ABŞ Makronun əli ilə yeni iqtisadi birliyi zəiflətmək istəyir

post-img

Dünyada geosiyasi vəziyyət dəyişir, yeni iqtisadi əməkdaşlıq mərkəzləri yaranır, güc balansının yenidən qurulması prosesi gedir. Bunlar isə ABŞ və Qərbin xeyrinə deyil, onların dünya iqtisadi səhnəsindəki hegemonluğuna təhlükə yaradır və beynəlxalq problemlərin həllində mövqelərini zəiflədir. Bu səbəbdən Qərbə məxsus bir sıra aparıcı iqtisadi təşkilatlar çətin günlərini yaşayır. Bunların fonunda BRICS (Braziliya, Rusiya, Hindistan, Cin və Cənubi Afrika Respublikasından ibarət qrup) dünya iqtisadiyyatı üçün önəmli birliyə çevrilir, mövqeyi hər il güclənir. Aydındır ki, Qərb ciddi rəqibi xoşlamır və BRICS-i içəridən dağıtmaq, zəiflətmək istəyir. Bunun üçün Vaşinqton oraya öz müttəfiqlərini yerləşdirməyə çalışır. İlk addımlar da atılır və bu rola ən yaxşı namizəd kimi Emmanuel Makron seçilib.

Artıq Fransa Prezidenti Emmanuel Makron Cənubi Afrika Respublikasının rəhbəri Siril Ramafosa müraciət edib ki, onu avqustda Yohannesburqda ke­çiriləcək BRİCS sammitinə dəvət etsin. Bu tələb Cənubi Afrika liderini bir qə­dər təəccübləndirib, çünki BRİCS çox qapalı klubdur, Fransa isə onun üzvü deyil. Müsbət cavab veriləcəyi halda Makron sammitdə iştirak edən ilk Qərb lideri olacaq. Bu, BRİCS-i “daxildən bulandırmaq arzusunda olan” ameri­kalıların çoxdankı strategiyasıdır. Bu strategiyada yalnız Fransaya yer ayrıl­mayıb. 

ABŞ özünə sadiq bir sıra Qərbi Avropa ölkələrinin və ya ABŞ-ın Asi­yadakı müttəfiqlərinin BRİCS-ə üzv olmasında maraqlıdır. Məkrli siyasətin arxasında isə birlik çərçivəsində ümu­mi vahid qərarların qəbuluna mane olmaq, orada amerikapərəst mövqeləri müdafiə etmək, çox güclü Rusiya və Çinin anti-ABŞ təşəbbüslərinin qarşı­sını almaq dayanır. Bir sözlə, ABŞ bu təşkilatı təsiri altına salmaq və məna­sız bir quruma çevirmək niyyətindədir.

ABŞ həm də bu yolla dünya valyu­ta bazarında zəifləməkdə olan dolların mövqeyini qorumağa çalışır. Belə ki, BRİCS öz valyutasını dövriyyəyə bu­raxmaq niyyətindədir və bu da dollar üçün keçilməz fəlakət olacaq. BRİCS ölkələrinin ilk addımları da dollar üçün bu təhlükənin ciddi olduğunu göstərir. Artıq onlar aralarındakı hesablaşmalar­da milli valyutaların payını aktiv şəkildə artır və öhdəliklərindən boyun qaçıra bilənlərin əlində olan mexanizmlərə etibar etmək istəmirlər. Deməli, çıxış yolu BRİCS-in öz valyutasını dövriy­yəyə buraxmasıdır. Əlbəttə, ABŞ bunu istəmir və bütün imkanlardan istifadə edərək mane olmağa çalışır. 

“Bu, dolların qlobal rolunu zəif­lədə və nəticədə, onu aparıcı ödəniş və ehtiyat vasitəsi kimi sıradan çıxara biləcək yeni əsas valyutanın dövriy­yəyə buraxılması ilə bağlıdır", – deyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards bildirib.

O, həmçinin vurğulayıb ki, BRİCS-in yeni valyutası Qərbin hegemonluğu üçün ciddi təhlükə yaradacaq. Eyni zamanda ABŞ-ın davamlı sanksiya təzyiqi səbəbindən digər dövlətlər də dollardan imtina edə bilərlər. O əlavə edib ki, bu, son nəticədə ABŞ valyuta­sına inamın çökməsinə gətirib çıxara­caq. Hazırda bütün dünya beynəlxalq valyuta sistemini "silkələyə" biləcək BRİCS-in inkişafını izləyir.

Bundan əvvəl ABŞ-ın keçmiş konq­resmeni Ron Pol bildirmişdi ki, BRİCS ölkələri dolların qlobal dominantlığı­na artıq zərbə vurub. O əlavə edib ki, tezliklə bütün ölkələr ABŞ valyutası ilə hesablaşmalardan imtina etməyə baş­layacaq.

Xatırladaq ki, BRİCS Braziliya, Ru­siya, Hindistan, Çin və Cənubi Afrika­nın daxil olduğu dövlətlərarası birlikdir. 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlə­rinin iştirakı ilə Sankt-Peterburq İqtisa­di Forumu çərçivəsində yaradılıb. Cə­nubi Afrika Respublikası isə sonradan birliyə qoşulub. 

Bundan əlavə, digər ölkələr, o cüm­lədən Argentina, İran, eləcə də Çin Xa­rici İşlər Nazirliyinin məlumatına görə, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbis­tanı və Misir də iqtisadi bloka qoşul­maq niyyətindədirlər.

Göründüyü kimi, Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın maraqla­rına uyğun “şərəfli” bir vəzifəni yerinə yetirməlidir. Bu ona xas olan məşğu­liyyətdir və ikili oynamağı çox sevir. Məsələn, təşkilat Ukrayna – Rusiya müharibəsində özünü Ukrayna tərə­findən “bu münaqişənin fəal iştirakçı­sı” kimi göstərir. Və bildirir ki, əks-hü­cum uğursuz olarsa, Qərb Ukraynaya dəstəyini yenidən nəzərdən keçirəcək. Qərb uzunmüddətli sülh istəyirsə, Uk­raynaya istənilən təcavüzün qarşısını almaq üçün vasitələr və təhlükəsizlik zəmanəti verməlidir. “Ukraynanın uğur­lu əks-hücum əməliyyatı sülhlə bağlı dialoqa imkan verə bilər”,– o deyib.

Digər tərəfdən isə Fransa Krımın Rusiya tərkibində qalmaqla sülh müqa­viləsinin bağlanması tərəfdarı kimi mövqe sərgiləyir və heç vaxt Rusiyanın məğlub olmasını istəməyib. Bunlar isə Emmanuel Makronun qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir. Deməli, Makron yumşaq desək, heç də obyektiv vasitəçi deyil. Yalnız aranı qarışdırmaqla məşğuldur. 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

Dünya