Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistanla ölkəmiz arasındakı əməkdaşlıq qarşılıqlı hörmət və ehtirama, qardaşlığa, həmrəyliyə söykənir. Bu isə özünü həm Kəşmir, həm də Qarabağ probleminə münasibətdə daim hiss etdirirb. Pakistanın Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri zamanı verilən bəyanatlar, səslənən açıqlamalar bir daha göstərdi ki, iki dövlət arasında əməkdaşlıq dərin tarixi köklərə malik olmaqla yanaşı, həm də böyük perspektiv vəd edir.
Eyni cəbhənin silahdaşları...
Xatırladaq ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini beynəlxalq təşkilarlarda daim dəstəkləyib və bu gün də dəstəkləməkdədir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə mətbuata verdiyi açıqlamada bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Dövlət başçısı Pakistanın Qarabağ məsələsində daim ölkəmizə ciddi siyasi-diplomatik dəstək verdiyini, bu dəstəyin 44 günlük Vətən müharibəsində də özünü hiss etdirdiyinə toxunub: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”.
Türkiyə ilə yanaşı, Pakistanın da ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etməsi, bu kontekstdə dünya birliyinə açıq mesajlar ünvanlaması Ermənistanın havadarları üçün də çəkindirici amil oldu. Erməni faşizminin himayədarları bu mesajlar sayəsində anladılar ki, Azərbaycan tək deyil və onun müdafiəsinə hazır olan güclü dövlətlər var.
Azərbaycan Qarabağ, Pakistan isə Kəşmir məsələsində haqlı olduğunu hələ illər öncə inkaredilməz faktlarla bütün dünyaya sübut edib. Hər iki qardaş dövlət göstərib ki, onlar haqq, ədalət işi uğrunda mübarizə aparmaqdadır. Bu baxımdan həm Azərbaycanı, həm də Pakistanı eyni cəbhənin silahdaşları adlandırmaq mümkündür.
Heydər Əliyev: “Kəşmir problemi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildirib”.
Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində də Kəşmir məsələsində Pakistan dövləti ilə həmrəylik sərgiləyib, onun haqq işini dəstəkləyib. Nümunə üçün qeyd edək ki, ümummilli lider 11 aprel 1996-cı il tarixində Pakistan Televiziyasına müsahibəsində bir daha Azərbaycanın Kəşmir problemi ilə bağlı mövqeini ifadə edib, açıq şəkildə Pakistan dövlətinə dəstək nümayiş etdirib: “Pakistan üçün çox mühüm olan Kəşmir problemi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildiribdir, yəni biz beynəlxalq təşkilatlarda, başqa lazımi səviyyələrdə Pakistanın bu barədə haqq-ədalət işini, Kəşmir problemi ilə əlaqədar olaraq onun mövqelərini daim müdafiə etmişik və bu gün də müdafiə edirik. Mən həm cənab prezidentlə görüşəndə, həm də hörmətli baş nazir ilə görüşəndə bu barədə öz bəyanatlarımı vermişəm. Kəşmirdə insan hüquqlarının pozulmasını biz qətiyyətlə pisləyirik və buna öz etirazımızı bildiririk”.
Prezident İlham Əliyevin 15 iyun 2023-cü il tarixində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə səsləndirdiyi fikirlər göstərdi ki, dövlətimiz bundan sonra da Kəşmir məsələsində qardaş Pakistan xalqına dəstək verməkdə davam edəcək.
Tarixi dostluqdan yeni hədəflərə doğru...
Hər iki dövlət rəhbərinin 15 iyun tarixində mətbuata verdiyi bəyanatlar göstərdi ki, yaxın gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi nəzərdə tutulur.
Əməkdaşlığın genişləndiriləcəyi sahələrdən biri də təhsil sektorudur. Qeyd edək ki, Prezident İlham Əliyev öz açıqlamasında Azərbaycadna daha çox pakistanlının təhsil almasını arzuladığını ifadə edib: “Biz bununla yanaşı, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər”.
Bir sözlə, baş nazir Şahbaz Şərifin ölkəmizə səfərinin Pakistan–Azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verəcəyi göz önündədir. Bu töhfə qardaş ölkələrin milli maraqlarının uğurla müdafiəsini təmin edəcək.
Seymur ƏLİYEV