Azərbaycanda dərmanlar niyə bahadır?

post-img

Ölkəmizdə dərmanların baha qiymətə satılması, keyfiyyətinin aşağı olması, qıtlığı ilə bağlı ilin əvvəlində Səhiyyə Nazirliyinə sorğu göndərmişdik. Bir aydan sonra nazirlikdən aldığımız cavablar nə sualları əhatə etmiş, nə də problemi çözməyə ipucu vermişdi. Əksinə, bu məsələ “bizlik deyil” qənaəti yaratmışdı. Bununla bağlı növbəti yazımıza isə heç cavab verilməmişdi.

Ölkəmizdə dərmanlarla bağlı problem isə qalmaqda davam edir. Ötən dövrdə bəzi dərman idxalçı­larından da nəsə öyrənmək istədik. Lakin onlardan da suallarımıza doğru-düzgün cavab ala bilmə­dik. Kimisi “deyilən söz-söhbətlər doğru deyil”, kimisi “qiymətlərin bahalığı bizdən asılı deyil” – kimi cavablarla özlərini kənara çəkdilər.

Üz tutduq öz fəaliyyətində mi­nimum qiymət, maksimum key­fiyyət prinsipini əsas götürərək keyfiyyətli Avropa və Türkiyə istehsalı olan dərmanların idxalı, marketinqi və satışını həyata ke­çirən yerli UNİTU şirkətinə. Qeyd edək ki, şirkət 2011-ci ildən rəsmi olaraq bir preparatla fəaliyyətə başlayıb. Hazırda isə Azərbay­canda ən geniş yayılmış xəstəlik­ləri əhatə etmək üçün öz dərman siyahısını artırmağa davam edir. Məqsəd insanları sağlamlığı və tə­sirli müalicə metodları üçün vacib olan dərmanlarla təmin etməkdir.

Şirkətin təsisçisi Fikrət Əliyev­lə Azərbaycanın dərman bazarında mövcud olan vəziyyətlə bağlı söh­bət etdik. Dərmanların bahalığın­dan başladıq, onun səbəblərini və vəziyyətdən çıxış yollarını aradıq.

– Fikrət müəllim, etiraf edək ki, Azərbaycanın satışa çıxarı­lan dərmanların qiyməti qonşu ölkələrə nisbətən 3–5 dəfə ba­hadır. Şəxsən hər gün istifadə etdiyim “Tripleksam”ın burada qiyməti 28 manat, Türkiyədə isə dəfələrlə ucuzdur. “Preduktal” da, “Kartan” da, “Ocuvite” da elə... Hansını deyək? Bəlkə, sə­bəbini idxalçı şirkət rəhbəri ola­raq, siz açıqlayasınız.

– Digər ölkələrlə müqayisədə Azərbaycanda dərmanların bahalı­ğı son 5 ildə, xüsusən də 2020-ci ildən sonra daha çox gündəmdə olan məsələdir. Bu, aktual prob­lemdir. Azərbaycanda dərmanla­rın xarici ölkələrə nisbətən baha olması doğrudur və onun bir neçə səbəbi var. Mən 10 ildən artıqdır ki, dərman idxal edən bir şirkət rəhbəri olaraq, bunu faktlarla deyə bilərəm. Birinci və başlıca səbəb ölkəmizdə dərman istehsalının olmamasıdır. Azərbaycanda bu məsələ həllini tapmadığına görə, biz daha çox ehtiyac olan dərman­ları idxal edirik. 

İdxal prosesində isə fərqli nüanslarla rastlaşırıq. Elə isteh­salçı ölkələr var ki, məsələn, lap yaxın qonşularımız Türkiyə, Gür­cüstan, yaxud digər Avropa ölkələ­ri dərman istehsal etməklə yanaşı, həm də idxalla məşğuldur. Ən mü­hümü odur ki, bizim ölkədən fərq­li olaraq, orada dərmanlar gömrük və vergi rüsumundan azaddır.

Bizdə isə idxal olunan dərman­lara həm gömrük rüsumu, həm də vergi tətbiq olunur. Yəni, biz isteh­salçıdan aldığımız məhsulu Azər­baycana gətirəndə, hansı qiymətə almağımızdan asılı olmayaraq, qiymətin üzərinə 36 faiz gömrük rüsumu əlavə edilir, 18 faiz vergi rüsumu (ƏDV) hesablanır. Yol, anbar xərci də var. Əlavə olaraq, sertifikatlaşma və laboratoriya xərcləri... Bütün bunlar toplananda 58 faiz əlavə xərc çıxır.

Azərbaycanda dərmanların sa­tışa qeyri-ölkələrə nisbətən baha qiymətə çıxarılmasının əsas səbəb­ləri bunlardır. Yəni, bu gün satışda olan 10 manatlıq dərman vergidən və gömrükdən azad olarsa, avto­matik olaraq 5 manat 80 qəpik qiy­mətində endirim yaranar və həmin dərman 4 manat 20 qəpiyə satılar. “Niyə Türkiyədə ucuzdur?”– soru­şursunuz. Çünki orada istər idxal, istərsə də ixrac zamanı dərmanlar vergidən və gömrükdən azaddır. 

Adını çəkdiyiniz “Tripleksam” dərmanını Türkiyənin öz istehsalı olduğuna görə, orada 6–7 manata, burada isə 25 manata əldə edə bi­lirik. Bu, təbii və normaldır, çünki biz onu oradan 6 manata alırıqsa, Azərbaycana gələndə qiymətin üzərinə 58 faiz rüsumlar əlavə olunur, 10 manatdan yuxarı olur. Amma onu da qeyd etməliyik ki, bir sıra dövlətlər idxal etdiyi məh­sulları ixrac edəndə fərqli qiymət tətbiq edir. Bəzən elə düşünürlər ki, xaricdə 6 manata olan dərman topdansatış yolu ilə aşağı qiymətə alınır. Əsla belə deyil. Hansısa ölkə 5 manata satdığı dərmanı ix­rac edəndə, 10 manata verir. Bu, yalnız Türkiyədə deyil, bütün dün­ya təcrübəsində belədir. Dərman istehsal edən ölkələr ixrac zama­nı qiyməti qaldırır. Azərbaycanda dərman istehsalı olarsa, qiymətlər avtomatik düşər. 

Əlavə olaraq onu demək olar ki, Azərbaycanda elə dərman məhsulları var ki, qiymətləri Tarif Şurası (TŞ) tərəfindən müəyyən edilir. Hazırda satışda olan dər­manların 50 faizi belədir. Tarif Şurası tərəfindən müəyyənləşdi­rilən qiymətlərə kimsə müdaxilə edə bilmir: nə dərman idxalçıları, nə satış depoları, nə də apteklər. Məsələn, Şura hər hansı dərmana qiymət qoyubsa ki, bu, 26 manata satılacaq, biz ondan nə bir manat aşağı, nə bir manat yuxarı sata bilərik. Çünki dərman bazarında qiymətləri onlar müəyyənləşdirir. 

– Hətta əczaçılar da təsdiq edirlər ki, indiki dərmanların keyfiyyəti və təsiri azalıb. Cə­miyyətdə belə fikir formalaşıb ki, dərman idxalçıları istehsal­çı müəssisələrlə razılığa gəlib dərmandan müəyyən tərkib hissəsini çıxarmaq və ya doza­sını azaltmaqla preparatın daha ucuz başa gəlməsinə, bununla da daha çox qazanc əldə edilməsinə nail olurlar. Bu fikrə münasibə­tiniz...

– İnsanların söylədiklərində müəyyən həqiqət var, amma tam olaraq elə deyil. Öncə onu demə­liyəm ki, pandemiyadan sonra bü­tün dünyada qiymət artımı yarandı, eləcə də, Azərbaycanda. Dünyanı dərman xammalı ilə 2 ölkə – Çin və Hindistan təmin edir. Xüsusən də dərman bazarında xam məhsul istehsal edən Çində pandemiya dövründə dərman istehsal edən za­vodlar iflas edib bağlandığına görə istehsalçılarda qiymətlər, təbii ola­raq, artdı. 

Bahalaşmadan sonra Tarif Şurasının təyin etdiyi qiymətlər dəyişməyib. Amma istehsalçıdan dərmanı artıq 2 qat baha alırıq. Belə olan halda iki yol qalır. Ya həmin məhsulu ölkəyə gətirməmə­liyik, ya da qiymətin qalxmaması üçün dərmanın tərkibində doza aşağı salınmalıdır. Bu, preparatdan hansısa tərkibi çıxarmaq deyil, dərmanın qəbulunda dəyişiklikdir. Əvvəl 1 tabletdən gündə 1 dəfə qə­bul edilirdi, tərkibində 100 mlq Vit C vardı. İndi isə 1 tabletin tərki­bində 50 mlq Vit C olur və gündə iki dəfə qəbul edilməlidir ki, xəstə həmin sutkalıq dozanı ala bilsin. 

Bu addımı atmağa da məcbu­ruq. Çünki Tarif Şurası qiyməti də­yişmir, istehsalçı isə qiyməti artırıb. Artıq 100 mlq-lıq dərman baha ol­duğundan ala bilmirsən. Ona görə də bəzi şirkətlər əvvəlki dərmanları indi gətirmir, bəziləri də dediyimiz üsuldan istifadə edir. Doza iki dəfə azaldılır, bu, dərmanın keyfiyyə­tini aşağı salmır. Dərman sənəddə göstərilən dozaya uyğun gəlmirsə, həmin məhsula satış sertifikatı ve­rilmir. Kimsə dərmanın tərkibində dəyişiklik edə bilməz. Məhz bu məsələyə görə, insanlarda belə fikir yaranıb ki, dərmanlar əvvəllər daha keyfiyyətli idi.

– Nə istehsalçı itirir, nə də idxalçı. İtirən istehlakçı – insan­lar olur. Əvvəl bir qutu dərmanı 5 manata alan xəstə, indi həmin dozanı qəbul etmək üçün 10 ma­nat xərcləyir...

– Başqa yol yoxdur. Ya dər­manların dozası azalmalıdır, ya da gətirilməməlidir. Öncəki sua­lın ikinci tərəfinə gəldikdə, deyə bilərəm ki, belə formada qazanc artmır. Dərmanı neçəyə almağın­dan asılı olmayaraq, onu təyin edilən qiymətdən baha sata bil­məzsən.

– Apteklərdə dərmanların satışına idxalçı şirkətlər nəzarət edə bilirmi? 

– Apteklər sərbəst bazar iqtisa­diyyatında olduğundan dərmanla­rın satışına idxalçı şirkətlər nəzarət edə bilmir. İqtisadiyyat Nazirliyi onların hər birinə sərbəst qiymət təyinetmə ixtiyarı verib. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr meydanında olan apteklə, deyək ki, Hövsandakı aptekdə dərman­ların satışında qiymət fərqi olacaq. Çünki burada aptek sahibi deyir ki, icarə haqqına 10 min manat ödə­yirəm. Hövsandakı isə 500 manat ödəyir. Hər biri özünə görə qiymət artımı edir. Digər ölkələrdə isə belə deyil, icarə haqqı standartdır.

– İdxal etdiyiniz məhsulların satışını necə həyata keçirirsiniz? Həkimlərlə razılaşma yolu ilə dərmanların reklamla satışına, yoxsa apteklərlə razılaşmaya üs­tünlük verirsiniz?

– Ümumiyyətlə, dünya baza­rında idxal olunan dərmanların reklamları fərqli aparılır. Bəzi şirkətlər TV reklamlarına üstün­lük verir, bəziləri konfranslar, konqreslər, seminarlar keçirməyi münasib bilir. Bəzi şirkətlər isə xəstəxana, poliklinika daxilində təqdimatlar keçirir. Bir çoxları hə­kimlərə əyani vizitlərlə öz məhsu­lunun təqdimatını edir, bəziləri də dediyiniz kimi, apteklərlə. Yəni həkimlər tərəfindən təyin edilən dərmanların aptek tərəfindən rek­lam olunması qeyri-mümkündür. Sifarişçi olmasa, hansı dərman və kimə reklam olunacaq? Aptekə hə­kimin resepti gəlməlidir ki, əczaçı dərmanı sata bilsin. 

Amma, bəzi preparatlar da var ki, onlara dünya bazarında otisi (həkim tərəfindən təyin olunma­yan) dərmanlar deyirlər. Buna əczaçının özünün sərbəst təqdim edə biləcəyi bəzi ağrıkəsicilər, vi­taminlər, siroplar aiddir. Hər hansı şirkətin aptekdə belə dərmanları varsa, əczaçı onu özü istədiyi şə­kildə reklam edə və sata bilər.

Bundan başqa, biz dərmanları­mızın satışı məqsədilə hər bir im­kandan yararlanmağa çalışırıq, te­leviziyada, sosial mediada reklam edirik, həkimlərlə əməkdaşlığa daha çox üstünlük veririk. Sosial səhifələrimizdə dərmanların isti­fadə qaydası, hansı xəstəliklərdə xeyirli olması barədə videoçarxlar hazırlanıb cəmiyyətə təqdim edilir. Siz o səhifələrimizə nəzər salsa­nız, görərsiniz ki, hər il nə qədər konfranslar keçirir, xarici həmkar­larımızın konqreslərinə evsahibli­yi edirik.

– Fikrət müəllim, arzu edək ki, göstərilən problemlər tezlik­lə həllini tapsın, qiymətlər aşağı düşsün. 

Müsahibəni qələmə aldı:
Z.HÜSEYNOVA,
“Xalq qəzeti”

Müsahibə