Efiopiyada kilsədə qəza nəticəsində 30 nəfər ölüb

post-img

Efiopiyada kilsədə tikinti qurğularının uçması nəticəsində 30 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Bu barədə BBC xəbər verib. 

Yerli polisin bildirdiyinə görə, minlərlə dindar Arerti Mariam Pravoslav Kilsəsində bayram üçün toplaşıb, binanın konstruksiyası onların üzərinə uçub.

Kilsə paytaxt Əddis-Əbəbədən təxminən 70 km məsafədə, Menjar Şeknurun mərkəzi rayonunda yerləşir.

Ölənlərin sayı arta bilər. Ölənlərin yaşları 25-80 arasındadır. Bir çox insan hələ də dağıntılar altında qalıb və xilasetmə əməliyyatları davam edir.

Hadisə şahidləri hadisənin qəfil baş verdiyini bildiriblər. Orada olanlar canlarını xilas etmək üçün təşviş içində qaçıblar.

P.Əmircanov
XQ

Dünya