Ömürlərə ömür calayanlar

post-img

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 

Bu gün işğaldan azad olunmuş ra­yonlarda səhiyyə infrastrukturu formala­şır. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı “Huayvei-Azərbaycan” şirkətinin baş meneceri “Ağıllı kənd” rəqəmsal tex­nologiyasını Prezidentə təqdim edəndə bildirib ki, “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz ya­şayış mühiti yaradılaraq, “ağıllı səhiyyə” sistemi həyata keçiriləcək.

Bu gün ağxalatlıların Ağalıdakı fəaliy­yəti insanda ruh yüksəkliyini, yaşamağa ümidi və inamı artırır. Çünki Ağalıda tam təchiz olunmuş, ən müasir Ailə Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım briqadaları fəaliyyət göstərir. Qeyd edək ki, Ağalıda­kı Ailə Sağlamlıq Mərkəzində hamilə­liyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstə­rir. Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterili­zator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub. Mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Tele­tibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məs­lətləşmələr aparmaq imkanı verir. 

Biz Ağalıya zəng edəndə həkim-te­rapevt Ceyran Abbasovanın telefonunu başqası açdı: “Həkim xəstə ilə məşğul­dur, bir az sonra zəng edin.” – dedi. Ki­minsə xəstə olmasına sevinməsək də, yurd həsrətilə doğma ocağa dönənlərin peşəsinin başında olması bizi qürurlan­dırdı. 

Qeyd edək ki, Ceyran xanım əslən Zəngilanın Üdgün kəndindəndir. Ailəsi Ceyranın yeddi yaşında doğma el-obanı tərk edib. Paytaxtda təhsil də alıb, ailə də qurub. Rəbbim ona mələksimalı üç qız övladı da bəxş edib. Amma, bunlara bax­mayaraq, yaddaşına hopan doğma yurd həsrəti onu tərk etməyib... Bakıda öncə 11 saylı Birləşmiş Şəhər Xəstəxanasında çalışıb. Xəstələrə xidmət etmək böyük amalı olub. Hər sağalan xəstəni həyat­da qazandığı uğur hesab edib. Sonra 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında xəstələrin sağalması üçün əlindən gələ­ni əsirgəməyib. İşdən sonra evdə olan­da da zəng edib onların halını soruşub. Ceyran xanım Zəngilanın azadlığından sonra yurda qayıtmaq üçün ilk müraciət edənlərdən olub. Ailəsi ilə Ağalıya 4-cü köçlə 25 iyul 2022-ci ildə gəlib. “Hava­sına, suyuna qurban olduğum yerlərə ayaq basanda keçirdiyim hissləri ancaq yurdu viran olduqdan sonra o yerlərin həsrəti ilə yaşayıb, sonra ora qədəm ba­sanlar bilər. Hər şey gözümdə fərqli idi, işim də, evim də, getdiyim küçələr də. Yenidən yeni həyata başlayırdım. Məni sonun nə olacağı yox, bu gün və mənə pənah gətirən xəstələrimə göstərəcəyim xidmət düşündürürdü.”– deyir Ceyran həkim. Gəlişindən 3 gün sonra – iyulun 28-də Ağalı Sağlamlıq Mərkəzinin bölmə müdiri olaraq işə başlayıb. Həyat yoldaşı Şamxal Göyüşov da mərkəzdə mühafizə xidmətində işə qəbul olunub. Dövlət onla­rı hər şəraiti olan evlə təmin edib. 

– Xəstələriniz, müraciət edənləriniz varmı, çoxmu?– soruşuram. 

– Nə danışırsınız, “varmı” – nədir? İlk 4 ayda müraciət edənlərin sayı 1500 nəfər olmuşdu. Hazırda fəaliyyətə başla­mağımız heç bir il deyil, amma mövsü­mi xəstəliklə, travma ilə bağlı müraciət edənlər çoxdur. 11 ay ərzində 5 minə yaxın xəstə qəbul edib xidmət göstərmi­şik. (Biz zəng edəndə telefonu başqa­sının açması da onu göstərirdi ki, xəstə müraciəti vaxta, zamana baxmır. Və on­ları dinləmək, hər hansı vacib zəngdən də mühüm vəzifədir.) Kənd sakinlərinin sayı 419 nəfər olduğuna baxmayın. Hər yerdə tikinti, abadlıq, quruculuq işləri ge­dir. Tikintidə işləyənlər, hərbçilər daha çox müraciət edirlər. Yaralananların, zədə alanların sayı daha çoxdur. Onlara yalnız ilkin tibbi yardım göstəririk. Ehtiyac olanda xəstələri Beyləqana təxliyə edirik. 

Mərkəzdə rəsmi olaraq 11 nəfər çalı­şır. İki nəfər Təcili Tibbi Yardımın həkim və sürücüsü də gecə–gündüz xidməti borcunu yerinə yetirir. Tibb bacısı Xa­tirə Abdullayeva 23 iyul 2022-ci ildə ilk köçlə gəlib. Onun bir devizi var: “Mən ki, ata-baba yurduma qovuşdum, nə qədər çalışsam da, yorulmaram”. Fəqanə Hü­seynova isə 3 mart 2023-cü ildə doğma yurda dönüb. “Yurd yeri haqqında söy­lənən bayatıların dərin mənasını doğma torpağa qədəm basanda bildim”–deyir. Zülfiyə Xəlilova da əslən Ağalıdandır. Deyir ki, böyüklərimizin nələr çəkdik­lərini indi daha yaxşı hiss edirəm. Bu axar-baxarlı, gündə min bir dona girən təbiətin füsunkar mənzərələri insanı ya­şamağa səsləyir. 

Onu da əlavə edək ki, bugünlərdə Laçın rayonunda da Təcili Tibbi Yardım Briqadası fəaliyyətə başlayıb. Tibb per­sonalı növbəlilik prinsipi ilə sutka ərzində fəaliyyət göstərir. Təcili və Təxirəsalın­maz Tibbi Yardım briqadaları Bakı şəhə­ri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Ra­yon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunublar.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb iş­çiləri hər cür hörmət və ehtirama layiqdir­lər. Bayramınız mübarək, dəyərli və vacib peşə sahibləri!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat