Mançesterdə Azərbaycanın rəngarəng təqdimatı

post-img

Mançester Universitetində keçirilən ənənəvi “International Welcome Festival” (“Beynəlxalq Qarşılama Festivalı”) çərçivəsində Azərbaycan Cəmiyyəti ölkəmizi uğurla təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir çərçivəsində müxtəlif ölkələrin tələbə cəmiyyətləri öz milli mədəniyyətləri haqqında məlumatlar təqdim ediblər. Azərbaycan Cəmiyyətinin stendində ziyarətçilər ölkəmizin zəngin milli irsi, tarixi, mədəniyyəti və ənənələri ilə yaxından tanış olublar. Festival iştirakçılarına milli suvenirlər, broşürlər, fotoşəkillər və digər informasiya materialları vasitəsilə ölkəmiz haqqında geniş məlumat verilib. Azərbaycan haqqında müxtəlif təbliğat materialları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təmin olunub. Bu dəstək sayəsində ölkəmizin təqdimatı daha peşəkar və dolğun şəkildə həyata keçirilib. Ziyarətçilər ölkəmizin musiqi və sənət nümunələrini böyük maraqla qarşılayıblar.

Tədbirdə Azərbaycan Cəmiyyətinin fəal iştirakı, milli mədəniyyətimizin təbliğinə, beynəlxalq tələbələr arasında mədəni müxtəlifliyin təşviqinə və dialoqun gücləndirilməsinə əhəmiyyətli töhfə verib. Festival, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanın və ünsiyyətin inkişafı üçün mühüm platforma rolunu oynayıb.

Qeyd edək ki, festival universitetin yeni akademik ilinin başlanğıcında keçirilən və beynəlxalq tələbələrin qarşılanmasına həsr olunan mühüm tədbirlərdən biridir.

Mustafa Kamal
XQ















Sosial həyat