Laçın tezliklə öz doğmalarını qarşılayacaq

post-img

Azərbaycan tarixində 2020-ci il möhtəşəm uğurla yadda qaldı, Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirərək parlaq qələbə qazandı, torpaqlarımızı yağı tapdağından azad etdi. Bu məğlubiyyət nəticəsində işğalçı Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və 3 rayonumuz bir güllə belə atılmadan, bir şəhid belə verilmədən siyasi yolla geri qaytarıldı. Beləliklə, Ermənistanın 30 il çəkən işğalçılıq siyasətinə son qoyuldu, torpaqlarımızı işğalçıdan təmizləmək missisiyası şərəflə yerinə yetirildi. 

Dövlətimizin başçısı İlham Əliyev mar­tın 18-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayən­dəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bütün bunlar barədə ətraflı da­nışaraq Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonunun da ələ keçirildiyini qeyd etdi: “Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışır­dı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edir­dilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şans­lar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu...”. 

Dövlətimizin başçısı daha sonra sözlə­rinə əlavə edərək, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsinin Azərbay­canda çox ciddi siyasi böhrana səbəb olduğunu, belə bir fürsətdən yararlanan AXC-Müsavat xəyanətkar cütlüyünün hakimiyyəti qanunsuz yollarla ələ keçirdi­yini, bunun isə daha böyük faciələrə yol açdığını xatırlatdı. Prezident İlham Əli­yev, həmçinin vurğulanan hadisədən bir il keçməmiş–1993-cü ilin aprelində Kəlbə­cərin işğal altına düşdüyünü və beləliklə, ovaxtkı – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldığını, nəhayət, mövcud şəraitin Birinci Qarabağ müha­ribəsindəki məğlubiyyəti şərtləndirdiyini qeyd etdi. 

Lakin ölkə Prezidenti, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə Laçın həm döyüş meydanında, həm də siyasi yollar­la qaytarıldı. İkinci Qarabağ müharibəsi dövründə rayonun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və ordumuz fak­tiki olaraq Laçın rayonunun cənub hissə­sini qəhrəmanlıqla düşməndən təmizlədi. Silahlı Qüvvələrimiz tərəfindən Güləbird və digər bir neçə kənd döyüş meydanın­da azad edilərək Laçın-Xankəndi yoluna çıxıldı. Məhz bu əməliyyat, eyni zaman­da, Şuşa şəhərinin erməni işğalçıların­dan azad edilməsi Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənis­tan rəhbərliyi öz məğlubiyyətini qəbul et­məyə məcbur oldu və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı işğalçı tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi isə siyasi yolla azad olundu. Dövlətimizin başçısının vurğuladığı kimi, bu, Azərbay­canın böyük tarixi Zəfəri idi. 

Dövlətimizin başçısı İlham Əliyev sö­zügedən çıxışında xalqımızın Vətən mü­haribəsi günlərində, həmçinin hazırda milli vəhdət, vahid ideya uğrunda birləşdi­yini də diqqətə çatdırdı. Ölkə rəhbəri, eyni zamanda, Laçının ölkəmizin ən böyük ra­yonlarından biri kimi çox böyük potensiala malik olduğunu, bu coğrafiyaya qayıda­caq keçmiş məcburi köçkünlərin bundan sonra belə bir yaşayış məskənində rahat yaşayacaqlarını əminliklə vurğuladı: “La­çın rayonu 28 il işğal altında idi və bu iş­ğal dövründə rayonun, demək olar ki, bü­tün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fon­dumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur”.

Burada bir məsələni də xatırlatmaq istərdik. Belə ki, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən genişmiqyaslı tikinti, bər­pa-quruculuq layihələri sırasında Ermə­nistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yol cəmi bir il ərzində inşa edildi və Rusiya sülh­məramlılarının həmin yol ətrafında qərar­laşması reallaşdı. Təbii ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşdırılan ermənilər də həmin ya­şayış məntəqələrindən tamamilə çıxarıldı. 

Dövlətimizin başçısı çıxışlarının bi­rində ermənilərin yuxarıda adı çəkilən o ərazilərdə yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qay­daları ilə ziddiyyət təşkil etdiyini vurğula­yıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zaman­larda öz doğma yerlərinə qayıdacaq”.

Dövlətimizin başçısının çıxışında bildi­rildiyi kimi, artıq iki ildən çoxdur ki, Laçı­nın yenidən bərpası ilə bağlı işlər aparılır. Rayonda beynəlxalq hava limanı inşa edi­lir. Aeroportun gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində istismara verilə­cəyi nəzərdə tutulur.

Hazırda Kəlbəcər-Laçın yolunun yeni­dən qurulması prosesi də sürətlə aparılır. Kəlbəcər və Laçın rayonlarında ən çox tu­nellər məhz o bölgədədir. Beləliklə, Göy­göl rayonundan da Şərqi Zəngəzura yol açılır. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan reallaşdırılır. Birinci mərhələdə burada 500-ə yaxın fər­di ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yeni­dən qurulur, ya da ki, tamamilə əsaslı tə­mir olunur və 30-dan çox ictimai bina tikilir. 

Bütün bunlarla yanaşı, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin yerləşdiriləcəyi nəzərdə tutulub. Güləbird və Qorçu kəndlərinin Baş planı da təsdiqlənib. Birinci mərhələdə Gülə­bird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşdirilməsi planlaşdırılıb.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

Sosial həyat