Saxta araqdan içdi və öldü

post-img

60 yaşlı məşhur rəssam Xosrov Həsənzadənin əldəqayırma araqdan zəhərlənib ölməsi İranda spirtli içki qadağasını yenidən gündəmə gətirib 

Böyük Britaniyanın “Financial Times” qəzeti yazır ki, Xosrov Həsənzadə əldəqayırma arağı içəndən sonra görmə qabiliyyətini itirib və komaya düşüb. On gün sonra isə keçinib. “Novator.az” saytı məqalənin tərcüməsini oxuculara təqdim edib. Qəzet xatırladır ki, İranda alkoqollu içkilərin istehsalına, satışına və istehlakına yasaq İslam dövləti qurulandan, 1979-cu ildən qoyulub: “Bu yasaq spirtli içkilərin qara bazarının formalaşmasına, kustar üsulla hazırlanmış içkilərin geniş yayılmasına gətirib çıxarıb. Belə bir versiya da var ki, rejimin qatı tərəfdarları alkoqol qəbulunun qarşısını almaq üçün bilərəkdən içinə zəhər qatılmış bəzi spirtli içkiləri bazara ötürür. Yerli media son həftələr ölkədə spirtli içkidən gözü tutulanların və ölənlərin sayının birdən-birə xeyli artdığını xəbər verir. 

Daxili Qoşunların komandanı Əhmədrza Radan burada islamçıların əli olması, onların qəsdən zəhərli içkilərlə alkoqol bazarını sabotaj etməsi haqda deyilənləri yalanlayıb. Nazir deyib: “Spirtli içki içən həyatını riskə atdığını bilməlidir”.                                                                                                “Financial Times” vurğulayır ki, İranda spirtli içkiyə tələbat böyükdür və bu qara bazarda milyardlarla dollar pul dövr edir: “Əfqanıstanda talibanlardan fərqli olaraq İran hökuməti alkoqol əleyhinə qadağanı sərt tutmur, əks halda gərək gündə milyonlarla adamı cəzalandırsın. O biri yandan, Tehran rejimi islahata gedib, tutalım, Türkiyə kimi alkoqol istehsalına və istehlakına razılıq verə bilmir. Çünki belə bir addım sistemin ideoloji dayağını laxlada və islamçıları qəzəbləndirə bilər.                                                                Yeri gəlmişkən, rejimin hazırda hicab məsələsinə də münasibəti oxşardır. 2022-ci ilin sentyabrında 22 yaşlı qadın Məhsa Əmini küçədə hicab qaydalarını pozma ittihamı ilə tutuldu, üç gün sonra isə dünyasını dəyişdi. Bu hadisə neçə ay davam edən kütləvi etiraz aksiyalarına səbəb oldu. Aksiyalar səngiyib, amma rejim daha qadınları aşkar surətdə hicaba məcbur etmir. 

Bununla belə məsələ tam başlı-başına da buraxılmayıb. Tutalım, küçədə başıaçıq gəzən qadına polis heç nə demir. Ancaq o qadın eyni sərbəstliklə ictimai obyektə daxil ola, ictimai nəqliyyata minə biləcəkmi? Bəlli deyil. Ola bilsin, onu dükan-bazara, restorana, metroya buraxmayacaqlar, obyektlərin işçiləri ondan başını örtməyi tələb edəcəklər.                                                                                                  İran hakimiyyətinin sosial şəbəkələrə münasibətdə seçdiyi mövqe də ziddiyyətlə doludur. Bəzi sosial şəbəkələr, o cümlədən “İnstaqram” rəsmən yasaqdır. Amma ölkə liderlərinin “İnstaqram”da hesabları var və ondan gen-bol istifadə edirlər. Vətəndaşlar isə kütləvi surətdə VPN proqramından (girişi məhdudlaşdırılmış saytlara daxil olmaq üçün istifadə olunan xüsusi proqram) yararlanmaqla qorxusuz-ürküsüz “İnstaqram”a, başqa sosial şəbəkələrə qoşula bilirlər”.  

                                                                                                                                                                           “Financial Times” Xosrov Həsənzadənin ölümünün iranlıları araqdan çəkindirə biləcəyini güman etmir. Amma qəzet rəssamın ölümündən sonra ictimai rəydə “Gərək özün çəkdiyin arağı içəsən” tipli bir fikrin dolaşmağa başladığını da qeyd edir.

Dünya