“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”

post-img

Dünən Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçılarına görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəm­lərini əks etdirən sərgi nümayiş etdirilib.

Tədbiri muzeyin baş direktoru, aka­demik Rafael Hüseynov açaraq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlət və xalq qarşısında tarixi xidmətlərindən, ölkəmizin tərəqqisi, rifahi naminə gör­düyü misilsiz işlərdən söz açıb. O, Azər­baycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına olan xüsusi maraq və sevgisindən bəhs edib. 

“Ulu öndər ölkəmizə rəhbərlik et­məyə başladığı ilk dövlərdə Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının keşiyində dayanıb”, – deyən akade­mik Rafael Hüseynov doğma dilimizin hərtərəfli inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında ümummil­li lider Heydər Əliyevin xidmətlərinin danılmaz olduğunu vurğulayıb. O, ulu öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunduğunu diqqətə çatdırıb.

Baş direktor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat fakto­runun yeri, rolu və imkanları çox geniş anlayış olub. Alimin sözlərinə görə, ulu öndər ədəbiyyatın klassik nümunələrinə yaxından bələd idi, ədəbiyyatı qəlbən sevirdi və onun ədəbiyyatın müasir ya­radıcılarına səmimi münasibəti vardı. 

Rafael Hüseynov məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNES­CO-nun tədbirləri siyahısına daxil edildi­yini və 1973-cü ildə beynəlxalq miqyas­da qeyd olunduğunu diqqətə çatdırıb. 

Akademik Rafael Hüseynov qeyd edib ki, ulu öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi və xatirəsinin əbədiləş­dirilməsi üçün qətiyyətli tədbirlər gördü­yü Azərbaycanın görkəmli sənətkarla­rından biri də böyük şair və dramaturq Hüseyn Caviddir. 

Hüseyn Cavidin nəşinin ulu öndərin təşəbbüsü nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gə­tirildiyini vurğulayan məruzəçi onun xa­tirəsinin əbədiləşdirilməsi istiqamətində də atılan ilk və qəti addımların məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini söyləyib. 

Qeyd olunub ki, dahi lider müstəqil Azərbaycana rəhbərliyi dövründə “Ki­tabi-Dədə Qorqud”a da böyük dəyər verib, onun təbliğini diqqət mərkəzində saxlayıb. Ümummilli liderin 1997-ci il aprelin 20-də imzaladığı sərəncam əsa­sında “Kitabi-Dədə Qorqud”un 1300 illi­yinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilib. 

Daha sonra konfrans öz işini böl­mələr üzrə davam etdirib.

“Heydər Əliyev və klassik Azər­baycan ədəbiyyatı”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Azər­baycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öy­rənilməsində yeni mərhələ”, “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklü­yünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edən tədbirdə müxtəlif mövzular­da məruzələr dinlənilib.

Sonda konfransda məruzə ilə çıxış edənlərə sertifikatlar təqdim olundu.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”



Sosial həyat