bir mahnı ilə bitirdi. Alqış sədaları kəsilmək bilmirdi. Sakitlik yarananda dedi: “Eşitdiyiniz bu mahnı “Urdu” dilindədir. Urdu Pakistanın dövlət dilidir”.
Rəşid Behbudovun tarla əməkçiləri ilə görüşündən ətraflı qeydlər götürəndən sonra həmin gün axşam mehmanxanaya gedib ondan müsahibə almalı idim. Deyim ki, bu tapşırıq mənim üçün şərəfli bir iş olsa da, son dərəcə məsuliyyətli idi. Bir tərəfdən sevinirdim ki, bu məşhur sənətkarı daha yaxından görə biləcəyəm, onunla üzbəüz oturub söhbət aparacağam.
Əlbəttə, bu mənim qismətimə düşən bir xoşbəxtlik idi. O biri tərəfdən isə bərk nigaran idim. Çünki mən televiziyada onunla aparılan bir neçə müsahibəyə baxmışdım. Aparıcıların, həmsöhbətlərin suallarından asılı olaraq yeri düşəndə sərtləşirdi, yeri də düşəndə şən zarafata keçirdi. Heç bir söz, heç bir məqam diqqətindən yayınmazdı və hamısına da tutarlı cavablar verərdi. Yerinə düşən, ya düşməyən sözə də, fikrə də həssas idi. Bir sözlə, çalışıb onun rəğbətini qazanmalı idin.
Bütün bunları gözümün qabağına gətirə-gətirə, onunla bağlı görüb-eşitdiklərimi ürəyimdən keçirə-keçirə dərin tərəddüdlər içərisində mehmanxanaya, dahi sənətkarla söhbətə gedirdim. 3-cü mərtəbədə, birnəfərlik otaqda qalırdı. Mahnı Teatrının kollektivi də bu binada yerləşmişdi.
Qapını ehmalca döydüm. İçəridən “gəlirəm”, – deyib qapını açdı. Özümü təqdim edib qəzetdən gəldiyimi dedim. Bilirəm, – dedi, – redaktorunuz mənə deyib.
Mehribanlıqla məni içəri dəvət edib əyləşməyə yer göstərdi. Həyəcanımı hiss edirdi. Odur ki, gülümsər halda dedi:
– Heç narahat olmayın. Əvvəlcə bir stəkan çay içək, sonra nə qədər desəniz danışarıq.
Çoxdan bəri məni çulğamış həyəcanım, deyəsən, yavaş-yavaş keçib gedirdi. Amma ona verəcəyim sualların məsuliyyəti məni hələ də sıxırdı.
Dedim:
– Rəşid müəllim, nə əcəb, rayonun qonaq evində qalmamısınız? Sizin üçün ora daha rahat olardı.
– Bunu mənə dedilər, razı olmadım. Axı, mən tək deyiləm, sayımız çoxdur. Hamımız ora sığmazdıq.
– Tək Siz özünüz qala bilərdiniz.
– Bu, necə ola bilər, mən rahat olum, bəs kollektiv? Axı, mən onlarla bir gəlmişəm, yaxşı-pis, bir yerdə də qalmalıyıq...
Onun bu dedikləri, eləcə də özünə xas olan düşüncələri müsahibə zamanı verəcəyim bəzi suallara ətraflı, dəqiq və səmimi cavablar idi. Ona görə də bu qənaətə gəldim ki, onunla söhbətimizi konkret sual-cavab şəklində qurmağa ehtiyac yoxdur. Elə söhbət əsnasında ürəyimdən keçən sualların cavabını ondan ala bilirdim. Rayona gəlişi, xüsusilə də yaz fəslində, yaşıl tarlaların qoynunda əmək adamları ilə görüşləri, hər yerdə böyük hörmətlə qarşılanması ilə bağlı təəssüratları müsahibəm üçün maraqlı faktlar idi.
Söhbətimiz Mahnı Teatrının üzərinə gəldi. Dedim:
– Rəşid müəllim, yaratdığınız Mahnı Teatrı hamının ürəyindəndir. Teatrın yaranma zərurəti haqqında nə deyərdiniz?
O, ani olaraq fikirləşdi və dedi:
– Mahnı Teatrı ana südündən, ata vicdanından yaranmış teatrdır.
Sonra da gülümsəyib sözünə əlavə etdi:
– Mən sualınıza bircə cümlə ilə cavab verdim. Bunların nə demək olduğundan özünüz nəticə çıxarın.
Bir cümləlik bu cavabın arxasında nələr yox idi?! Onun teatr haqqında dediyi bu sözlərin dastanlar qədər yükü, dastanlar qədər çəkisi vardı. Hazırlayacağım yazıya elə o anlardaca yaxşı bir sərlövhə tapdım: “Ana südündən, ata vicdanından yaranmış teatr”.
Dünya şöhrətli müğənni Mahnı Teatrına olan marağımı görüb bu haqda əlavə fikirlər də söylədi:
– Fikirləşdim ki, mahnıların, muğam parçalarının, rəqs nümunələrinin təqdimatında nəsə bir yenilik, bir dəyişiklik edim. Elə bir yenilik ki, bunlar tamaşa halında olsun. Teatra bənzər bir üslubda təqdim olunsun. Janr müxtəlifliyi və rəngarənglik tamaşaçıda, dinləyicidə maraq yaratsın, onların zövqünü oxşasın. Bütün bunları nəzərə alaraq Mahnı Teatrı yaratmaq qərarına gəldim və şükür ki, buna nail oldum. İndi əsas məsələ budur ki, biz bu işin öhdəsindən necə gəlirik və yaxud gələ bilirikmi? Qoy bunu tamaşaçılar, dinləyicilər desin...
...Xudahafizləşib ayrılanda dedi:
– Qəzet çıxanda ondan bir-ikisini də mənə gətirərsiniz.
...Qəzet çıxdı. Şəkli ilə birlikdə bir səhifəlik müsahibəm dərc olunmuşdu. Mehmanxanaya gedib qəzetin nüsxələrindən bir neçəsini ona təqdim etdim. Maraqla alıb baxdı. Yazının sərlövhəsində öz sözlərini gördü: “Ana südündən, ata vicdanından yaranmış teatr.”
Razılıq hissi ilə dedi:
– Çox sağ olun ki, mənim bu sözümü başlığa çıxarmısınız...
...O vaxtdan 42 il keçib. Hər dəfə Mahnı Teatrının qarşısından keçəndə qeyri-ixtiyari ayaq saxlayır, Rəşid Behbudovun burada ucalan heykəli önündə dayanır, vaxtilə onun Kürdəmirə gəlişi, zəhmətkeşlərlə səmimi görüşləri, maraqlı konsertlər verməsi, xüsusilə də onunla üzbəüz oturub həmsöhbət olduğum o unudulmaz məqamlar gözlərimin önünə gəlir, gözəl ifaları qulağımda səslənir. Onunla bağlı bu xatirələr mənim üçün tayı-bərabəri, bənzəri olmayan bir mənəvi sərvətdir.
Bir vaxtlar böyük həvəslə yaratdığı və daim fəxr etdiyi Mahnı Teatrı onu həmişə yaşadacaq.
Tofiq ABDULLAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü