Dövrünün ən gözəl Karmeni

post-img

Bir neçə gün əvvəl paytaxtın Heydər Əliyev Mərkəzindəki bayram tədbirində milli operamıza həsr olunan sərgi Şərqdə ilk dəfə səhnəyə çıxmış qadın ifaçılar haqqında ətraflı məlumatları ilə yadda qaldı. Ekspozisiyada ön yeri o, tuturdu: Fatma Muxtarova. Ünlü sənətkarın çeşidli rollardakı kostyumlarının sərgidə nümayiş etdirilməsi də maraqla qarşılandı. 

Bu il 115 yaşı qeyd edilən Azərbay­can peşəkar operasının ilk qadın təmsil­çisi Fatma Muxtarovanın gözəl və güc­lü səsi (mezzo-soprano) olub. 1893-cü il martın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş Fatmanın ailəsi az sonra Rusiyaya köçüb. Opera­mız Bakıda ilk addımlarını atan zaman o, Saratov şəhərinin küçələrində şar­manka və qarmonla mahnılar oxuyub, kasıb ailəsi üçün pul qazanıb.

...Qəddar atalığı onu küçəyə dilən­məyə göndərmişdi. Qərib, soyuq şəhər­də uzun-uzadı veyilləndi. Lakin kimsəyə əl aça bilmədi. Küləkdən daldalanmaq üçün həyətlərdən birinə girdi. Vaxtsız ölmüş doğma atasını, onun özü ilə apar­dığı yaxşı günləri xatırladı və yana-ya­na oxumağa başladı. Pəncərələr açıl­dı. Adamlar ona – nimdaş geyimli qıza maraqla baxır, gümüş pullar atırdılar. İlk “konsert”indən sonra səsi bərk xırıldadı, amma evə şən və qürurla qayıtdı. 

Təsəvvür edirsinizmi, illər sonra dünyaya səs salacaq, Azərbaycanın Xalq artisti olacaq cənublu gözəl Sara­tovda küçə müğənnisi “Katya Muxtaro­va” kimi tanınıb. 1913-cü ildə – 20 ya­şında ikən təsadüfən Bakıda qastrolda da olub. O zaman “Kaspi” qəzeti yazırdı ki, Pavoljyedə məşhur olan xalq mü­ğənniləri Muxtarova, Anikina və Kamil Mutıqi Tuxvatullin Azərbaycana gəlib və konsert veriblər. 

Fatma xanımın Bakı operasına bir­yolluq gəlişi düz 95 il əvvələ təsadüf edib. Buna qədər isə Saratov Konserva­toriyasını bitirib, Moskva, Sankt-Peter­burq, Saratov, Kiyev, Xarkov, Odessa, Tbilisi şəhərlərinin opera teatrlarında oxuyub. “Yudif”də Oloferninin, “Qara­toxmaq qadın”da Polinanın, “Mazepa”­da Lyubovun, “Çereviçki”də Saloxanın, “Qar qızı”nda Baharın, “Çar gəlini”ndə Lyubaşanın, “Xovanşina”da Marfanın, “Faust”da Zibelin,”Trubadur”da Azuçe­nanın partiyalarını məharətlə ifa edib. 

Lakin o, lap gənclik illərindən Azər­baycan səhnəsində çıxış etməyi ar­zulayıb. 1923-cü ildə milli peşəkar teatrımızın 50 illiyi ilə bağlı göndərdiyi təbrik məktubunda belə yazırdı: “Gənc Azərbaycan teatrına rus opera səhnə­sindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə ya­şayıram...”.

Fatma Muxtarova Bakıya köçdük­dən sonra burada Jorj Bizenin “Kar­men” operasında səhnəyə çıxıb. İri qara gözlü bu xanımın özünəməxsus ifası tamaşa boyu elə hey alqışlanıb. Həmin vaxt seyrçilər arasında olan ta­nınmış rus rəssamı İsaak Brodski bən­zərsiz sənətçini dünyanın ən gözəl Kar­meni kimi dəyərləndirib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli gürcü opera rejissoru Mixail Kvaliaşvili, Ağa­baba Bünyadzadə və başqaları da onun haqqında ən yüksək fikirlər söyləyiblər.

Sonra daimi yaşamaq üçün Bakıya köçən Fatma Muxtarova 1928–1953-cü illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub və Xalq artisti (1940) fəxri adına layiq görülüb. Müxtəlif opera teatrlarının səh­nəsində Fyodor Şalyapin, Bülbül, Ser­gey Lemeşev və digər klassik ifaçılarla birgə çıxışlar edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm ifaları sənətsevərlərin könlünü oxşayıb. 

Təəssüf ki, 60 yaşının tamamında o, təqaüdə göndərilərək, operadan ömür­lük incik salınıb. Fatma xanım 1972-ci ildə Bakıda vəfat edib.

Parlaq obrazlar yaradan Fatma Muxtarova, bax, beləcə, tamaşaçıların yaddaşında əbədi iz salıb. Ruhu şad olsun! 

 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat