Bölgələrdə Qurtuluş Günü şənlikləri

post-img

Naxçıvan 

15 İyun Milli Qurtuluş Günün­də Naxçıvan şəhərində Heydər Məscid kompleksi istifadəyə ve­rilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azər­baycan Respublikası Preziden­tinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, digər rəsmi şəxslər və dindarlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublika­sı Dini Qurumlarla İş üzrə Döv­lət Agentliyinin direktoru Vüqar Babayev çıxış edərək bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin dini həmrəylik ideyaları və dövlət–din siyasəti uğurla da­vam etdirilir. Müstəqillik illərində muxtar respublikada 74 məscid tikilib, 95-i isə yenidən qurulub və bərpa olunub. Hazırda muxtar respublika ərazisində 214 məscid fəaliyyət göstərir.

Yeni məscid kompleksinin isə ümumi ərazisi 82 min 250 kvad­ratmetrdir. Məscidin minarələrinin hündürlüyü 38, gümbəzlərinin hündürlüyü isə 14 metrdən artıq­dır. Binanın daxilində müqəddəs “Quran-i Kərim”dən ayələr həkk olunub. Burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək.

Naxçıvan Muxtar Respublika­sında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nü­mayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün ən böyük məscid bi­nasının istifadəyə verilməsi yerli dindarlara qiymətli bayram töhfə­sidir. “Heydər Əliyev İli” çərçivə­sində, Milli Qurtuluş Günündə bu məscidin istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Ulu öndər həmişə islami dəyərlərə hörmət və ehtiramla yanaşıb, belə ibadətgahların yaradılması­nı arzu edib. 

Fuad Nəcəfli yeni komplek­si ölkə Prezidenti İlham Əliyevin xalqımızın dini-mənəvi dəyər­lərinə verdiyi qiymətin daha bir ifadəsi kimi dəyərləndirib, dindar­ları yeni məscidin istifadəyə ve­rilməsi münasibətilə təbrik edib. Səlahiyyətli nümayəndə məscidə müqəddəs kitabımız “Quran-i Kə­rim” hədiyyə edib.

Sonra məsciddə ilk namazlar qılınıb, ehsan süfrələri açılıb, ulu öndər Heydər Əliyevin və şəhid­lərimizin ruhuna dualar oxunub.

Sumqayıt 

Gənclik şəhərində Milli Qurtu­luş Gününə həsr olunmuş ümum­şəhər bayram şənliyi keçirilib. Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin komitə sədrləri Tahir Mir­kişili, Hicran Hüseynova, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə iştirakçılar ümum­milli lider Heydər Əliyevin adını daşıyan parkda unudulmaz dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. “Kimyaçı” Mədəniyyət Sarayının tamaşa zalında davam edən top­lantıda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, 1993-cü ildə ölkədə xaos və milli dövlətçiliyin yox olmaq təhlükəsi yarananda xalq öz xilaskarına üz tutdu. Ümummilli liderimiz tale­yinə yazılmış xilaskarlıq missiya­sını həmin ağır günlərdə öz üzə­rinə götürdü. Beləliklə də, xalqın təkidli tələbi ilə ulu öndərin haki­miyyətə qayıdışı xalqın qurtuluşu oldu.

Qeyd edilib ki, Heydər Əliyevin siyasi zəkası nəticəsin­də xalqımız XX əsrin çox çətin sınaqlarından müstəqil Azər­baycan dövlətini qurmaqla çıx­dı. Azərbaycanı öz varlığı qədər sevən Heydər Əliyev onun gözəl bir guşəsi olan Sumqayıta da daim diqqət göstərirdi. Sumqa­yıtı bütün Azərbaycanın gözəl təcəssümü adlandırır və onun tərəqqisi üçün mümkün olan hər şeyi edirdi. Ulu öndər Sumqayıta hər səfəri ilə bu şəhərə sanki xe­yir-bərəkət gətirir, gələcəyə möh­kəm inam yaradırdı. 

Natiq deyib ki, ümummilli lide­rin ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi çox uğurlu daxili, xarici və iqti­sadi siyasət nəticəsində Azər­baycanın əldə etdiyi nailiyyətlər qloballaşan dünyada dövlətimizi önə çıxarmışdır. 44 günlük Vətən müharibəsində Azərbaycan əs­gəri, sözün əsl mənasında, xalqı­mızın böyük zəfər tarixini yazdı. Biz torpaqlarımızı azad etməklə dünyada qalib xalq, qalib dövlət kimi tanındıq.

Sonra Milli Qurtuluş Gününə həsr olunan sənədli film nümayiş etdirilib.

Abşeron 

Ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə sürətli tərəqqi edən bölgələrdən biri də Ab­şeron olub. Xüsusən də döv­lət müstəqilliyi illərində Heydər Əliyevin diqqət və qayğısı sayə­sində rayon inkişaf edib, abadla­şıb. Bunun nəticəsi olaraq, 2006-cı ildə Xırdalan qəsəbəsinə şəhər statusu verilib. 

Bayram tədbirlərində bütün bunlar barədə ətraflı danışılıb. Ulu öndərin adını daşıyan parkda təşkil olunan konsertdə müstəqil Azərbaycanın memarı Heydər Əliyevin 1993-cü ilin iyun aynda Bakıya gəlməsi və bundan sonra ölkədə həyata keçirilən irimiqyas­lı işlər bir daha xatırlanıb. Bildirilib ki, tariximizə qızıl hərflərlə yazıl­mış 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiy­yətə malikdir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalan­masının qarşısı alınıb. Azərbay­can dönməz tərəqqi yoluna qə­dəm qoyub. 

Respublikamızın tanınmış in­cəsənət xadimlərinin müxtəlif re­pertuarlarla çıxış etdiyi və sakin­lərin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatıb.

Goranboy

Yaddaqalan, məzmunlu bir konfrans oldu. Adı da maraqlı idi. “Heydər Əliyev – əsrin adamı”. 

Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışına həsr olunan qısa bir filmin nümayişindən son­ra rayon icra hakimiyyətinin baş­çısı Məhərrəm Quliyev məruzə ilə çıxış etdi. Rayon rəhbəri qeyd etdi ki, bugünkü konfrans “2023-cü il – Heydər Əliyev ili” ilə bağlı silsilə ümumrayon tədbirlərinin bir növ davamıdır. 15 İyun Milli Qur­tuluş Gününə həsr olunan təd­bir 30 il əvvəl ölkədə baş verən vətəndaş qarşıdurmasının, ha­kimiyyətdə olan səriştəsiz Xalq cəbhəsi–Müsavat cütlüyünün ya­ratdığı özbaşınalığın, qardaş qır­ğınının qarşısının alınmasında ulu öndər Heydər Əliyevin misil­siz xidmətlərinə həsr olunur. 

Ümummilli liderin arzularını, ərazi bütövlüyümüzün bərpasını, torpaqlarımızın yağı düşməndən xilas edilməsini cənab Preziden­timiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. 

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək Heydər Əliyevin alimlərə, ziyalılara, yaradıcı adamlara, ta­rixi şəxsiyyətlərə göstərdiyi diqqət və qayğıdan danışdı. Qeyd etdi ki, Akademiyanın Gəncə filialının açılması da bilavasitə Heydər Əliyevin təşəbbüsüdür. 

Konfransda Əməkdar jurnalist Hamlet Qasımov, mədəniyyət iş­çisi Gündüz Hacıyev və başqaları çıxış edərək 15 İyun Qurtuluş Gü­nünün xalqımızın böyük bayramı olduğunu bildirdilər.

Zaqatala

Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokra­tik prinsiplərin bərqərar olması, hüquqi dövlət quruculuğu prose­sinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu ön­dər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdik­dən sonra xalqımızı qardaş qır­ğınından, vətəndaş qarşıdurma­sından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilas­karı, banisi və qurucusu kimi daxil olub.

15 İyun Milli Qurtuluş Günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin və hüquq-müha­fizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ulu öndərin Heydər Əliyev Mərkəzi­nin qarşısında ucaldılmış abidəsi­ni ziyarət edib, önünə gül dəstələ­ri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə vurğulanıb ki, hə­yatda elə əlamətdar günlər, ha­disələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratın­da həlledici rol oynayaraq bütöv bir xalqın yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə ya­zılır. Azərbaycan üçün 1993-cü ilin 15 iyunu məhz belə tarixi ha­disələrdəndir. Həmin əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilas anının başlanğıcı, Milli Qurtuluş Günüdür.

Çıxışlarda 1993-cü ilin iyu­nunda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçili­yimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırıl­masında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Vurğulanıb ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin respublika rəhbərli­yinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qo­yub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Yevlax 

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gü­nünə həsr olunmuş bayram kon­serti keçirilib.

Heydər Əliyev Parkında baş tutan konsertin aparıcıları Milli Qurtuluş Gününün tarixi və əhə­miyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, ulu öndərin missiyası yalnız Azərbaycan döv­lətinin dayaqlarının möhkəmlən­dirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mər­hələsinin davamlılığının təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşma­dı. Dahi rəhbər müstəqil Azər­baycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətən­daşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“Azərbaycançılıq” ide­ologiyasını da yaratdı.

Heydər Əliyev siyasi kursu­nun layiqli davamçısı, Azərbay­can Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbay­can Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində torpaqları­mızın erməni işğalçılarından tə­mizlənməsi tədbirdə iftixarla vur­ğulanıb. Həmin parlaq Qələbə və ümumilikdə Azərbaycanın say­sız-hesabsız uğurlar qazanması bir daha onu göstərdi ki, müstəqil Azərbaycanın Qurtuluşuna imza atmış tarixi şəxsiyyətin ideyaları yaşayır və əbədi olaraq yaşaya­caq!

Milli Qurtuluş Gününə həsr edilmiş bayram tədbiri konsert proqramı ilə davam edib.

Ağsu

Böyük el bayramı – Milli Qur­tuluş Günü münasibətilə Ağsuda silsilə tədbirlər təşkil olunub.

Ümumrayon tədbiri öncə­si Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin, döv­lətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videofilm nümayiş etdirilib. 

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Röv­şən Bağırov tarixi gün münasibə­tilə ürək sözlərini bölüşüb. “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbirin “Heydər Əliyev İli” çərçi­vəsində keçirilən silsilə tədbirlə­rin davamı olduğunu bildirib. İcra başçısı ulu öndərin keçdiyi yolları və tarixi vərəqlədikcə onun atdığı addımların hər bir azərbaycanlını qürurlandırdığını qeyd edib. 

Bildirilib ki, ümummilli lider hakimiyyətə gəlişi ilə ən geridə qalmış və təhlükələrlə üz-üzə olan Azərbaycanda siyasi sabit­lik yaradılmasına nail oldu, ölkə­ni qısa bir vaxtda inkişaf etdirdi. 1993-cü ildə əvvəlcə Ali Sovetin sədri, sonra isə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider şöhrət və şərəf tariximizə silin­məz səhifələr yazdı . 

Toplantıda çıxış edənlər diqqətə çatdırıblar ki, xalqımız azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin ideallarına daim sadiq­dir. Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanın dinamik inkişaf yoluna çıxdığı, artıq bütün dünyada qalib dövlət sayılması xüsusi vurğulanıb. 

Daha sonra tədbir rayonun mədəniyyət və incəsənət ustala­rının hazırladığı konsert proqramı ilə davam etdirilib.

Neftçala

Kürsahili şəhərdə düzənlənən tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ulu öndərin və şəhidlə­rin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirilib.

Bayram tədbirində çıxış edən Neftçala Rayon İcra Hakimiyyə­tinin başçısı Mirhəsən Seyidov tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün hər bir vətənpər­vər azərbaycanlı üçün çox əziz olduğunu bildirib. Qeyd edib ki, 30 il öncə yenicə müstəqilliyini qazanan respublikamızı dağılıb məhv olmaqdan, vətəndaş qar­şıdurmasından xilas edən ulu ön­dər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyi­ni qoruyub saxlayıb və daha da möhkəmləndirib. 

Natiq ümummilli lider Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, Azərbay­canın daha da möhkəmlənməsi və qüdrətlənməsi istiqamətində görülən işləri konkret faktlarla diqqətə çatdırıb. 

Digər çıxış edənlər də ulu ön­dərin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdi­yi uğurlardan, Milli Qurtuluş Gü­nünün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazılmasından söz açıb, unudulmaz dahi şəxsiy­yətlə bağlı xatirələrini bölüşüblər.

Bayramla bağlı Biləsuvar Re­gional Mədəniyyət İdarəsinin ha­zırladığı musiqi proqramı coşqu ilə qarşılanıb.

Xocavənd

Milli Qurtuluş Günü münasi­bətilə Xocavənd qəsəbəsindəki Bayraq meydanında rəngarəng konsert proqramı təqdim olunub. Xocavənd Rayon İcra Hakimiy­yəti və Kürdəmir Regional Mədə­niyyət İdarəsinin birgə təşkilatçı­lığı ilə keçirilən tədbirdə idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb­lilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Milli Qurtuluş Gü­nünün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin xilaskar­lıq missiyasından ətraflı bəhs edilib. Bildirilib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parça­lanmaq təhlükəsi ilə üz-üzə qal­dığı bir vaxtda ulu öndər Heydər Əliyevin qətiyyəti, bacarığı, təc­rübəsi sayəsində Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsd­lərdən uğurla çıxıb. Ümummilli liderin qətiyyəti xalqda böyük ruh yüksəkliyi yaradıb, inamımı­zı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bunun­la da 15 İyun şərəf və şöhrət ta­riximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Şənlikdə bəstəkar və xalq mahnıları, rəqs nümunələri təq­dim olunub. Bayram konserti alqışlarla qarşılanıb, iştirakçılar­da xoş əhval-ruhiyyə yaradıb.

 

Tahir RÜSTƏMLİ,
Əli ƏLİYEV,
İlqar HƏSƏNOV,
Hamlet ZEYNALOĞLU,
“Xalq qəzeti”













Sosial həyat