Dünya şöhrətli Qarabağ atları…

post-img

Azərbaycanın əlverişli iqlim şəra­iti atçılığın yaranması və inkişafı üçün əlverişlidir. Hələ qədimdən xalq seleksiyası və sonralar bəzi safqanlı atların qanının qarış­dırılması nəticəsində Qarabağ, Dilboz atları, Quba yorğası və Şirvan at cinsləri yaradılıb. Xüsu­silə Qarabağ atları dünyada daha məşhurdur, daha çox tanınır. Bu atlarla ilk tanışlığım isə çox-çox illər bundan əvvəl Bakı Döv­lət Cıdır Meydanında keçirilən yarışlarda olub. Qarabağ atlarını görəndə çox təəccüblənmişdim. Mən onları ucaboy, dolubədənli, kürən, boz və ağ rənglərdə təsəv­vür edirdim. Gördüklərim isə təsəvvür etdiyimdən tamamilə fərqli idi: ortaboylu, zərif, incə bədən quruluşlu, gözəl ekster­yerli, qızılı-kürən və kəhər rəngli.

İkinci dəfə isə Qarabağ Atçılıq Komp­leksində olarkən onları yaxından izləmək şansı qazandım. Burada bildirildi ki, dağ otlaqlarında sürülərdə yetişdirilən bu at­ların boyu 147-154 santimetr arasında dəyişir. Olduqca zərif, güclü ayaqlara, möhkəm əzələli bədən quruluşuna, nazik və quru dəriyə sahibdirlər. Onların yalı və quyruğu tünd şabalıdı rəngdə, döş qəfəsi isə enli olur.

Qarabağ atlarının cins kimi təkmilləş­dirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodla­rının əvəzsiz rolu olub. Bu zavodlarda damazlıq işləri aparılıb, cins atlar yetiş­dirilib. Ən böyük atçılıq zavodları isə İb­rahim Xəlil xana aid olub. O, ildə iki dəfə Şuşanın Cıdır düzü yaylağında atçapar­lar arasında yarışlar təşkil edib. Bu yarış­larda qaliblərə qiymətli hədiyyələr verilib, ən yaxşı ayğırlar seçilib. Həmin vaxtlar heç bir xalq gəzintisi və saray şənliyi, adi yarışlar belə at sürmə və idman oyunları olmadan keçirilməyib. Qarabağ atları hə­min dövrdə Qafqazda çox məşhur idi.

Avropa və Rusiyaya aparılan Qa­rabağ atları həm də ordu üçün alınırdı. Həmin dövrdə Çar Rusiyasının Qafqaz süvari ordusundakı atların əksər hissəsi Qarabağ atlarından ibarət idi. İngilislər isə Qarabağ atlarını öz süvariləri üçün alıb gəmilərdə Hindistana göndərirdilər. Bu kütləvi hal aldığından, sonda at ixra­cı qadağan edildi. Bəs Qarabağ atlarına marağın səbəbi nə idi? Bu, ilk növbədə, onların dağ şəraitində rəqabət qabiliyyətli olmasından irəli gəlirdi. Dağ şəraitinə Av­ropa cins atları dözə bilmir, tez sıradan çıxırdılar. 

Qarabağ atlarının dünyada şöhrət qazanmasına bir çox beynəlxalq sərgilər­də təmsil olunaraq uğurlu nəticələr qa­zanmaları da təsir edirdi. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natə­vanın “Əlyetməz” adlı atı isə attestata la­yiq görülmüşdü. 

Bu, necə deyərlər, medalın görünən tərəfi idi. Onun arxa tərəfində isə Qara­bağ atlarının acı taleyinin başlanğıcı, sönməkdə olan şöhrəti vardı. Çünki XIX əsrdə Qarabağın seçmə atları Rusiya, İngiltərə, İran və digər dövlətlərə aparıl­dı, хüsusilə madyanların satılması nəti­cəsində cins keyfiyyəti zəiflədildi. Bunlar Qarabağ atlarına yeni yanaşmanı, cinsin reabilitasiyasını ön plana çəkdi. Odur ki, atların cins keyfiyyətinin qorunması və yaхşılaşdırılması məqsədilə ХIХ əs­rin 70-ci illərində Qarabağda Yelizavet­pol atçılıq zavodu yaradıldı, lakin zavod səmərəli fəaliyyət göstərə bilmədi. 1883-cü ildə Qafqazda damazlıq təsərrüfatları ləğv edildi, madyanlar və ayğırlar hərraca çıxarılıb satıldı. Sonuncu Xanın damaz­lığı, bəzi məlumatlara görə, 1905-ci ildə fəaliyyətini dayandırdı.

Bəs, birdən-birə kəskin dəyişikliyə səbəb nə idi? Bu, əvvəla dövlət tərəfin­dən atçılıq zavodlarına dəstəyin dayandı­rılması, ikincisi, Qarabağ atlarının süvari xidmətinə yararsız olması barədə yayılan söz-söhbətlərlə bağlı idi. 1883-cü ildə Zaqafqaziya dəmir yolunun Bakı–Yeli­zavetpol–Tiflis hissəsinin açılması, avto­mobillərin peyda olması da təsirsiz ötüş­mədi. Bundan sonra baş verən inqilablar, müharibələr Qarabağ atlarını arxa plana keçirdi. Onlar unudulmaq, yox olmaq, nəsli tükənmək təhlükəsi ilə üzləşdi.

Qarabağ atlarının ən ağır günləri isə 1993-cü ildən başlayıb. Ermənilər Qara­bağ atlarını ələ keçirmək və onlara sahib çıxmaq istəyirdilər. Lakin Ağdam rayonu­nun işğalından bir neçə gün əvvəl Qara­bağ atları döyüş bölgəsindən çıхarılaraq müxtəlif ərazilərə aparıldı. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq əra­zisinə köçürüldü. 

Beləliklə, Azərbaycanın milli sərvə­ti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşamağa məcbur oldu. Onların saxla­nıldığı yerlərin heç birinin torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yeri olan Ağdamın əvəzini verə bilmədi. İllərlə köhnə, uçuq-salxaq tövlələrdə saxlanıldı, fərdi qulluq edilməsi, təlim keçilməsi, cı­dıra hazırlanması üçün əlverişli şərait ol­madı. Bunlar isə öz mənfi təsirini göstər­di. Amma bütün çətinliklərə baxmayaraq, onları bu günədək qoruyub saxlamaq mümkün oldu. 

Dövlət tərəfindən Azərbaycan atları­nın şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edil­məsi üçün 2014-cü ildən Qarabağ Atçı­lıq kompleksinin tikintisinə başlanıldı və kompleks 2018-ci ildə istifadəyə verildi. Hazırda kompleksdə 300-ə yaxln at sax­lanılır. 

Qarabağ Atçılıq Kompleksinin direk­toru Elman Qədirov bildirir ki, artıq Qara­bağ atlarının nəslinin yoxolma təhlükəsi sovuşub. “Mən 2021-ci ilin aprelindən burada direktor kimi şalışıram. Biz komp­leksə şəxsi adamlardan 9 baş erkək at gətirmişik. Onların şəcərəsi Xan qızının atcılıq zavodunadək gedib çıxır. Şəxsi adamlardan müəyyən şərtlərlə madyan­lar da gətirmişik ki, cinsin tələblərə tam uyğun gələn balalarından kompleksdə saxlayaq, onların sayını artıraq. Niyə madyanların sayını artırırıq? Çünki nə qədər çox bala olarsa, onların arasından cinsinin tələblərinə uyğun bala seçmək imkanı daha çox olur. Bunu təmin etdik­dən sonra bizim artıq Qarabağ atları ilə bağlı qorxumuz olmayacaq. Erkək atlarla bağlı problemlərimiz də həll olunmaq üz­rədir. Göygol rayonunda süni mayalanma mərkəsi var. Artıq cins atlardan süni vagi­na vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri mərkəzin müasir laborato­riyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq…”

Elman Qədirov şəxsi adamlardan at­ların cəlb edilməsinə də aydınlıq gətirdi: “Ötən müddət ərzində o qədər qohum cütləşmələri olub ki, bu da cinsin keyfiy­yətinə mənfi təsir göstərib. Ona görə də, məcbur olub atları kənardan gətirdik ki, heç olmasa qohumluq üçüncü nəsildən o tərəfə düşsün.

Elman Qəribov deyir ki, Ağcabədidə Qarabağ atlarının inkişafı üçün gözəl şərait yaradılsa da, bura onlar üçün çox istidir. Bu atların məskəni Ağdamın Ey­vazxanbəyli kəndidir, dağlıq, dağ ətəyi ərazilərdir. Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək. Artıq Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Yaxın vaxtlarda komplek­sinin tikintisinə başlanılacaq. 

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat