Namanqanda gül festivalı

post-img

Özbəkistanın Namanqan şəhərindəki Zəhirəddin Məhəmməd Babur adına parkda “Namangan Flowers-2022” 61-cı beynəlxalq gül festivalı keçirilir.

Bayramda Özbəkistanın mədə­niyyət və turizm naziri Azadbek Na­zarbekov, Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn professional gülçülər, landşaft dizaynerləri, tanınmış floristlər və gül həvəskarları iştirak edirlər.

Festival güllərlə bəzədilən 200-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərin, motosikletlərin və kənd təsərrüfatı texnikasının para­dı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Nəqliyyat vasitələ­rinin bəzədilməsinə 25 milyon ədəd müxtəlif gül işlədilib.

Maşınların paradını şəhər sakinlə­ri və qonaqlar alqışlarla qarşılayıblar. Bildirilib ki, gül bayramında 2,5 milyon turistin iştirak edəcəyi gözlənilir. Tədbir iyunun 4-dək davam edəcək.

 

Qulu KƏNGƏRLİ

Namanqan

Sosial həyat