Bu gün Vətən müharibəsinin ən ağrılı səhifələrindən biri-Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk dəfə raket hücumuna məruz qalmasının üzərindən beş il ötür.
2020-ci il oktyabrın 4-də, səhər saatlarında Gəncə dinc insanların yuxudan qorxu içində oyandığı, həyatın bir anda alt-üst olduğu o qara günü yaşadı. Ermənistan ordusunun endirdiyi üç raket zərbəsi nəticəsində 1 mülki şəxs-Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox insan yaralandı.
Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və ətraf küçələrdə yerləşən yaşayış evləri raketlərin dağıdıcı gücü qarşısında yerlə-yeksan oldu. Ümumilikdə 30-dan artıq ev tamamilə məhv edildi, 100-dən çox mənzilə və 10-a yaxın avtomobilə ciddi ziyan dəydi. Hədəf açıq-aşkar hərbi obyektlər yox, mülki əhali idi.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Gəncəyə cəmi bir dəfə yox, 5 dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücumlar həyata keçirdi. Bu hücumlar nəticəsində 26 nəfər günahsız insan həyatını itirdi, 175 nəfər yaralandı. Şəhərin mülki infrastrukturuna, insanların evlərinə, nəqliyyat vasitələrinə milyonlarla manatlıq ziyan dəydi.
Bu hücumlar bir daha göstərdi ki, Ermənistanın hədəfi yalnız cəbhə deyil, arxa cəbhədə yaşayan dinc insanlar idi. Gəncə kimi tarix və mədəniyyət şəhərinin hədəfə alınması, uşaqdan böyüyə qədər günahsız sakinlərin qurban getməsi, bəşəri dəyərlərə qarşı yönəlmiş açıq terror aktı idi.
Bu gün biz həmin faciəni yad edərkən, yalnız hüzn deyil, eyni zamanda qürur da hiss edirik. Çünki Gəncə susmadı, əyilmədi, sınmadı! Əksinə, Gəncə milli birliyin simvoluna çevrildi.
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Onları heç vaxt unutmayacağıq.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Çəncə.