Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində fəaliyyət göstərən “Lion Fighters” MMA klubunun 6 döyüşçüsü Rusiyanın Rostov-Don şəhərində keçirilən yarışlarda qalib gələrək, Asiya Kubokunda iştirak üçün vəsiqə qazanıb. Klub yarışlara Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Caucasus Arena” Assosiasiyasının təşəbbüsü ilə qatılıb.
Rostov-Don şəhərində keçirilmiş seçmə mərhələsində 10-a yaxın ölkədən idmançılar mübarizə aparıblar. Qalib idmançılarımız Onur Babayev, Ruhin Paşayev, Azad Həsənov, Nurlan Vəliyev, Ramin Musayev və Elgün Vəliyev xüsusi kəmər və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, “Lion Fighters” MMA klubunun məşqçiləri peşəkar döyüşçü Nicat Əliyev və Samir Omarovdur.
“Caucasus Arena” Assosiasiyasının üzvü, klubun baş məşqçisi Nicat Əliyev bildirib ki, beynəlxaq idman oyunlarına qatilmaqda məqsəd Borçalının gənc idmançılarını dəstəkləmək, bununla yanaşı, müxtəlif idman növlərini inkişaf etdirmək və klubların maddi-texniki bazasını gücləndirməkdir. O, eyni zamanda, qarşıdakı dövrdə gənc idmançıların dünya səviyyəsinə çıxması üçün layihələr həyata keçiriləcəyini, maliyyə və infrastruktur problemlərinin həlli üçün biznes qurumları və dövlət təşkilatları ilə əməkdaşlıq ediləcəyini bildirib.
“Caucasus Arena” İdman Assosiasiyasının rəhbəri Yavər Məmmədov əsas məqsədlərinin güclü idmançıların potensial imkanlarını aşkarlayaraq onları daha mötəbər beynəlxalq turnirlərə cəlb etmək olduğunu bildirib.
P.ƏMİRCANOV
XQ