“Əfsanəvi xilasedici” – şəhid həkim Turqut Xəlilbəyli

post-img

Səhiyyə İşçiləri Günündə ağxalatlılarımızın Vətən müha­ribəsində fədakarlıqlarını da qürurla qeyd edirik. Digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də öz adlarını şərəfli tariximizə yazıblar. Statistik məlumatlarda göstərilir ki, müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u hə­kim, 7-si feldşer, 26-sı isə sanitardır. Bu gün ilk şəhid həkim olan leytenant Turqut Xəlilbəylidən söhbət açmaq istəyirik.

Turqut 1993-cü il iyulun 4-də Naxçıvan Muxtar Res­publikası Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan onda hərbçi peşəsinə maraq oyan­mışdı. Anası isə istəyirdi ki, oğlu həkim olsun. Bundan xəbər tutan yaxın qohumu, ixtisasca hərbi həkim, ehtiyat­da olan tibb xidməti polkov­nik-leytenantı Çingiz Məm­mədovun məsləhəti ilə onun ardıcılı olmaq qərarına gəlib ki, həm özünün, həm də anası­nın istəyi həyata keçsin. “Dədə Qorqud” Türk liseyini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olaraq hərbi həkim ixtisasına yiyələnib. Universiteti bitirdikdən son­ra təyinatı Beyləqana verilib. Orada hərbçi kimi fəaliyyətə başlayıb və üç il işləyib. İkinci Qarabağ müharibəsi başlananda Turqut arxa cəbhədə hospitalda işləməli olsa da, korpus komandirinin adına ərizə yazaraq, öz xahişi ilə ön cəbhəyə yollanıb. 

Davanın ilk günlərindən Füzuli və Cəbrayıl rayonlarında yaralanan əs­gər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışır, vəzifə bor­cunu layiqincə yerinə yetirir. Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaqla məşğul olur. Həmin gün o, yaralıları xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə uğurlu gediş edir. Dördüncü cəhdində düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman o, özünü yaralı əsgərimi­zin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Amma aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qur­tarmaq mümkün olmur.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına qatılan Turqut Xəlilbəyli hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası za­manı fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, eləcə də Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Turqut Xəlilbəyli İkinci Şəhidlər Xiyabanında dəfn edilib. Qulluq et­diyi hərbi hissədə şəhid polkovnik Şükür Həmidov, əsgər Elnur Vəliyevlə birlikdə Turqutun da xatirəsi əbədiləşdirilib. 

Atası Nadir Xəlilbəyli oğul itkisinin ağrılarını yaşasa da, onun müqəd­dəs yolun yolçusu olmasından iftixarla danışır: “Böyük arzuları vardı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması da həmin arzulardan biri idi. Sonuncu dəfə onun yanına getmişdim. Görüşdük, hər şeyin qay­dasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, harada ol­duğumu anama demə, nigaran qalmasın. Belə bala idi Turqut. Təskinliyi­mizi onda tapırıq ki, ərazi bütövlüyümüz onun kimi mərd övladlarımızın sayəsində təmin edildi”. 

Anası Almaz Hüseynova isə Turqutun müharibənin odlu meydanın­da olmasından xəbərsizmiş. “Haçan telefonla danışırdıqsa, deyirdi hər şey yaxşıdır. Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq köməklərinə çatmalıdır. Hər gün telefonla danı­şırdıq. Şəhid olduğu gün səhər tezdən son dəfə danışmışdıq...”

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Çingiz Məmmədo­vun dedikləri: “Turqut Tibb Universitetində oxuduğu illərdə bizdə qalırdı. Hərbi həkimliyi seçməsinin səbəbkarı mən olmuşam... Oktyabrın 4-də cə­bhə bölgəsinə yardım aparmışdıq. Atası Nadir də bizimlə idi. Onun cəbhə bölgəsinə keçməsi üçün sürücü kimi icazə almışdım. Orada Turqutla gö­rüşdük. Axırıncı görüşümüz elə o oldu...” 

Turqut Xəlilbəylidən kövrək xatirələr, orden-medallarla bərabər, şəxsi əşyaları yadigar qalıb. Ona məxsus hərbi səhra forması (kitel, hərbi mə­rasim şalvarı, ağ rəngdə hərbi mərasim köynəyi, qalstuk, zeytun rəngli qış papağı, ağ rəngli təntənəli mərasim əlcəyi, furajka, şinel, hərbi çək­mə və iki fotoşəkli ailəsi tərəfindən AMEA-nın Milli Azərbaycan Tarixi muzeyinə təqdim edilib və Vətən Müharibəsi fondunda mühafizə olunur. Muzeydə təşkil edilən “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş olunan bu yadigarlar istər-istəməz həzin duyğular oyadır.

Gələn ayın 4-də Turqutun 30 yaşı tamam olacaq. Ailəsi, mülki dost­ları ilə bərabər, qorxmazlığı və cəldliyinə görə onu “Əfsanəvi xilaskar” adlandıran döyüş yoldaşları da ilk şəhid həkimin ata ocağında toplaşacaq, ölməz xatirəsini yad edəcəklər. Onsuz da həmişə yaddadır Turqut!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat