ABŞ Avropada 150 nüvə raketi yerləşdirib

post-img

Beynəlxalq Nüvə Silahlarının Aradan Qaldırılması Şirkəti (ICAN) ABŞ-ın Avropadakı hava bazalarına gizli şəkildə 150 ​​nüvə başlığı yerləşdirdiyini bildirib.

Şirkətin siyasət və araşdırma koordinatoru Alisiya Sanders-Zakrenin sözlərinə görə, amerikalılar Türkiyə, Belçika, İtaliya, Almaniya və Hollandiyada nüvə bombaları yerləşdiriblər. Bu bəyanat BMT-də çalışan jurnalistlər üçün keçirilən brifinqdə verilib. Ekspert ABŞ-ın Ukraynaya nüvə silahı ötürməyəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, ABŞ-ın büdcəsinin nüvə silahına xərcləri nüvə qarşısının alınması qüvvələrinə malik olan səkkiz ölkənin ümumi xərclərini üstələyir və 43,7 milyard dollar təşkil edir.

2022-ci ildə nüvə silahlarına ayrılan vəsait 2021-ci il ilə müqayisədə 3 faiz artaraq 82,9 milyard dollara çatıb. ABŞ bu sahədə liderliyini davam etdirib və sözügedən sahəyə 43,7 milyard dollar xərcləyib. İkinci yerdə 11,7 milyard dollar vəsaitlə Çin, üçüncü yerdə isə Rusiya (9,6 milyard dollar) qərarlaşıb. Ayrılan maliyyə vəsaitində illik artımın həcminə görə Hindistan öndədir. Belə ki, bu ölkə ötən il nüvə silahlarına 21,7 faiz çox pul ayırıb. Ondan sonra gələn Böyük Britaniya isə bu məqsədlər üçün 11 faiz artıq vəsait ayırıb.

Hesabatda qeyd olunub ki, nüvə silahı istehsalçıları ötən il təqribən 16 milyard dollar məbləğində yeni kontraktlar imzalayıb, bunun qarşılığında isə ABŞ və Fransa hökumətlərinə lobbiçilik etmək məqsədilə 113 milyon dollar xərcləyib. Ümumilikdə, nüvə silahına malik ölkələrin 2040-cı ilədək bu şirkətlərlə 278,6 milyard dollarlıq kontraktları olduğu qeyd edilib.

Mətbuat konfransında çıxış edən ICAN-ın təmsilçisi qeyd edib ki, kütləvi qırğın silahlarına xərclənən pullar bir çox qlobal problemlərin həllinə yönəldilə bilərdi. O qeyd edib ki, nüvə silahlarının sayının artması heç də beynəlxalq təhlükəsizliyə töhfə vermir, əksinə, vəziyyəti daha da pisləşdirir. Eyni zamanda, Snayder diqqətə çatdırıb ki, indi maliyyə imkanları geniş olan bir çox sərmayəçi ölkələr bu silahları risk amili kimi qiymətləndirir və onlardan imtina edirlər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya