"Bloomberg": ABŞ və G7 ölkələri Rusiyaya ixraca qadağa qoyulmasını müzakirə edirlər

post-img

"Bloomberg"in məlumatına görə, Birləşmiş Ştatlar və Ukraynanın digər əsas müttəfiqləri Rusiyaya əksər ixracat məhsullarına qadağa qoymağı düşünürlər. Agentliyin məlumatına görə, rəsmilər bu ideyanı may ayında Yaponiyada keçiriləcək G7 liderlərinin sammiti ərəfəsində müzakirə edirlər.

Bloomberg-in məlumatına görə, "yeddilik" dövlətlərinin nümayəndələri sanksiya rejiminin yanaşmasının dəyişməsini müzakirə edirlər. Agentliyin həmsöhbətləri bildirirlər ki, indi olduğu kimi ayrı-ayrı malların ixracını qadağan etmək əvəzinə, ölkələr məhdud malların tədarükünə icazə verərək Rusiyaya bütün ixracatı qadağan etməyi planlaşdırırlar.

G7 liderləri qarşıdan gələn sammitdə ümumi ixrac qadağasının tətbiqi barədə razılığa gəlsələr, çox güman ki, Rusiyaya kənd təsərrüfatı məhsulları və dərman tədarükünə təsir göstərməyəcək. "Bloomberg" mənbələrindən biri belə hesab edir.

Agentlik qeyd edir ki, bu təşəbbüsü AB-də qəbul etmək üçün bütün üzv dövlətlərin razılığı lazımdır və Rusiyaya ixracını davam etdirən Avropa şirkətlərinin mümkün mənfi reaksiyasını nəzərə alaraq buna nail olmaq çox çətin olacaq.

"Bloomberg" bazar məlumatlarını təhlil edən "Trade Data Monitor" şirkətinə istinadən xəbər verir ki, Avropa, ABŞ, Kanada və Yaponiyadan Rusiyaya ümumi ixrac hələ də təxminən 66 milyard dollardır. Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq neft idxalı və texnologiya ixracı da daxil olmaqla 135 milyard avro dəyərində ticarət axınlarına təsir göstərir.

Aprelin 21-də Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketini müzakirə edəcəklər. "Financial Times" qəzetinin mənbələrinə görə, yeni sanksiyalar paketi qara siyahıların genişləndirilməsi və keçmiş məhdudiyyətlərdən yayınmağa qarşı tədbirlərlə məhdudlaşacaq. Əksər məmurlar etiraf edirlər ki, iqtisadiyyatın sanksiyalardan təsirlənməyən sektorları məhdudiyyətlərə məruz qalmayacaq, çünki birliyin bir və ya bir neçə dövləti onlardan asılıdır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya