Ermənistanın keçmiş baş naziri külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur

post-img

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan külli miqdarda çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham olunur. "Novosti-Armeniya" saytı ölkənin Baş Prokurorluğunun məlumatına əsasən xəbər verir.

Prokurorluq bildirir ki, 1995-ci ildən 2016-cı ilə qədər sabiq baş nazir müxtəlif vəzifələrdə (deputat, Artaşat meri, Ararat vilayətinin qubernatoru, ərazi idarəsi naziri, baş nazirin müavini, prezident administrasiyasının rəhbəri, parlamentin spikeri, baş nazir) işləyib.

Qeyd olunur ki, O.Abrahamyan 2008-2015-ci illərdə tikinti qumunun çıxarılması ilə məşğul olan “Avazaatik” şirkətinin idarə edilməsində qanuna-zidd iştirak edərək 230,4 milyon dram gəlir əldə edib. Əvvəllər o, vəzifə səlahiyyətlərindən istifadə edərək şirkətin 60 faizlik payını mənimsəyib.

Baş Prokurorluq bildirir ki, O.Abrahamyan sahibkarlıq fəaliyyətində qanunsuz iştirak nəticəsində əldə etdiyi yuxarıda göstərilən vəsaitləri leqallaşdırmaq məqsədi ilə həmin vəsaitlərdən, xüsusən də daşınmaz əmlak almaq üçün istifadə edib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya